Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Araz” Elm İstehsalat Birliyi əməkdaşlarının və taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə maarifləndirici seminar-müşavirə keçirilib. “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında təşkil olunan tədbiri kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli açaraq bildirib ki, ölkəmizdə ərzaq təhlükəsizliyi probleminin həllində taxıl istehsalının həcminin ildən-ilə artırılması müstəsna rol oynayır. Buna görə də muxtar respublikada taxılçılığın inkişafına böyük önəm verilir.
Sonra nazirliyin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Ədalət Hüseynovun “Naxçıvan Muxtar Respublikası şəraitində taxılın becərilmə texnologiyası haqqında”, Bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Həsən İsmayılovun “Taxıllarda alaq otlarına, siçanabənzər gəmiricilərə, xəstəlik və ziyanvericilərə qarşı aparılan kimyəvi mübarizə üsulları haqqında” mövzularında çıxışları olub. Çıxışlarda vurğulanıb ki, taxılçılıqda yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməli, ilk növbədə, taxıl əkiləcək sahədə növbəli əkin sisteminə ciddi əməl olunmalıdır. Taxılın, əsasən, kartof, tərəvəz, bostan, birillik və çoxillik otlar və sair bitkilərdən sonra əkilməsi daha məqsədəuyğundur. Taxıl əkinində, əsasən, şırım üsuluna üstünlük verilməlidir. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, strukturu yaxşı saxlanılır, su itkisinə yol verilmir.
“Araz” Elm İstehsalat Birliyinin direktoru Bəhruz Bayramov çıxışında bildirib ki, muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə, sahibkarlara kömək məqsədilə birlik tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Məqsəd əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaqdır.
Sonda yeni əkilmiş buğda sortlarına baxış keçirilib, sahibkarlara bukletlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti