22 Dekabr 2024, Bazar

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da kənd təsərrüfatının müxtəlif sahələrinin hərtərəfli inkişafını təmin etmişdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada əhalinin yaşayış səviyyəsi yüksəlmiş, insanların maddi rifahı yaxşılaşmışdır. Rahat yaşayış və firavan həyat, öz növbəsində, insanların torpağa bağlılığını artırır. İndi daha çox işləyib daha yaxşı qazanc əldə etmək istəyən sakinlərin torpaqla ünsiyyəti yerli məhsulların istehsalını, keyfiyyətini və çeşidini artırmışdır. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün yaradılan şərait­dən yüksək səviyyədə istifadə olunması fərdi sahibkar­lıq sahələrinin yaradılmasına, bunun da nəticəsində istehsalın ilbəil artmasına səbəb olmuşdur.
Şahbuz rayonu dağlıq rayon olduğuna görə burada yaşayan əhali, əsasən, kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq, heyvandarlıq, əkinçilik, bağçılıq və arıçı­lıq rayonda xeyli inkişaf etmişdir. Aqrar sahənin inkişafı üçün Şahbuz rayonunda geniş imkanlar var.

Şahbuz rayonunun ümumi ərazisi 83 min 658 hektardır. Bunun 23 min 982 hektarı dövlət, 54 min 811 hektarı bələdiyyə, 4865 hektarı isə xüsusi mülkiyyətə daxildir. Bu torpaqlardan səmərəli istifadə edilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz Rayon Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər əkin dövriyyəsinin xeyli genişlənməsinə səbəb olmuşdur. Bu da rayonda məhsul istehsalının artmasına zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqra­mı”na uyğun olaraq, rayon ərazisində torpaqların texniki uçotunun elektron formada aparılmasının, bonitirovkasının (torpağın bonitet balının müəyyənləşdirilməsi), iqtisadi qiymətləndirilməsinin, xəritələşdirilməsinin təmin edilməsinə nail olunmuşdur. Deyə bilərəm ki, bu istiqamətdə zəruri tədbirlərin vaxtında həyata keçirilməsi rayonda bu işlərin tamamilə başa çatdırılmasına səbəb olmuşdur.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən, Şahbuz rayonunda meliorasiya və irriqasiya tədbirlərinin aparılmasına ehtiyacı olan və istifadə edilməyən əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi işləri də uğurla icra olunmuşdur. Əsasən Türkeş, Badamlı, Ayrınc, Külüs, Nursu və Şahbuzkənd ərazilərində bu məqsədlə xeyli işlər görülmüş, nəticədə, uzunmüddətli əkilməyən əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.
Şahbuz rayonunun əkinəyararlı torpaqlarının yarısından çoxunda, əsasən, taxıl əkini aparılır. Rayonda suvarılan torpaq sahələri ilə yanaşı, dəmyə şəraitində də taxıl əkini aparılır və yaxşı məhsul əldə olunur.
Taxılçılığın inkişafı eyni zamanda bölgədə hey­vandarlığın və quşçuluğun da inkişafına şərait yaradır. Ona görə də heyvandarlıqla məşğul olan sahibkarlar mülkiyyətlərində olan torpaq sahələrində daha çox taxıl əkininə üstünlük verirlər. Çünki heyvandarlığın inkişafında əsas amil olan yem bazasının yaradılması üçün əkin sahələrinin çox olması vacib şərtdir.
Bütün görülən işlərin və həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2013-cü ildə cəmi əkilən sahə 2656 hektar olmuşdur.
Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin aparılmasında “Əkin atlasları”ndan istifadə edilməsi və məhsuldarlığın yüksəldilməsində intensiv amillərin rolunun artırılması ilə bağlı yerlərdə sahibkarlarla, torpaq mülkiyyətçiləri ilə tez-tez görüşlər keçirilir, maarifləndirici tədbirlərin davamlı olmasına ciddi diqqət yetirilir.
Torpaqların əkilməsində və yüksək məhsuldarlığa nail olunmasında, əlbəttə ki, birinci şərt torpaq mülkiyyətçilərinə olan dövlət qayğısıdır. Belə ki, apardıqları əkinə görə torpaq mülkiyyətçilərinə verilən subsidiyalar onları torpağa daha sıx bağlayır, onların yüksək məhsuldarlıq əldə olunması əzmini artırır. Bundan başqa, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasının yaradılması da rayonda aqrar sahənin inkişafında mühüm rol oynamışdır. Bazanın yaradılması torpaq mülkiyyətçilərinə yetişdirdikləri məhsulları vaxtında toplamaq imkanı verir. Bu da məhsul itkisinin qarşısını alır.
Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” ilə də bağlı mühüm işlər görülür. Belə ki, meyvə və tərəvəz əkinləri üçün iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi işləri tamamlanmışdır. Bu məqsədlə Ayrınc, Qızıl Qışlaq, Kükü, Kolanı, Nursu, Ağbulaq, Gömür, Biçənək, Şahbuzkənd, Külüs, Keçili, Badamlı kəndlərində və Şahbuz şəhərində yararlı torpaq sahələrində yeni bağlar salınmış, hektarlarla tərəvəz əkini keçirilmişdir. Həmin ərazilərin xəritələri Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Yer Quruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən elektron formatda hazırlanmışdır. Görülən işlərin nəticəsidir ki, 2014-cü ilə qədər Şahbuz rayonunda 159,5 hektar meyvə bağı salınmış, 65 hektar qoruyucu meşə zolağı əkilmişdir. Cari ildə 12,2 hektar meyvə bağının salınması planlaşdırılmışdır.
Üzümçülüyün inkişaf etdirilməsi üçün Ayrınc və Türkeş kəndlərində geniş imkanlar vardır. Qədim əkinçilik ənənələrini özündə yaşadan kəndlərimizdəki qədim üzüm bağları əvvəllər diqqətdən kənarda qalsa da, hazırda həmin bağların sahələri genişləndirilir, tənəklərə aqrotexniki qaydada qulluq olunur.

Məqsəd gələcəkdə rayonda üzüm istehsalını artırmaq və yeni salınan bağların becərilərək məhsuldar hala gətirilməsinə nail olmaqdır. Əsas məqsəd isə yalnız və yalnız bolluq yaratmaqla müstəqil dövlətimizin hər bir vətəndaşının yaşayış səviyyəsinin yüksəldilməsinə, ərzaq məhsulları ilə etibarlı təminatına töhfə verməkdir.

Təhməz HƏMZƏYEV
Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şahbuz Rayon Şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR