Bölgənin quruculuq xəritəsində yeni ünvanların sayı artır
Bu yazını hazırlayarkən yadıma muxtar respublikanın ucqar dağ kəndlərinin birində həmsöhbət olduğum ağsaqqal bir ziyalının dedikləri düşdü:
– Televizoru açırsan, diyarımızın hansısa kəndində yeni bir obyektin istifadəyə verildiyini görürsən. Qəzetləri vərəqləyirsən, yenə də eləcə. Bütün bunlar muxtar respublikada inkişafın bariz göstəriciləridir. Ömrümün çoxunu sovet dönəmində yaşamışam. O illərdə görülən işlərlə bu gün görülən işləri heç müqayisə etmək olmaz. Həm kəmiyyət, həm də keyfiyyət baxımından.
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafını aprel ayının 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev də yüksək qiymətləndirdi: “Naxçıvan... sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.
Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Bu gün muxtariyyətinin 90 illiyini qeyd etdiyimiz qədim diyarımızın hər bir ünvanı çiçəklənən bir diyardan soraq verir. “Muxtariyyət ili”ndə isə bu gözəlliyə səbəb olan quruculuq işlərinin, abadlıq tədbirlərinin həcmi daha da artıb. Naxçıvan şəhərindən tutmuş ən ucqar dağ və sərhəd kəndlərinədək quruculuq tədbirləri geniş vüsəti ilə diqqəti çəkir. Bu il muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da quruculuq tədbirlərinin həcmi xeyli artıb. Rayon mərkəzində, Cəlilkənd, Kürkənd, Diyadin, Püsyan, Dizə yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu günlərdə həmin quruculuq obyektlərində olduq.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin bir qrup inşaatçısı Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 18 mənzilli yaşayış binasının yenidən qurulması ilə məşğuldur. Yeni layihəyə əsasən, binanın mənzil sahəsinin artırılması nəzərdə tutulub. Adıçəkilən idarənin inşaatçıları digər quruculuq tədbirlərində də fəallıq göstərirlər. Rayon mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə və diaqnostika mərkəzi üçün yeni bina inşa olunur, əltopu oyunları idman meydançası təmir edilir. Yuxarıda məlumat verdiyimiz kimi, rayonun bir neçə kənd yaşayış məntəqəsində də tikinti işləri həyata keçirilir.
Belə tədbirlərdən biri yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddəki fəaliyyətini özündə əks etdirən muzey üçün yeni binanın inşa olunmasıdır. Məlumat üçün bildirək ki, mövcud muzey binası sökülərək müasir arxitektura üslubunda tikilmiş yeni binada əsas inşaat işləri başa çatdırılıb. Hazırda muzeyin daxilində işlər davam etdirilir. Muzey binasına yaxın ərazidə isə xidmət mərkəzi inşa olunur. Kəndin mədəniyyət evinin binası da yenidən qurulur.
Kürkənddə üç mərtəbədən ibarət 216 şagird yerlik məktəb binası, xidmət və kənd mərkəzləri, Diyadində üç mərtəbədən ibarət 88 şagird yerlik məktəb binası və kənd mərkəzi tikilir, Püsyanda 630 şagird yerlik məktəb binası, həkim ambulatoriyası və kənd mərkəzi, Dizədə kənd məktəbi yenidən qurulur, həmin yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur. Bir məsələni də xatırlamağı vacib sayırıq. Muxtar respublikada son 18 ildə gedən tikinti proseslərində müşahidə etmişik ki, həyata keçirilən quruculuq tədbiri hansı sahəni əhatə etməsindən asılı olmayaraq, yeni obyektin yerləşdiyi ərazidə yaşıllıq zolaqları, gülkarlıqlar salınır, həmin ünvana daimi su xətti çəkilir, fərdi qazanxana sistemi quraşdırılır və nəhayət, yaşayış məntəqəsindəki yollar müasir standartlar səviyyəsində yenidən qurulur. Sözsüz ki, bəhs etdiyimiz yeni obyektlərin inşası başa çatdıqdan sonra həmin işlər də görüləcəkdir.
Yeni obyektlər haqqında qısaca məlumat verməklə kifayətlənirik. Bu obyektlərə şərurluların münasibətini öyrəndik. Cəlilkəndli ziyalı Mahmud Musayevin dediklərindən:
– Şərurlular çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da böyük quruculuq işləri həyata keçirilir. Sevinirik ki, bu gün Şərurun da problemləri öz həllini tapıb. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına böyük qayğısının ifadəsidir. Belə qayğı isə insanları yaşadıqları torpağa daha sıx tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini daha da gücləndirir.
Uzun illər Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışmış, hazırda təqaüddə olan İslam Vəliyev dedi:
– Son 18 ildə müxtəlif dövlət proqramlarının muxtar respublikamızda ardıcıllıqla, uğurla həyata keçirilməsi, digər bölgələr kimi, bu rayona da canlanma gətirib. Bu gün Şərurda elə bir sahə yoxdur ki, orada inkişaf, dirçəliş, yüksəliş meyilləri hiss olunmasın. Təkcə Şərur şəhərinin deyil, ucqar kəndlərin belə, siması dəyişilib. Son illərdə quruculuq işlərinin həcmi daha da artıb, miqyası genişlənib. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosialtəyinatlı tədbirlər həyata keçirilməsin. Bu müddətdə neçə-neçə kənddə yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Görülən işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ölkəmizdə bərqərar olunmuş sabitlik və sürətli sosial-iqtisadi inkişafla əlaqələndirərək belə xarakterizə edir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir... Əhalinin rahatlığı üçün lazımi şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.
Müəllimə Bəsti Zamanova Cəlilkənd tam orta məktəbində işləyir. Onun da deməyə ürək sözü çoxdur:
– Cəlilkənddəki ictimai təsərrüfat muxtar respublikanın ən varlı təsərrüfatlarından biri olub. Ancaq nə fayda? Kənd adamları o dövrdə nə qədər zəhmət çəksələr də, qazandıqları ilə öz gün-güzəranlarını bir təhər qururdular. İndi torpağın sahibi olan hər bir cəlilkəndli daha yaxşı yaşayır. Əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir...
Müəllimə onu da vurğulayır ki, quruculuq tədbirləri bütün muxtar respublikamızı öz ağuşuna alıb. Yəni Naxçıvanın bütün bölgələri yenidən qurulur, gələcəyə inamlı addımlarını atır. Bu addımlar getdikcə daha da möhkəmlənir.
Həmsöhbətlərim çox oldu. Hamısını diqqətlə dinlədim. Ancaq onların söhbətlərinin bir qəzet yazısına sığmayacağını düşünüb bir-iki əsas məqamı oxuculara çatdırmaq qərarına gəldim. Birincisi, görülən işlərə minnətdarlıq hissləri. Böyük səmimiyyətlə ifadə olunan belə hisslər təbiidir. Çünki kənd adamı uzun illər həsrətində olduğu gün-güzərana qovuşduğunu görür və dərindən dərk edir ki, bütün bunlar onun üçündür. Onun yaxşı yaşaması üçündür.
İkinci məqam mahiyyət etibarilə elə birinci məqamdan qaynaqlanır. Yəni söhbətlərdən başa düşdüm ki, bu söhbətlərdən bir qırmızı xətt kimi keçən muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, bu siyasətə böyük sevgi və məhəbbət göstərilməsidir.
Muxtar MƏMMƏDOV