22 Dekabr 2024, Bazar

Son illərdə ölkəmizdə, eyni zamanda muxtar respublikamızda sosial-iqtisadi sahədə qazanılan çoxsaylı uğurlar, iqtisadiyyatın dinamik inkişafı mühüm islahatların həyata keçirilməsi ilə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi dövlət proqramları, digər sahələrdə olduğu kimi, aqrar sahədə də müsbət nəticələrin əldə edilməsi ilə nəticələnmişdir.

Naxçıvan Muxtar Respublikası aqrar region olduğundan kənd təsərrüfatının, xüsusilə əkinçiliyin inkişaf etdirilməsi bu sahədə zəruri tələblərin yerinə yetirilməsini qarşıya məqsəd qoyur. Yaradılmasının 10-cu ili tamam olan Kəngərli rayonunda da aqrar sahədə görülən işlər torpaqlardan səmərəli istifadə olunmasına şərait yaratmaqla bərabər, torpaq mülkiyyətçilərinin də qarşısında geniş imkanlar açır.

25 may 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisin­də keçirilmiş “Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr” barədə müşavirədə Ali Məclisin Sədri torpaqların tərkibinin öyrənilməsi və əkin sahələrinin rayonlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir. Həmin tapşırıqların icrası istiqamətində Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon Şöbəsi tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonda əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birlikdə rayonun əkin atlası hazırlanmışdır. Hər bir bələdiyyə ərazisi üzrə torpaqların kartoqrama xəritələri, həmçinin ərazidə yayılmış torpaq tipləri və növ xəstəlikləri üzrə torpaq xəritələri tərtib edilmişdir. Kartoqrama xəritələrinin hazırlanması üçün şöbə tərəfindən hər bir bələdiyyə ərazisi üzrə bütün mülkiyyət növləri müəyyənləşdirilərək işçi planlar hazırlanmış və həmin planlar əsasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyası tərəfindən yerlərdən torpaq nümunələri gö­türülərək analizlər aparılmışdır. Aparılmış torpaq analizlərinin yekunu olaraq kartoqrama cədvəlləri hazırlanmışdır. Torpaq xəritələri isə əvvəllər aparılmış tədqiqatlar nəticəsində tərtib olunmuş rayon torpaq xəritələrinin bazası əsasında elektron kadastr xəritələri üzərində hazırlanmışdır. Məlumat üçün qeyd edək ki, Kəngərli rayonu ərazisinin dağlıq və dağətəyi maili düzənliklərdən ibarət olması burada torpaq-iqlim müxtəlifliyi nəzərə alınmaqla kənd təsərrüfatı bitkiləri əkinlərinin ixtisaslaşdırılması zərurətini ortaya qoyur. Rayonun düzənlik zonasında, əsasən, boz, boz-gəcli, boz-qonur torpaqlar, qismən ibtidaidən suvarılan açıq-qəhvəyi torpaqlar, Arazboyu və Duzdağ ətrafında şoran və şorakət torpaqlar mövcuddur. Aparılan araşdırmalara görə, həmin ərazilərdə əkin aparılması üçün aqrotexniki qaydalara uyğun olaraq üzvi və mineral gübrələrdən istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda rayonun düzənlik ərazilərində taxılçılıq, kartofçuluq, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının becərilməsi üçün münbit şərait vardır. Elə bu şəraitdən istifadə olunaraq rayon ərazisində ötən il kənd təsərrüfatı istehsalçıları tərəfindən 3869 hektar taxıl sahələrindən 10 min 901 ton məhsul əldə edilmişdir ki, bu da hər hektarın məhsuldarlığının 28,2 sentner olduğunu göstərir. Bundan əlavə, daxili bazarın yerli tərəvəz məhsulları ilə təmin olunması da diqqət mərkəzində saxlanılmış, 290 hektar sahədən 3526 ton tərəvəz tədarük edilmişdir. Sаhibkаrlаrа güzəştli şərtlərlə krеdit və аvаdаnlıqlаrın vеrilməsi nəticəsində kartofçuluğun da inkişafına maraq xeyli artmışdır. Ötən il 213 hektar sahədə kartof əkini aparılmışdır ki, həmin sahələrdən 2839 ton məhsul əldə olunmuşdur. Torpaqlardan səmərəli istifadə olunması, eyni zamanda aparılan torpaq analizləri zamanı əldə edilən məlumatların torpaq mülkiyyətçiləri ilə bölüşdürülməsi şöbə tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Bu gün torpaqlardan səmərəli istifadə olunmasında mühüm şərtlərdən biri də meliorasiya və irriqasiya tədbirlərinin düzgün təşkilidir. Bildiyimiz kimi, son illərdə muxtar respublikamızda bu sahədə xeyli irəliləyişə nail olunmuşdur. Kəngərli rayonunda da əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”na əsasən, Kəngərli rayonunda Böyükdüz-Xok suvarma xətlərinin yenilənməsi başa çatdırılmış, 1000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Hazırda dövlətimizin qayğısı sayəsində “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Rayonun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzun­oba Su Anbarından 32,4 kilometr uzunluğunda 720 millimetrlik qoşa boru xətti çəkilir. İşlər tamamlandıqdan sonra rayonda əlavə 4 min hektar yeni torpaq sahəsini də əkib-becərmək mümkün olacaq. Bu qədər torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi həm torpaq mülkiyyətçilərinin işlə təmin olunması, həm də məhsul bolluğunun yaradılması baxımından rayon zəhmətkeşlərinə əlavə imkanlar verəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” ilə də bağlı Kəngərli rayonunda mühüm işlər görülür. Görülmüş işlərin nəticəsidir ki, indi rayonda 158 hektar meyvə bağı var ki, bunun da 19 hektarını üzüm bağları təşkil edir. Yeri gəlmişkən, qeyd edək ki, təsərrüfatçılara yaradılan imkanlardan biri də rayonda 300 ton tutumu olan soyuducu anbarın mövcudluğudur ki, təsərrüfat sahibləri də bundan yetərincə yararlana bilirlər.
Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon Şöbəsinin qarşısında duran əsas vəzifələrdən biri də torpaqların münbitliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə şöbə tərəfindən rayonun Xok kəndində 561 hektar, Böyükdüz kəndində 556 hektar torpaq sahəsinin şoranlaşmaya məruz qaldığı, 124 hektar sahənin isə tam şoranlaşdığı aşkarlanmışdır. Doğrudur, həmin ərazilərdə məhsuldarlığın aşağı olmasına baxmayaraq, qismən taxıl əkinləri aparılır. Ancaq qeyd edilən ərazilərdə yaxın gələcəkdə meliorativ tədbirlərin aparılması bu torpaq sahələrinin də əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcək.

Bəli, muxtar respublikamızın ən gənc rayonu olan Kəngərli rayonu həyata keçirilən aqrar tədbirlər nəticəsində ildən-ilə kənd təsərrüfatının artan templə inkişaf edən bölgələrdən birinə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış müvafiq sərəncam və təsdiq edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası rayonun sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində də öz sözünü deməkdədir.

Rəhim ABTALIBOV
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Kəngərli Rayon Şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR