22 Dekabr 2024, Bazar

Aprel ayının 21-də Sədərək rayonunda yeni nasos stansiyasının istifadəyə verilməsi sərhəd bölgəsində yaşayan insanlara növbəti dövlət qayğısı olmaqla, torpaq mülkiyyətçilərinin əkin sahələrindən səmərəli istifadəsinə şərait yaratmışdır. Stansiyanın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən, layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılmışdır. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılmış, yeni nasos stansiyası tikilmişdir. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40 faizinin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılmışdır. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcəkdir”.

Yeni stansiyanın texniki göstəriciləri: nasos stansiyasında 1-i ehtiyat olmaqla, 3 nasos quraşdırılmışdır. Hər birinin gücü 550 kilovat-saat olan nasosların su sərfi saatda 1800 kubmetrdir. Ərazidə suqəbuledici hovuz tikilmişdir. Kanaldan hovuza daxil olan su nasoslar vasitəsilə diametri 800 millimetrlik təzyiqli boru xəttinə vurulur. Təzyiqli boru xəttinin üzərində 6 suburaxıcı vardır. Həmçinin 1941 metr uzunluğunda müxtəlifdiametrli paylayıcı boru xətləri çəkilmiş, 73 ədəd suötürücü qapı qoyulmuşdur. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün ərazidə 2 min kilovat gücündə transformator quraşdırılmış, 3700 metr uzunluğunda elektrik xətti çəkilmişdir. Layihə üzrə tikinti işləri aparılarkən 8 kilometrə yaxın müxtəlifdiametrli metal boru xətti, 7 kilometrdən artıq beton və 100 kilometrə yaxın torpaq kanal çəkilmişdir. Bunun da hesabına Sədərək rayonunda 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
Stansiyanın istifadəyə verilməsi Sədərək rayonunda böyük bayram sevinci yaratmışdır. Bu yazını rayon sakinləri ilə söhbət əsasında hazırlamağa çalışdıq.
Təqaüdçü Əsgər Bağırov deyir ki, Sədərək torpaqları münbit torpaqlardır. Bu torpaqlarda hər şey bitirmək mümkündür. Ancaq rayonun suvarma suyuna olan tələbatı mövcud şəraitdən tam şəkildə istifadə etməyə imkan verməyib. Hələ sovet dönəmində, ictimai təsərrüfatlar dövrü Sədərəkdə suvarma suyu sarıdan çətinliklər yaşanıb. Əkin sahələrinin suvarılmasında başlıca mənbə üçpilləli nasos stansiyası olub. Arpaçay Su Anbarının sağ sahil kanalından rayona gətirilən su hesabına tələbat qismən ödənilməyə başlanılıb. Problemin tamamilə həll edilməsi üçün inşa edilən yeni stansiya muxtar respublikada bu sahəyə davamlı qayğının göstəricisi, Sədərəyin torpaq mülkiyyətçilərinə dövlətimizin ən böyük qayğılarından biridir. Mən özüm yeni stansiya hesabına Heydərabad qəsəbəsində olan 5 hektar pay torpağından istifadə etmək imkanı qazanmışam. 5 hektar sahənin nə demək olduğunu, bəlkə də, torpaqla əlaqəsi olmayan adamlar bilə bilməz. Bir kənd adamı, torpaq adamı kimi mən və mənim kimi digərləri isə yaxşı bilirlər ki, 5 hektar sahədə nələr əkmək, nələr yetişdirmək, gün-güzəranı elə təkcə bu qiymətli sərvət hesabına yüksək səviyyədə qurmaq mümkündür. Qalır ki, yaradılan şəraitdən səmərəli istifadə edəsən. Sədərək camaatı da zəhmətdən qorxan deyil.
