Çin və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı Naxçıvan Sement Zavodunda 18 əsas istehsal bölməsi mövcuddur. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Əsas xammal olan əhəngdaşı, mergel və köməkçi xammallar – dəmirli gil Kəngərli rayonunun Çalxanqala, gips isə Babək rayonunun Nehrəm kəndləri yaxınlığındakı yataqlardan çıxarılır.
Məlumat üçün qeyd edək ki, zavodda sement müasir quru üsulu ilə istehsal edilir. Region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə var. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirir. İstehsal edilən sementin keyfiyyəti anoloji məhsullardan olduqca yüksəkdir. Artıq istehsal edilən məhsul ölkəmizin müxtəlif regionlarına, eləcə də Türkiyə və Gürcüstan respublikalarına göndərilir.
İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə texnoloji proseslərə ciddi əməl edilir. Blok şəklində müəssisəyə daxil olan xammal müxtəlif mərhələlərdən keçməklə kiçik ölçülərdə doğranıb qarışıqlarla birlikdə 1400-1600 dərəcə istilikdə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülmüşdür. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir. Yeri gəlmişkən bildirək ki, keyfiyyət nişanı Avropa Birliyində akreditasiyadan keçmiş Türk Standartlar İnstitutunun mütəxəssisləri tərəfindən istehsal prosesindəki avadanlıqlar, keyfiyyətə nəzarət cihazları, istehsal prosesində əməyin və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qiymətləndirilmişdir. Eyni zamanda Türk Standartlar İnstitutu tərəfindən keyfiyyətin yoxlanılmasında istifadə edilən bütün ölçü cihazlarının və avadanlıqların da kalibrlənməsi aparılmışdır. Onu da qeyd edək ki, Avropa tələblərinə uyğunluğun göstəricisi olan bu keyfiyyət nişanının verildiyi hər bir müəssisənin məhsulu Türk Standartlar İnstitutu tərəfindən 6 aydan bir həmin institutun tikinti materialları laboratoriyasında kimyəvi və fiziki keyfiyyət göstəriciləri baxımından yoxlanılır.
Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır. İki aydan bir klikterlərin laborator analizləri Türkiyə Respublikasında həyata keçirilirdisə, yeni avadanlıqların quraşdırılmasından sonra bu problem aradan qaldırılmış, laboratoriyada Yaponiyanın “Nikon” firmasının istehsalı olan Optik Zoom və Polarizasiya mikroskopları quraşdırılmış, mikroskopik analizlərin zavodda fəaliyyət göstərən laboratoriyada aparılmasına əlverişli şərait yaradılmışdır. Zavodun ətraf mühitə mənfi təsirinin minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilmişdir. Bunun üçün burada dünya standartlarına uyğun avadanlıqlar quraşdırılmışdır. İstehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslər nəticəsində əmələ gələn toz və tüstü xüsusi tutucularla geri qaytarılır.
Zavodun ətrafındakı ərazilərdə geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 18 min ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.
Yeni istehsal müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, 253 nəfər daimi işlə təmin olunmuşdur. Zavoddakı işçilərin əksəriyyəti muxtar respublika sakini olan gənclərdir. Müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına ciddi əməl olunur. Burada çalışanlar üçün normal iş şəraiti yaradılmış, onlar yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunmuşlar.
Gündəlik istehsal gücü 800 ton olan zavodda tələbata uyğun məhsul istehsal olunub satışa çıxarılır. Yüksək keyfiyyət göstəriciləri ilə seçilən və “Naxçıvan sement” əmtəə nişanı ilə məhsul istehsal edən zavod tikinti obyektlərini, ayrı-ayrı beton zavodlarını vaxtında və keyfiyyətli sementlə təmin edir. Daxili və xarici bazarda “Naxçıvan sement”ə artan tələbatın ödənilməsi məqsədilə zavodda yeni bir layihənin həyata keçirilməsi zərurəti yaranmış, istehsal xəttində klinker (hazır məhsul) çənləri ilə üyütmə bölməsi arasında Çin Xalq Respublikasının “Jiangsu Pengfei” firmasının istehsalı olan müasir texnoloji avadanlıqlarla təmin olunmuş yeni bölmə yaradılmışdır. Yeni bölmənin istifadəyə verilməsi klinkerlərin daha kiçik formada parçalanmasına əlverişli şərait yaradır və üyütmə prosesinə müsbət təsir göstərir. Həyata keçirilən bu layihə yeni çeşiddə sement istehsalına və zavodun istehsal gücünün 20-30 faiz artmasına səbəb olmuşdur. Hazırda CEM-1-42,5 N növdə sement istehsal olunan zavodda yaxın vaxtlarda CEM-2-42,5 A/p yeni növdə sement istehsalına başlanılacaq. Həmçinin sobaya daxil olan xammalın normaya uyğunluğunun dəqiq müəyyənləşdirilməsi üçün Almaniyanın “Schenck” firmasının istehsalı olan ölçmə avadanlığı və sobanın içindəki kimyəvi qazların miqdarının müəyyənləşdirilməsi üçün Almaniyanın “ABB” firmasının istehsalı olan 2 ədəd qaz analizləri sistemi quraşdırılmışdır ki, bu da təbii qazdan səmərəli istifadə olunmaqla bərabər, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Kərəm HƏSƏNOV