Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, ötən il rayonun müxtəlif yaşayış məntəqələrində bir sıra yeni obyektlər istifadəyə verilib. Quruculuq tədbirləri hazırda bölgənin bir neçə kəndində davam etdirilir. Belə yaşayış məntəqələrindən biri Güznüt kəndidir. Bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə başlanılıb.
İş icraçısı Adil Baxşəliyevdən aldığımız məlumata görə, bu yaşayış məntəqəsində kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi üçün binalar inşa edilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri sürətlə davam etdirilir, ikinci mərtəbənin inşası üçün qəliblər quraşdırılır.
Həkim ambulatoriyası üçün inşa edilən bina da 2 mərtəbədən ibarət olacaq. Kənd adamlarına böyük dövlət qayğısının daha bir ifadəsi olan bu obyektin inşasında da keyfiyyət amilinə ciddi diqqət yetirilir.
Yeni obyektlər sırasında 1 mərtəbədən ibarət xidmət mərkəzi də var. Hər 3 obyektin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
* * *
Culfa rayonunun Bənəniyar kəndində də quruculuq tədbirlərinə start verilib. Burada kənd tam orta məktəbi, uşaq musiqi məktəbi və xidmət mərkəzi üçün binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Məlumat üçün bildirək ki, mövcud məktəb binasının 1 korpusu saxlanılıb, əlavə korpusların inşasına başlanılıb. Yenidən qurulan tam orta məktəb binası 648 şagird yerlik nəzərdə tutulub. Yaxınlıqda inşa edilən musiqi məktəbinin binası da zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Hazırda binanın çardaq hissəsi qurulur.
Yeni xidmət mərkəzində isə əsas tikinti işləri başa çatdırılıb.
Xəbərlər şöbəsi