Milli Məclisdə geniş müzakirələrdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq fərmanla təsdiq edilib. Oxucularımızı edilmiş əlavə və dəyişikliklərlə yaxından tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidovla həmsöhbət olduq:
– Mirhüseyn müəllim, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən budəfəki dəyişikliklər, əsasən, hansı məsələləri əhatə edir?
– Ölkə iqtisadiyyatının dinamik inkişafı və onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət, öz növbəsində, vergi qanunvericiliyinin təkmilləşdirilməsi zərurətini də doğurur.
Bu baxımdan 2012-ci ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, ölkə Prezidenti tərəfindən 21 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun təsdiq olunmuşdur. Vergi Məcəlləsinin 63 maddəsinə 131 – ümumi hissədə 28 maddəyə 62 dəyişiklik, xüsusi hissədə isə 35 maddəyə 69 dəyişiklik edilmişdir. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər, əsasən, dörd istiqaməti əhatə edir. Onlardan 9-u vergi ödəyicilərinin hüquqlarının müdafiəsinə, 31-i vergi ödəyicilərinin mənafelərinin qorunmasına, 51-i vergi inzibatçılığının, 20-si vergi nəzarətinin təkmilləşdirilməsinə, 1-i isə anlayışlara aiddir. Digər 19-u isə redaktə xarakterli dəyişikliklərdir.
– Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən budəfəki dəyişikliklərin bir qismi də muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisinin hansı qayda ilə tutulub büdcəyə ödənilməsi ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
– 2012-ci il dekabr ayının 31-nə kimi aylıq gəliri 2000 manatadək olan şəxslər 14 faiz dərəcə ilə, 2000 manatdan çox olan şəxslər isə 280 manat + 2000 manatdan çox olan məbləğdən 30 faiz dərəcə ilə vergi ödəyirdilərsə, 1 yanvar 2013-cü il tarixdən etibarən isə aylıq gəliri 2500 manatadək olan şəxslər 14 faiz dərəcə ilə, 2500 manatdan çox olan şəxslər isə 350 manat + 2500 manatdan çox olan məbləğdən 25 faiz dərəcə ilə vergi ödəməlidirlər.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirindən 2012-ci il dekabr ayının 31-nə kimi illik gəliri 24 min manatadək olan şəxslər 14 faiz dərəcə ilə, 24 min manatdan çox olan şəxslər isə 3360 manat + 24 min manatdan çox olan məbləğdən 30 faiz dərəcə ilə vergi ödəyirdilərsə, 1 yanvar 2013-cü il tarixdən etibarən isə illik gəliri 30 min manatadək olan şəxslər 14 faiz dərəcə ilə, 30 min manatdan çox olan şəxslər isə 4200 manat + 30 min manatdan çox olan məbləğdən 25 faiz dərəcə ilə vergi ödəməlidirlər.
Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda minimum əməkhaqqının 1 misli (minimum əməkhaqqı 93 manat 50 qəpik təşkil edir), illik gəliri 2400 manatadək olduqda minimum əməkhaqqının 12 misli məbləğində olan hissəsi 31 dekabr 2012-ci il tarixədək vergiyə cəlb edilmirdisə, 1 yanvar 2013-cü il tarixdən etibarən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu (əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu 125 manat təşkil edir), yəni 125 manat, illik gəliri 2400 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi, yəni 1500 manat vergiyə cəlb edilməyəcək.
“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 31 dekabr 2012-ci il tarixədək əgər 400 manat məbləğində azaldılaraq yerdə qalan məbləğ vergiyə cəlb olunurdusa, 1 yanvar 2013-cü il tarixdən bu maddəyə görə 400 manat məbləğində nəzərdə tutulan güzəşt ləğv edilmişdir.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 31 dekabr 2012-ci il tarixədək 100 manat məbləğində azaldılaraq yerdə qalan məbləğ vergiyə cəlb olunurdusa, 1 yanvar 2013-cü il tarixdən etibarən isə 200 manat azaldılaraq yerdə qalan məbləğ vergiyə cəlb olunmalıdır.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri dəyişikliyə qədər 55 manat məbləğində azaldılaraq vergiyə cəlb olunurdusa, 1 yanvar 2013-cü il tarixdən həmin məbləğ 100 manat azaldılaraq vergiyə cəlb edilməlidir:
– həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
– 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
– Əfqanıstan və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri dəyişikliyə qədər 20 manat məbləğində azaldılaraq vergiyə cəlb olunurdusa, 1 yanvar 2013-cü il tarixdən etibarən isə 50 manat azaldılaraq yerdə qalan məbləğ vergiyə cəlb edilməlidir.
