22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi may ayı ərzində torpaq mülkiyyətçilərinə, həmçinin fermerlərə bitkiçilik və heyvandarlıq sahələrində mövsümlə bağlı aşağıdakı işlərin görülməsini tövsiyə edir.
Meyvə və üzüm bağlarında
Bu ayda meyvə bağlarında suvarma işi davam etdirilməli, müşahidə edilən bakterial xəstəliklərə qarşı “Bordo” mayesi və yaxud onun əvəzedicilərindən biri ilə çiləmə aparılmalıdır. Eyni zamanda meyvə ağaclarındakı zərərvericilər “Desis”, “Arrivo”, “Dentis” preparatlarından birindən istifadə etməklə məhv edilməlidir.

Üzüm bağlarında da suvarma işləri davam etdirilməlidir. Üzüm tənəklərində xəstəliklərə qarşı “Bordo”, “Polikarbatsin”, “Xemosin”, “Pidomil” preparatlarından biri ilə, zərərveriçilərə qarşı isə “Desis”, “Karate”, “Nissoran”, “Neoron” preparatları ilə çiləmə aparılır.
Əkinçilikdə
Bu dövrdə bitkilərin sələfinə uyğun torpaq sahələri növbəli əkin sisteminə əməl edilməklə seçilir və əkinə hazırlanır. Toxumla əkilən tərəvəzlərin və dənli-paxlalı bitkilərin əkinləri davam etdirilir. Bundan başqa, şitillə əkilən tərəvəzlərin (pomidor, badımcan, bibər, kələm və sair) yeri hazırlanaraq əkin aparılmalıdır.
Bu ayda əkinçilər toxumluq kartof yumrularını dərmanlamaqla əkin aparmalıdırlar. Qeyd edək ki, kartof əkinlərində bitkilərə yemləmə gübrəsi verilməli, dibdoldurma işləri aparılmalıdır. Bu zaman xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri digər aqrotexniki tədbirlərlə birlikdə (suvarma, alaqlama) davam etdirilir.
Bu ay da bostan bitkilərinin, eləcə də qarğıdalı və günəbaxan əkinlərinin aparılması üçün münasib zaman hesab edilir.
Taxil sahələrində vegetasiya suvarmaları davam etdirilməli, zəmilərə 2-ci yemləmə gübrəsi verilməlidir. Həmçinin sahələrdə alaq otlarına qarşı kimyəvi mübarizə aparılır. Bunun üçün 2,4 D amin duzu və ya hektofermin herbisidlərindən istifadə edilərək alaqlara qarşı çiləmə aparılması məsləhətdir.
Bu ay həm də yonca sahələrində birinci biçin aparılır.
 Maldarlıqda
May ayında doğum artdığı üçün inək və camışlara daha çox yaşıl yem verilməlidir. Mal-qara otarılmaq üçün örüşə aparılmalı, doğumu yaxınlaşan inək və camışlar isə ətrafda gəzintiyə çıxarılmalıdır. Cavan malların yemləndirilməsinə diqqət artırılmalıdır.
Qoyunçuluqda
Bu ay qoyunların qırxılması  məqsədilə müvafiq tədbirlər görülməlidir. Qırxım qurtardıqdan sonra qoturluğa və digər gənə xəstəliklərinə qarşı qoyunlar 6-7 gün fasilə ilə iki dəfə “Kreolin-heksoxloran” emulsiyası olan məhlulla (vannalarda) çimdirilməlidir. Quzular moniezioz xəstə­liyinə qarşı dərmanlanmalı, brüsel­lyoz, fassilyoz, diktiokaliyoza qarşı tədbir görülməlidir.
Quşçuluqda
Bu aydan etibarən istilərin düşməsi ilə əlaqədar toyuqların yumurta məhsuldarlığının azalmasının qarşısını almaq üçün yem payının tərkibi qida maddələri hesabına bir qədər zənginləşdirilməlidir. 18 aylıq yaşda olan toyuqlar məhsuldarlığı aşağı düşdüyündən çıxdaş edilərək satışa verilməli, onların yeri yumurtlamağa başlayan fərələr hesabına bərpa edilməlidir. Quşların çiçək və taun xəstə­liyinə yoluxmaması üçün profilaktik peyvəndləmə işi aparılmalıdır.
Arıçılıqda
May ayının əvvəllərindən etibarən arı ailələri çiçək bol olan ərazilərə köçürülməli, ehtimal olunan xəstəliklərə qarşı zoobaytarlıq mütəxəssisləri ilə birgə profilaktik iş aparılmalıdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR