“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda da yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yol infrastrukturunun yenidən qurulması cari ildə də mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır.
Məlum olduğu kimi, 2014-cü il fevral ayının 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında Sərəncam imzalamışdır. Abidənin bərpası məqsədilə Çeşməbasar-Boyəhməd avtomobil yolundan tarixi abidəyədək olan 0,8 kilometr məsafədə yeni avtomobil yolu çəkilmiş, yola suötürücü borular salınmış, torpaqbərkitmə işləri aparılmışdır.
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər magistral yollarla yanaşı, kəndlərarası və kənddaxili avtomobil yollarını da əhatə edir. Hazırda Babək qəsəbəsində daxili avtomobil yollarının, uzunluğu 16 kilometr, eni 9 metr, asfalt hissəsinin eni 7,2 metr olacaq Yarımca-Qahab-Naxışnərgiz, Şərur rayonunda uzunluğu 4 kilometr olacaq Kürkənd avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilir, yol yatağı genişləndirilir, su keçidlərinə beton borular salınır, qum-çınqıl tökülərək bərkidilir. Ayrı-ayrı hissələrdə yol kənarlarına beton bardürlər düzülür, suaparıcı beton kanallar çəkilir.
Onu da qeyd edək ki, inşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektlərə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin müasir maşın-mexanizmləri və təcrübəli inşaatçıları cəlb edilmişdir.
Xəbərlər şöbəsi