2012-ci ildə rayonda quruculuq tədbirləri 5 yaşayış məntəqəsini əhatə etmişdir. Şahbuz şəhərində yeni istirahət parkı, müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi, həmçinin ticarət obyektləri tikilib istifadəyə verilmiş, Heydər Əliyev prospektində, M.Ə.Sabir, S.Vurğun, Ə.Naxçıvani küçələrində abadlıq işləri aparılmış, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası üçün binanın tikintisi davam etdirilir.
Tikinti-quruculuq tədbirləri rayon mərkəzi ilə bərabər, kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Belə ki, Biçənək kəndində 5 mərtəbədən ibarət 252 şagird yerlik, Ağbulaq kəndində 3 mərtəbəli 216 şagird yerlik məktəb binaları, 3 mərtəbəli kənd mərkəzi, xidmət mərkəzi tikilib istifadəyə verilmişdir. Ağbulaq kəndində inşa edilən Turizm və İstirahət Kompleksində son tamamlama işləri aparılır.
2012-ci ildə həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisinə başlanılmasını da qeyd etmək lazımdır. 9 körpünün və 297 su keçidinin inşa ediləcəyi yolun Naxçıvan-Şahbuz hissəsində xeyli tikinti işləri aparılmışdır. Naxçıvan-Batabat magistral avtomobil yolundan Keçili kəndinədək olan 18 kilometr uzunluğunda yolun 12 kilometrində əsaslı təmir işləri görülmüş, Külüs kəndindən Keçili kəndinədək olan yolun 6 kilometr hissəsinə yeni asfalt örtük salınmış, yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilmiş, iki hərəkət zolağından ibarət olan yolun üzərində 2 su keçidi və 12 suötürücü inşa olunmuşdur.
Şahbuzkənd yaşayış məntəqəsini iki hissəyə ayıran Keçili çayının Şahbuzkənd ərazisindən keçən hissəsində 30 ton yükgötürmə imkanına malik 12 poqonometr uzunluğunda, 5 metr enində yeni körpü inşa edilmişdir.
Ağbulaq-Gömür avtomobil yolunda aparılan tikinti işləri zamanı uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 9 metrədək genişləndirilmiş, 1 körpü və 2 suötürücü beton qurğu inşa edilmiş, yol asfalt örtük salınması üçün hazır vəziyyətə gətirilmiş, yolun kənarında bulaq-abidə kompleksi tikilmişdir.
Əzəmət HƏSƏNOV