Əziz Kazımov Sədərək kəndinin sayılıb-seçilən ziyalılarından biridir. Hazırda təqaüddədir. Vaxtının çoxunu özünün torpaq sahəsində keçirməyə ayırır. Deyir ki, neçə illərdir, Şir arxının suyu boş-boşuna Araz çayına axırdı. Torpaqlarımızın bir qismi isə əkilməmiş qalırdı. Təsəvvür edin: hər iki mənzərə gözlərimiz qarşısında idi. Həmin arxdan bəhrələnən yeni nasos stansiyasının tikilməsinə başlanarkən bütün rayon sakinlərinin yaşadığı sevinci duymaq çətin deyildi. Stansiyadan Heydərabad qəsəbəsinə, Sədərək və Qaraağac kəndlərinə suyun vurulduğu günü heç bir rayon sakini ömrü boyu unuda bilməz. Həmin gün rayonda, doğrudan da, böyük bayram sevinci yaşandı. Uşaqdan qocaya kimi hamı su vurulan ünvanlara toplaşmışdı. Onu da deyim ki, 3 hektar pay torpağımdan istifadə edə bilmirdim. Yeni nasos stansiyasının işə salınması mənim ailəmin də problemini həll edib. Bunun üçün həm ailəm, həm də bütün rayon sakinləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımızı bildiririk.  
Təqaüdçü Əli Ağayevin də deməyə sözü çoxdur:
– Sədərək torpağını düşmən tapdağından ulu öndər Heydər Əliyev qorudu. Bütün imkanlarından istifadə edərək Sədərəyə düşmən ayağı dəyməsinin qarşısını aldı. Əhalinin məskunlaşmasını təmin etmək üçün şəxsi nüfuzundan, digər imkanlardan istifadə etdi. Sosial məsələlərin həll olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri isə ulu öndərin uzaqgörən siyasətini davam etdirərək Sədərəyi, sözün həqiqi mənasında, yenidən qurmağa nail oldu. Görünən dağa bələdçi lazım deyil. Son illərdə rayon mərkəzi Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində həyata keçirilən möhtəşəm kompleks quruculuq tədbirlərini göz önünə gətirin. Yeni nasos stansiyasının istifadəyə verilməsi bu tədbirlərin davamıdır.
– Çünki su həyatdır, – təqaüdçü Saleh Heydərov isə bu sözlərlə söhbətə müdaxilə edir: “Yol salmaq, su çəkdirmək tarixən ən savab iş sayılıb. Belə işləri görənlər el-oba arasında hörmət qazanıblar. Onlara həmişə ehtiram göstərilib. Bir ağsaqqal kimi sevinirəm ki, bu gün muxtar respublikamızda ata-babalarımızın bizə vəsiyyət etdiyi xeyirxah işlər uğurla davam etdirilir. Son illər diyarımızın müxtəlif guşələrində nə qədər artezianlar qazılıb, su nasos stansiyaları quraşdırılıb, digər işlər görülüb. Bütün bunlar isə ən qiymətli sərvət olan torpaqlarımızı cana gətirib, məhsul bolluğu yaratmaq üçün torpaq mülkiyyətçilərinin imkanlarını birə-beş qat artırıb. Bir ağsaqqal, bir ziyalı kimi sizi əmin edirəm ki, torpağa halal qazanc mənbəyi, əsas iş yeri kimi baxan sədərəklilər yaradıl­mış imkandan səmərəli istifadə edəcəklər.

 *   *   *

Yeri gəlmişkən. Sədərək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu qayğı torpaq mülkiyyətçilərini daha böyük əzmlə sahələrə çıxarıb. Rayonda 2102 hektar sahədə payızlıq və yazlıq taxıl əkini keçirilib. Sədərəklilər 210 hektar sahəni tərəvəz, 87 hektar sahəni kartof, 120 hektar sahəni bostan məhsulları istehsalı üçün ayırıblar. 56 hektarda qarğıdalı, 27 hektarda paxlalı bitkilər, 18 hektarda günəbaxan əkini keçirən sədərəklilər vaxtdan səmərəli istifadə edir, müxtəlif sahələrdə əkin kampaniyasını davam etdirirlər. Onlar çalışırlar ki, dövlətimizin göstərdiyi qayğıya əməli işlə cavab verməklə muxtar respublikada məhsul bolluğu yaradılmasında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirsinlər.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR