Naxçıvan Muxtar Respublikasında istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması və əhali gəlirlərinin artırılması ilə paralel olaraq, kredit sektorunda da işlər ildən-ilə genişlənir. İqtisadiyyatın real sektorunun, əhalinin istehlak tələbatının ödənilməsi üçün nəzərdə tutulan müxtəlifhəcmli kreditlər hazırkı mərhələdə muxtar respublikada hərtərəfli inkişafı dəstəkləyən ən mühüm amillərdən biridir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, bu il də verilmiş kreditlərin həcmində xeyli artım müşahidə olunmaqdadır. Belə ki, cari ilin ilk dörd ayının yekunlarına görə, muxtar respublikada verilmiş kreditlərin həcmi 89 milyon 544 min manata çatmışdır. Bu kreditlərin 32,1 faizi sənaye məhsulu istehsalının, 34,3 faizi kənd təsərrüfatı və emal sahələrinin, 7 faizi inşaat işlərinin, 6,9 faizi ticarət və xidmət sahələrinin genişləndirilməsinə yönəldilmiş, 12 faizi ev təsərrüfatlarının istehlak tələbatlarının ödənilməsi, 4,5 faizi ipoteka məqsədilə istifadə edilmişdir. Kredit qoyuluşlarının real sektordakı sahələr üzrə strukturuna baxdıqda cari ilin ilk ayı ilə müqayisədə ən çox dinamika müşahidə olunan sahələr arasında inşaat və ipoteka istiqamətli kreditlər daha çox diqqəti cəlb edir. Muxtar respublikada kreditləşmə sahəsindəki belə inkişaf yaradılmış iqtisadi sabitlik və əhali gəlirlərinin davamlı artım tempi ilə əlaqədardır.
Xəbərlər şöbəsi