Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ötən ilk 4 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 37 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.
Məlumatda o da bildirilir ki, həyata keçirilən operativ tədbirlər zamanı 8 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 12 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanmışdır.
Operativ vergi nəzarəti tədbirləri 6 vergi odəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 6 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olmaları, 1 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları müəyyən edilmişdir.
Keçirilən nəzarət tədbirləri zamanı 4 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları da aşkarlanmış və həmin şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür. Həmin şəxslərdən 3-nün fəaliyyəti şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə sərnişindaşıma xidməti, 1 şəxsin fəaliyyəti isə səyyar qaydada qanunsuz olaraq ticarət fəaliyyəti göstərmələri olmuşdur.
Aparılan operativ nəzarət işləri zamanı tətbiq edilmiş 3400,0 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilmişdir.
Qeyd olunan dövr ərzində 27 obyektdə nəzarət-kassa aparatları quraşdırılmışdır.
2014-cü ilin qeyd olunan dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 11 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılmış və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 16850,2 manat dövriyyə artımına nail olunmuşdur. Bu da hər bir vergi odəyicisinə məxsus obyekt üzrə orta hesabla 30,6 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.
Əlavə olaraq, görülən tədbirlər nəticəsində 2014-cü ilin ilk 4 ayı ərzində bank orqanları tərəfindən ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarda qoyulmuş 331 ədəd POS-terminalın vergi orqanlarında qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Bu işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda böyük obyektlərin əksəriyyətində POS-terminalların tətbiqinə nail olunacaq.
Muxtar MƏMMƏDOV