– Ödənişli təhsil xidmətlərinin göstərilməsi sahəsində hansı dəyişikliklər olub?
– 1 yanvar 2013-cü il tarixdən etibarən edilmiş dəyişikliklərə əsasən, ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla) 18 faiz ƏDV-dən azad edilmişdir.
– Azərbaycan Respublikasının ərazisinə daxil olan nəqliyyat vasitələrinə görə, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrilə avtomobil yollarından istifadəyə görə yol vergisinə hansı dəyişikliklər edilib?
– 1 yanvar 2013-cü il tarixdən etibarən edilmiş dəyişikliklərə əsasən, minik avtomobilləri üçün mühərriklərin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq, avtonəqliyyat vasitələrinə görə vergi aşağıdakı dərəcələrlə hesablanmalıdır:
– mühərrikinin həcmi 2000 kubsantimetr olan nəqliyyat vasitələri ölkə ərazisində qaldığı 1 ay müddətə qədər 15 ABŞ dolları, 3 ay müddətə qədər 30 ABŞ dolları, 1 ilə qədər 40 ABŞ dolları, 1 ildən artıq müddətə qədər isə 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları;
– mühərrikinin həcmi 2000 kubsantimetrdən 4000 kubsantimetrədək olan nəqliyyat vasitələri ölkə ərazisində qaldığı 1 ay müddətə qədər 20 ABŞ dolları, 3 ay müddətə qədər 40 ABŞ dolları, 1 ilə qədər 80 ABŞ dolları, 1 ildən artıq müddətə qədər isə 80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları;
– mühərrikinin həcmi 4000 kubsantimetrdən çox olan nəqliyyat vasitələri ölkə ərazisində qaldığı 1 ay müddətə qədər 40 ABŞ dolları, 3 ay müddətə qədər 60 ABŞ dolları, 1 ilə qədər 120 ABŞ dolları, 1 ildən artıq müddətə qədər isə 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları həcmində vergi ödənişi aparılmalıdır.
– Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıqyığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisini 31 dekabr 2012-ci il tarixədək vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesablayıb ödəyirdilər. Bu maddəyə edilmiş dəyişikliklə bağlı büdcə təşkilatları onlara məxsus avtomobil nəqliyyatı vasitələrinə görə 1 yanvar 2013-cü il tarixdən etibarən yol vergisi ödəyəcəklər. Bu ödəmə hansı qayda ilə hesablanıb aparılacaqdır?
– 1 yanvar 2013-cü il tarixdən etibarən edilmiş dəyişikliklərə əsasən, büdcə təşkilatlarında onlara məxsus avtomobil nəqliyyatı vasitələrinə görə illik yol vergisi həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə aşağıdaki dərəcələrlə hesablanıb ödənilməlidir:
– mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda 20 manat;
– mühərrikinin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 0,02 manat;
– mühərrikinin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat + mühərrikin həcminin 3000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 0,03 manat;
– mühərrikinin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 0,04 manat;
– mühərrikinin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi- nin hər kubsantimetrinə görə 0,05 manat.
– Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son dəyişikliklər nədən ibarətdir?
– Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə 51 maddə üzrə edilmiş dəyişikliklər aşağıdakı məsələləri əhatə edir:
– elektron audit aparılması məqsədilə sənədlərin elektron qaydada təqdim edilməsi;
– nağdsız ödənişlərin aparılması üçün vergi ödəyiciləri tərəfindən POS-terminalların quraşdırılması;
– vergi orqanı tərəfindən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar əsas olmadan təqdim edilmədikdə əlaqəli məlumatlardan istifadə etməklə vergilərin hesablanması;
– banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi qaydalarının təkmilləşdirilməsi;
– ƏDV ödəyicisi kimi qeydiyyata alınmalı olan hüquqi və fiziki şəxslər üçün ardıcıl 12 aylıq dövr ərzində vergitutma əməliyyatlarının həcmlərinin eyniləşdirilərək 120 min manat müəyyən edilməsi.
Nəticə olaraq deyə bilərik ki, dəyişikliklərin əsas hissəsi vergi ödəyicilərinə və vətəndaşlara müxtəlif vergi güzəştlərinin edilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, ölkəmizin investisiya cəlbediciliyinin artmasına, ümumilikdə isə iqtisadiyyatımızın sürətli inkişafına xidmət edir.
– Müsahibə üçün sağ olun!
Əli CABBAROV