22 Dekabr 2024, Bazar

İqtisadiyyatda sənayenin hansı rola malik olduğu haqda ötən yazılarımızda bəhs etmişdik. Buna görə də müasir dünyada sənayenin inkişaf etdirilməsi iqtisadi potensialını durmadan artıran ölkələr üçün əsas vəzifələrdən birinə çevrilib.
Sənaye istehsalı elə bir sahədir ki, bu istehsal xammal mənbələrindən maksimum istifadəyə hesablanmaqla bərabər, həm də müştəri ehtiyaclarını mütəmadi ödəmək istiqamətində qurulur. Fərqi yoxdur, onun xammalı məhsulun istehsal edildiyi ölkədə mövcud olsun və ya olmasın. Əsas odur ki, əldə edilən məhsul istehlakçı düşüncəsində özünə yer tapa bilsin, yəni brendləşsin. Unutmaq olmaz ki, dünyada məşhur olan brend məhsulların 90 faizdən çoxu sənaye məhsullarının payına düşür. Bu məhsullar sırasında içki növlərindən tutmuş tikinti materiallarınadək, avtomobil markalarından məişət mallarınadək xeyli məhsulun adını saymaq mümkündür. “Sənaye dünyası”nın biznesdə bu qədər geniş sektoru əhatə etməsi, təbii ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin diqqətindən yayına bilməzdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi dövlətin bu sahəyə olan məqsəd və məramlarını ortaya qoyur.

Ölkəmizin ayrılmaz tərkib hissəsi olan və son illərdə daha sürətli inkişaf yoluna qədəm qoymuş muxtar respublikamızda da sənayenin inkişafı üçün kifayət qədər münbit şərait vardır. Burada ən başlıca məqamlardan biri də bu qədim diyarın faydalı xammal yataqları ilə zəngin olmasıdır. Təbii ki, bütün bu kimi amillər muxtar respublikada sənayenin inkişafında mühüm rol oynayır və son illərin statistik məlumatları bu sahənin gələcəyi ilə bağlı hər birimizdə optimist əhval-ruhiyyə yaradır. Təkcə cari ilin ilk rübündə muxtar respublikadan 39 milyon 440 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac edilib. Bu rəqəm daxili tələbatdan artıq istehsal olunmuş sənaye məhsullarının ixracı nəticəsində əldə olunub. Vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən istehsal müəssisələrinin fəaliyyətinin genişlənməsi və yeni müəssisələrin yaradılması daxili tələbatın ödənilməsi baxımından mühüm rol oynayır. Məsələn, bu gün geniş həcmdə aparılan tikinti-quruculuq işlərində tikinti materiallarına olan tələbatın çox böyük hissəsi daxildə istehsal edilən məhsullar hesabına ödənilir. Bizim bu yazıda əsas məqsədimiz milli sənaye məhsullarımızın brendləşməsi yolları haqqında oldu­ğundan, istərdik, bu istiqamət­də fikirlərimizi oxucularımızla bölüşək.
Əvvəlcə qeyd edək ki, brendinq siyasəti bu gün müasir biznesdə diqqət edilən ən önəmli nöqtə, sahibkar üçünsə ən böyük arzudur. Bu gün hansı yerli sahibkar fəxr etməz ki, onun istehsal etdiyi məhsul xarici bazarlarda öz yerini tutsun və onun adı ilə bərabər “Azərbaycan”, “Naxçıvan” sözləri səslənsin. Əlbəttə, bunu bütün sahibkarlar istəyər. Ancaq istəmək ayrı, bu istəyi reallığa çevirmək ayrı məsələdir. Ona görə də bu gün muxtar respublikada istehsal fəaliyyəti ilə məşğul olan və ya bu işə yeni başlayacaq hər bir sahibkar öz məhsulunun istehsalının yalnız yerli bazarın tələbatını ödəmək üçün deyil, həm də ixracyönümlü olması üçün çalışmalıdır. Diqqət edək, bu gün Naxçıvanda istehsal edilən “Sirab” və ya “Badamlı” mineral sularının məşhurluğu, sadəcə, beş-on illik fəaliyyətin nəticəsi­dirmi? Əlbəttə, yox. Sovetlər Birliyi dövründə on illər boyu Rusiya və MDB məkanına ixrac edilən bu sular həmin dövrdən istehlakçıların düşüncəsində müalicəvi su kimi qalıb. Elə bu tanınma bu gün həmin suların milyonluq bazarlara rahat yol tapmasına imkan verir. Yəni məhsul nə qədər keyfiyyətli olsa da, onun xarici bazarda brend marka kimi yer tutmasına uzun illər sərf olunur. Doğrudur, müasir dövrdə elm və texnologiyanın inkişafı bu zamanı müəyyən qədər qısaltsa da, keyfiyyətli məhsulun istehlakçılar tərəfindən bəyənilməsi yenə də böyük vaxt alır. Digər bir misal. Muxtar respublikada son illərdə istehsalına başlanılmış yerli sement və daş məhsulları öz keyfiyyəti ilə durmadan bazar payını yüksəltməkdə davam edir. Səbəb isə ondan ibarətdir ki, bu məhsullar keyfiyyəti ilə seçilir. Bu məhsulların sırasına Naxçıvan duzunu da əlavə edə bilərik. Ancaq burada bir incə məqam ondan ibarətdir ki, yuxarıda adlarını sadaladığımız məhsullara diqqət etsək, görərik ki, bu məhsulların əsl keyfiyyətini ana təbiət özü verib. Bizimsə çatdırmaq istədiyimiz odur ki, belə keyfiyyəti sahibkarlar özləri yarada bilsinlər. Hansı ki məsələn, dünya avtomobil sənayesində alman, yüngül sənayedə italyan sahibkarlar bunu bacara biliblər. Yəni demək istədiyimiz odur ki, velosipedi ikinci dəfə icad etməyə ehtiyac yoxdur, ancaq ona əlavə dəyərlər vermək öz əlimizdədir.
Sonda bir məsələni də qeyd etmək istərdim ki, milli sənaye brend­lərimizin (həm ərzaq, həm də qeyri-ərzaq) yaradılması bizə çox lazımdır. Çünki milli brend­lərimiz həm də bir Azərbaycançılıq möhürüdür. Yaddan çıxarmayaq ki, dünyanın istənilən yerində müştərilər istənilən məhsulu keyfiyyətinə, brend məhsulu isə adına görə alırlar. Brend məhsulların ixracı ölkəmizin, muxtar respublikamızın dünyada tanınması baxımından mühüm əhəmiyyətə malikdir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR