Muxtar respublikamızda 2012-ci ildə bu sahədə yüksək göstəricilərə nail olunub
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkə iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini qeyd edərək demişdir: “Kənd təsərrüfatının inkişafına maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı bölgələrində yaşayır”.
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş aqrar siyasət Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına etibarlı zəmin yaratmışdır. Öz torpağının əsl sahibinə çevrilən dünənki kənd adamı bu günün sahibkarı, fermeridir. Çünki ötən dövr ərzində aqrar bölmənin inkişafına qayğı davamlı xarakter almış, bu sahədə yüksək nəticələr qazanılmışdır. 2012-ci ilin bu sahə üzrə göstəriciləri belə deməyə əsas verir ki, bu gün daxili bazarın yerli istehsal məhsulları ilə təminatı prioritet vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu həllinin vacibliyini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında inkişafın təmin edilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, gəlirlərin həcminin artırılmasında, rifah halının yaxşılaşdırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir”.
Kənd təsərrüfatında 2012-ci ilin göstəricilərini bir-biri ilə sıx bağlı olan bir neçə istiqamət üzrə ümumiləşdirmək olar. “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” aqrar sahə ilə bağlı nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində başlıca istiqamətlərdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, ötən ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin aparılmışdır. Bunun 34 min 965 hektarını taxıl təşkil etmişdir. Bu sahə ilə məşğul olanlar onlar üçün müəyyən edilmiş yardımlarla, yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunmuşlar. Taxıl sahələrindən 101 min 848 ton məhsul toplanılmışdır.
Əkinçiliyin digər sahələrində də yüksək nəticələrə nail olunmuşdur. Bu cəhətdən kartofçuluqda qazanılan nailiyyətlər də ilin uğurlu nəticəsi sayıla bilər. Belə ki, başa çatmış təsərrüfat ilində 2831 hektar sahədə kartof əkini aparılmış, 39 min tondan çox məhsul tədarük edilmişdir. Bu sözləri bostan, dənli-paxlalı bitkilərin əkininə də aid etmək olar. Qazanılan uğurların təməlində, təbii ki, böyük dövlət qayğısı dayanıb. Müxtəlif yardımlarla təchizat diqqət mərkəzində saxlanılmış, 5450 torpaq mülkiyyətçisinə 3850 ton və ya 1 milyon 460 min manatlıq mineral gübrə yardım kimi verilmişdir. Aqrotexniki tədbirlərə də əməl olunmuş, 5080 hektar sahədə gəmiricilərə, 2003 hektar sahədə kartof böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə torpaq mülkiyyətçilərinə pulsuz preparatlar paylanılmışdır.
Qeyd edək ki, kənd adamlarına böyük qayğının ifadəsi kimi kreditlərin verilməsi ötən il də davam etdirilmişdir. Belə ki, kənd təsərrüfatının müxtəlif sahələri üçün ötən ilin yanvar-sentyabr aylarında bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 56 milyon manatdan artıq həcmdə kreditlər verilmişdir.
Ötən dövr ərzində iki, üç və dörd tarlalı növbəli əkin sistemindən istifadə davam etdirilmişdir. Həmçinin kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi barədə tövsiyələr hazırlanmış, torpaq mülkiyyətçilərinə çatdırılmışdır. Onlara metodik köməklik göstərilmiş, maarifləndirici tədbirlərə geniş yer verilmişdir.
Qeyd edək ki, muxtar respublikada yağ verən bitkilərin yetişdirilməsi və onların iqtisadi səmərəliliyinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmış, günəbaxan və qarğıdalı bitkilərinin əkin sahələri əvvəlki illərlə müqayisədə xeyli artırılmış, qarğıdalı əkin sahələri 845, dən üçün günəbaxan əkininin sahəsi 256 hektara çatdırılmışdır. Bu sahənin stimullaşdırılması üçün özəl şirkətlər tərəfindən istehsal olunan məhsulların alınaraq qablaşdırılması və bazara çıxarılması təmin edilmiş və bu sahədə işlər davam etdirilməkdədir.
Muxtar respublikamızda tarixən dadlı-tamlı meyvələr yetişdirilmiş, torpaqla təmasda olan insanlar tərəvəzçilikdə zəngin təcrübə qazanmışlar. Regionumuzda yetişdirilən bu məhsullar muxtar respublikadan kənarda da özünə xeyli alıcı toplamışdır. Meyvələrimiz müxtəlif ölkələrdə təşkil olunan sərgilərə çıxarılmış, yüksək mükafatlara layiq görülmüşdür. Qədim diyarda respublikamızın heç bir yerində rast gəlinməyən meyvə sortları mövcud olmuşdur. Son illər muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinə başlanılmışdır. Regionun torpaq-iqlim şəraitinə asan uyğunlaşan meyvə sortlarının yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət daşıdığından bu iş diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ildə torpaqların fiziki-kimyəvi və mexaniki tərkibinin öyrənilməsi istiqamətində torpaq-tədqiqat işləri davam etdirilmişdir. Muxtar respublikanın 4 rayonunun 20 kəndində 8651,2 hektar torpaq sahəsində tədqiqatlar aparılmış, 2985 ədəd torpaq nümunəsi götürülmüşdür.
37 nəfər torpaq mülkiyyətçisinin müraciəti əsasında öhdələrində olan 138,5 hektar meyvə-tərəvəz sahəsindən, ümumilikdə, 51 nümunə götürülmüş, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, Ordubad rayonunda meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi istiqamətində təhlillər aparılmışdır. Rayon üzrə 183,36 hektar torpaq sahəsi yeni əkin dövriyyəsinə daxil edilməklə bu torpaqlarda meyvə bağlarının salınması və tərəvəz əkini keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Ötən il sahibkarlar tərəfindən Şahbuz rayonunda 30,5, Ordubad rayonunda 7, Culfa rayonunda 19, Babək rayonunda 30,5 hektar meyvə bağları salınmışdır.
