22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli qətnaməsinə əsasən, hər il mayın 17-si dünyanın müxtəlif ölkələrində “Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
İnformasiya cəmiyyəti anlayışı ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə ölkəmizdə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli strategiyanın qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, informasiya və kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində tətbiqi genişlənmiş, bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur.

Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı kimi ilk dəfə olaraq İsveçrənin Cenevrə şəhərində keçirilən informasiya cəmiyyəti üzrə dünya sammitində iştirak etmişdir. Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyətinin, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı olmasını nəzərə alan ölkə başçısı bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır.
Bu gün ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər bu sahənin inkişafı məqsədilə qəbul edilən dövlət pro­qramları, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamının, eləcə də bununla bağlı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə buraxılması isə ölkəmizin dünya kosmik məkanına inteqrasiyasını təmin etmişdir.
İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 82 dövlət təşkilatına və 9 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazır­lanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “Elektron hökumət” portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidmət haqları, elektrik enerjisi və qaz haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmışdır. Bununla yanaşı, Naxçıvan Şəhər Rabitə İdarəsində elektron imzanın sertifikat mərkəzi yaradılmış, mərkəz lazımi texniki avadanlıqlarla təmin edilmişdir.
Muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya sistemlərinin tətbiqinə başlanılmışdır. 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, 2012-ci ilin mart ayında Şərur və Sədərək rayonlarını, 2014-cü ilin fevral ayında isə Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya avadanlıqları istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, müasir informasiya texnologiyalarının tətbiqi, poçt sisteminin yenidən qurulması, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Layihəyə uyğun olaraq, muxtar respublikada 105 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, lazımi proqram təminatı ilə təchiz edilmişdir. Ötən ildən muxtar respublikada kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır. Gələcəkdə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün də lazımi infra­struktur yaradılmışdır.
Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Muxtar respublikada 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılmışdır. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilmişdir. Cari ilin ikinci yarısına qədər muxtar respublikanın yaşayış əraziləri bütünlüklə rəqəmsal yayıma keçiriləcəkdir. Bundan əlavə, muxtar respublika ərazisində İP televiziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib şərtdir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 991 kilometrə çatdırılmış, mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Hazırda ümumi uzunluğu 240 kilometr olan Sədərək-Ordubad böyüktutumlu fiber-optik kabel magistral xəttinin tikintisi davam etdirilir.
Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Simsiz internetin sürətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxtel şəbəkəsi üzərində 5 yeni baza stansiyası istifadəyə verilmişdir. Bundan əlavə, “Naxtel” operatorunun şəbəkədaxili və digər mobil operatorlararası SMS xidməti yaradılmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı, 80 faizində isə simsiz internet xidmətləri göstərilir. Kompüterdən istifadə edənlərin sayı 300 mindən, internetdən istifadə edənlərin sayı isə 344 mindən artıqdır. Eyni zamanda muxtar respublika ərazisində 4 mobil operator fəaliyyət göstərir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir.
Naxçıvanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılmışdır. Bu, muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elmtutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, eləcə də elektron hökumətin formalaşdırılması prosesini xeyli sürətləndirəcəkdir.
Muxtar respublikada informasiya texnologiyalarının ayrı-ayrı sahələrdə də tətbiqinə diqqət yetirilir. Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Universitetinin kitabxanasının bazalarında elektron kitabxana yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzi və AMEA-nın Naxçıvan Bölməsi üçün isə elektron kitabxana və elektron arxiv sistemi, məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxanalar istifadəyə verilmişdir.

İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Odur ki, muxtar respublikada bundan sonra da informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR