Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətilə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir.
Duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 12 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə satışa çıxarılır.
86 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal müəssisələrinə gətirilir. Hər birində 2 istehsal sexinin fəaliyyət göstərdiyi müəssisələrdə daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb hər ton duzun tərkibinə 80 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir. İstehsal olunan məhsulun taraları üzərində yod çatışmazlığının fəsadları ilə əlaqədar məlumat, duzun tərkibi, istehsal tarixi və yararlılıq müddəti göstərilir.
Daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin etmək əzmilə çalışan kollektiv ötən il 6603,7 ton daşduz və 3194,3 ton üyüdülmüş duz istehsal etmişdir. Müəssisə tərəfindən 2124,4 ton daşduz və 3050,5 ton üyüdülmüş duz satılmışdır. Ümumilikdə, ötən il 9798 ton duz istehsal edilmiş və 5174,9 ton duz satılmışdır ki, bu da əvvəlki illə müqayisədə çoxdur. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılmışdır. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Eyni zamanda bu qiymətli təbii sərvətin xarici bazarlara çıxarılması da diqqət mərkəzində saxlanılmış, Gürcüstan Respublikasında satışı təmin olunmuşdur. Gələcəkdə Naxçıvan duzunun digər xarici dövlətlərə ixrac olunması planlaşdırılır.
Kərəm HƏSƏNOV