Meyvə bağlarının bərpası və yenilərinin salınması, meyvə ixracının təşviq edilməsi işindəki kolleksiya meyvə bağında genetik fondun zənginləşdirilməsi istiqamətində təqribən 154 meyvə sortu toplanmışdır. “Araz” Elm İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində də xeyli iş görülmüş, əriyin babaxan, payızı, hilali, şaftalının alanari, sarı güştü, gavalının Nüsnüs, quşalısı, payız sortları üzərində tədqiqatlar aparılmış, uğurlu nəticələrə nail olunmuşdur. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 192,3 hektar meyvə bağı salınmışdır. Barverən meyvə bağlarından 42 min ton meyvə tədarük edilmişdir.
Üzümçülük kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Ona görə də muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun yaradılan texniki və süfrə üzüm sortlarının genefondunun qorunması günün vacib məsələlərindəndir. Ötən il bu istiqamətdə bir sıra tədbirlər görülmüş, qiymətli sortlar seçilərək əkilməsi tövsiyə olunmuşdur. “Araz” Elm İstehsalat Birliyinin həyətyanı sahəsindəki 0,1 hektar kolleksiya üzüm bağında və Şərur dayaq məntəqəsindəki 0,2 hektar üzüm bağında elmi-tədqiqat və süfrə üzümü sortlarının artırılması, muxtar respublikanın bütün rayonlarında yeni üzüm bağları salınması işləri davam etdirilmişdir. Onu da qeyd edək ki, il ərzində barverən üzüm bağlarından 14 min tondan çox üzüm toplanılmışdır.
Təsərrüfat ilində muxtar respublikada 6093 hektar sahədə tərəvəz əkini keçirilmiş, sahələrdən 65 min tondan çox məhsul götürülmüşdür. Qeyd edək ki, hazırda muxtar respublikanın rayonlarında ümumi sahəsi 30 min kvadratmetr olan müasirtipli 8 istixana kompleksi fəaliyyət göstərir. Bundan başqa, həyətyanı sahələrdə də kiçikhəcmli istixanalarda tərəvəz məhsulları yetişdirilir. Yetişdirilən məhsulların ekoloji cəhətdən təmiz olması diqqət mərkəzində saxlanılır, bu məhsullardan qış mövsümündə də istifadə edilməsi üçün tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də bir neçə ildir ki, soyuducu anbarların tikilib istifadəyə verilməsidir. 2012-ci ildə daha bir soyuducu anbar fəaliyyətə başlamışdır.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında heyvandarlığın inkişafı da mühüm çəkiyə malikdir. Başa vurduğumuz ildə bu sahə də unudulmamış, hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Bu sırada ilk olaraq cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsinin və aqrofermaların yaradılmasının dəstəklənməsini qeyd etmək lazımdır. Belə komplekslərin inkişaf etdirilməsi məqsədilə muxtar respublikaya ötən il 321 baş cins mal gətirilmiş və lizinq yolu ilə satılmışdır. Beləliklə, regiona gətirilən cins malların sayı 1341 başa çatdırılmışdır. Muxtar respublikada heyvandarlığı və onun yem bazasını intensiv texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə də lazımi tədbirlər görülmüşdür. Ötən il Naxçıvan şəhərində istehsal gücü saatda 10 ton olan qüvvəli yem istehsal edən müəssisə tikilib istifadəyə verilmişdir. Heyvandarlıqda süni mayalanma tədbirlərini genişləndirmək məqsədilə süni mayalanma məntəqələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, belə məntəqələrin sayı 19-a çatdırılmışdır.
Heyvandarlıq məhsulları içərisində quş əti istehsalına da ciddi önəm verilmişdir. 2012-ci ildə 9 yeni quşçuluq təsərrüfatı yaradılmış, beləliklə, son illər istifadəyə verilən quşçuluq təsərrüfatlarının sayı 46-ya çatmışdır. Bəhs olunan dövrdə bu sahə ilə məşğul olan sahibkarlara 2 milyon manatdan çox kredit verilmişdir. Hazırda muxtar respublikada 3 ət emalı, 3 süd emalı, 1 balıq konserv emalı müəssisəsi, 10 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
Regionun təbii-coğrafi şəraiti burada arıçılığın inkişafı üçün də xeyli münbitdir. Tarixən muxtar respublikada bu sahə ilə məşğul olunmuş, təcrübəli arıçılar yetişmişdir. Ötən illərdə Arıçıların İctimai Birliyinin yaradılması bu sahədə xeyli uğurlar qazanılmasına şərait yaratmışdır. 2012-ci ildə 70 arıçıya 217 min manat kredit verilmiş, muxtar respublikaya 234 arı ailəsi gətirilmişdir. Bu dövrdə regionda 1175 ton bal istehsal edilmişdir.
2012-ci ildə muxtar respublikada 316 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Göründüyü kimi, hərtərəfli dövlət qayğısı hesabına muxtar respublikada digər sahələrlə yanaşı, aqrar sahədə də 2012-ci il yeni uğurlar ili kimi yadda qalmışdır. Bütün bunlar, ümumilikdə, muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında yeni bir səhifə açmış, əhalinin sosial-rifah halının yüksəldilməsinə səbəb olmuşdur.
Muxtar MƏMMƏDOV