“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri kərpic zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdı. Bu məqsədlə yeni layihə hazırlanmış və ötən il layihənin icrasına başlanılmışdır. Zavodun qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur. Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. İlk mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesinə başlanılır.
Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu birdiyircəkli araba xaric olmaqla digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpic təşkil edir.
Kərpicbişirmə sahəsində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süniqurutma sexinə ötürülür. Bununla həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə qurutma bölməsində qurulmuş istilik avadanlığından da istifadə edilir. Qurutma sexinin istifadəyə verilməsi ilə zavodun mövsümdən asılılığı aradan qaldırılmış, müəssisənin fasiləsiz fəaliyyəti təmin edilmişdir.
Ancaq artan tələbatın ödənilməsi üçün zavodun istehsal gücünün artırılması zərurəti yaranmışdır. Bu məqsədlə müəssisədə fəaliyyət göstərən və bir-birini tamamlayan üç istehsal sahəsində – kərpickəsmə, kərpicbişirmə və qurutma sexlərində istehsal prosesinin təkmilləşdirilməsi və daha müasir texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Layihəyə uyğun olaraq, kəsmə sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılmış, xammalın iki mərhələdə üyüdülməsi təmin edilmiş, kərpicbişirmə sexində əlavə sobalar tikilmiş, mövcud sobaların daxilində əsaslı təmir işləri aparılmışdır. Süniqurutma sexində isə Türkiyə istehsalı olan daha bir istilik avadanlığı quraşdırılmışdır. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün əlavə çardaqlar qurulmuş, rəflər hazırlanmış, zavod daxilində yük daşınması üçün yüksək manevr etmək imkanlarına malik müasir texnikalar alınmışdır.
Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Hazırda müəssisədə 157 nəfər çalışır. Kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Zavod fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunurdusa, yeni layihənin həyata keçirilməsindən sonra gün ərzində 45-50 min ədəd kərpic istehsal etmək imkanı yaranmışdır.
Qeyd edək ki, zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşıma xərcləri çəkilmir, boşdayanma hallarına yol verilmir. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir, texnoloji proseslərə və məhsulun keyfiyyətinə ciddi diqqət yetirilir.
Zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan yüksəkkeyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Bu da, təbii ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının göstəricisidir.
Kərəm HƏSƏNOV