Təxminən, on il bundan əvvəl Azərbaycan iqtisadiyyatının gələcəyi haqqında proqnozlaşdırılan fikirləri xatırlayası olsaq, çoxları dünyanın bir çox aparıcı mətbu orqanlarında geniş yer verilən “Holland sindromu” kimi “xəstəliyin” ölkəmizdən də yan keçməyəcəyini düşünür və yaxın gələcəkdə bunun acı nəticələri ilə üz-üzə qalacağımızı ehtimal edirdilər. Təbii ki, o zaman söylənilən bu ehtimallar elə ehtimal kimi də tarixin arxivində qaldı. Ancaq burada əsas məqam ondan ibarət idi ki, qərbli ekspertlərin əksəriyyəti ölkəmizin inkişafının yalnız neft və qazdan asılılığı yoluna üstünlük verir, Azərbaycanın qlobal inkişafına inanmır və ya bu istiqamətdə müsbət proqnozlar verməyə xəsislik edirdilər.
Azərbaycanın ən yaxın onillik tarixi bir daha sübut etdi ki, ölkəmiz bütün sahələrdə inkişaf edir və bu inkişafın əsasında da neft amili yox, insan amili dayanır. Elə ölkə başçısı da təbii ehtiyatların nə zamansa tükənəcəyini, buna görə də buradan əldə edilən vəsaitlərin digər sahələrə yönəldilməsinin zəruriliyini dəfələrlə qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə cənab İlham Əliyevin imzaladığı çoxsaylı dövlət proqramlarının əsas məqsədi də ölkəmizin gələcək inkişafı üçün mükəmməl və hərtərəfli infrastruktur bazasının yaradılmasından ibarətdir.
Ötən müddətdə görülən işlərin həcmi bir daha seçilən yolun düzgün, aparılan siyasətin müstəqil və qətiyyətli olduğunu sübuta yetirmişdir.
2014-cü il Azərbaycanda “Sənaye ili” elan olunmuşdur. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, ölkə başçısının bu qərarı iqtisadiyyatda sənayenin inkişaf etdirilməsinin vacibliyini göstərir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin əsas gəliri kiçik və böyükhəcmli sənaye müəssisələrinin payına düşür. Yəni insanın ən kiçik məişət tələbatlarından tutmuş böyükhəcmli ehtiyaclarına qədər istifadə edəcəyi bütün məhsulların istehsalı istənilən ölkənin, necə deyərlər, sənaye arzusudur. Məgər son illər sürətli sosial-iqtisadi inkişaf nəticəsində dövlət büdcələrini xeyli artıran Çin, ABŞ, Almaniya, eyni zamanda qardaş Türkiyə Respublikasının əldə etdiyi uğurların kökündə sənayenin inkişafı dayanmırmı? Yəni demək istədiyimiz odur ki, “Sənaye ili” iqtisadiyyatın bu sahəsinə daha qlobal yanaşmağı zəruri edir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada bu sahədə atılan addımlar yaxın gələcəyə daha nikbin baxmağa imkan verir. Ancaq gəlin əvvəlcə muxtar respublikamızın sənaye mənzərəsinə ötən ilin simasında baxaq. Vurğulamaq lazımdır ki, 2013-cü ildə muxtar respublikada sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Son illərdə muxtar respublikamızda yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksəkkeyfiyyətli məhsullarla ödəməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bunun nəticəsidir ki, ötən il 241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdir. Yeri düşmüşkən qeyd edilməlidir ki, səmərəli kredit mexanizmlərinin formalaşdırılması yerli istehsal və xidmət müəssisələrinin yaradılmasında başlıca amillərdən biridir. Ötən il muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən 42 milyon 800 min manata yaxın kreditləşmə həyata keçirilmiş, bu kreditlərin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 11 milyon 345 min manatı özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
İndi isə cari ilin ilk rübündə muxtar respublikada sənayenin inkişaf mənzərəsini nəzərdən keçirək. İlin ilk rübündən bəhs edərkən qeyd etməliyik ki, son illərdə muxtar respublikada rəqabətqabiliyyətli müasir sənaye müəssisələri yaradılmaqla sənaye sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cari ilin yanvar, fevral və mart aylarında muxtar respublikada 215 milyon 779 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 15 milyon 300 min manatlıq, qeyri-dövlət sektorunda isə 200 milyon 479 min manatlıq məhsul istehsal olunmuşdur.
Əgər muxtar respublikada sənaye məhsulu istehsalının dinamikasına nəzər salsaq, görərik ki, bu, 2011-ci ilin yanvar-mart ayları üzrə 152 milyon 890 min manat, 2012-ci ilin həmin dövrü üzrə 181 milyon 350 min manat, 2013-cü ildə 207 milyon 184 min manat, cari ilin ilk rübündə isə 215 milyon 779 min manat olmuşdur.
Qeyd etdiyimiz kimi, cari ilin ölkəmizdə “Sənaye ili” elan olunması muxtar respublikamızda sənayeləşmənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. 2014-cü ilin yanvar-mart aylarında muxtar respublikada dövlət dəstəyi ilə 12 layihə üzrə istehsal və xidmət obyektləri fəaliyyətə başlamış, 37 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilir. Təbii ki, sənayedə istehsalın genişlənməsi ixrac potensialının da artmasına müsbət təsir göstərmiş və ilin ilk rübündə daxili tələbatdan artıq istehsal olunmuş 39 milyon 440 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac edilmişdir.
Bəli, muxtar respublikamızda fəaliyyət göstərən və yeni qurulacaq istehsal müəssisələrində yerli xammal mənbələrindən düzgün istifadə istehsal zamanı yarana biləcək əlavə xərclərin minimuma endirilməsi ilə yanaşı, həm də keyfiyyətli yerli sənaye məhsullarının əldə edilməsinə şərait yaradır ki, bu da həmin məhsulların ölkəmizdən kənarda tanıdılması baxımından çox əhəmiyyətlidir. İnanırıq ki, təbii sərvətləri ilə məşhur olan Naxçıvan diyarı həm də milli sənaye brendlərinin yaranmasında öz sözünü deyəcək.
Səbuhi HƏSƏNOV