Yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə etməklə daha bir nəhəng layihə reallaşdırılmış, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılmışdır. Əvvəlcə muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılmışdır. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyinin və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilmişdir. Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni Sement Zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilmişdir. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilmiş, Naxçıvan-Sədərək magistralından zavodadək 2 kilometr məsafədə yeni avtomobil yolu çəkilib asfalt-beton örtük salınmış, yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılmışdır.
30 may 2012-ci il tarixdə muxtar respublikamızda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Sement Zavodunun açılış mərasimində iştirak etmişdir. Ölkə başçısı Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılış mərasimindəki çıxışında regionumuzda həyata keçirilən digər infrastruktur layihələrlə yanaşı, Naxçıvan Sement Zavodunun da ölkəmiz üçün mühüm əhəmiyyətli sahə olduğunu bildirərək demişdir: “İnşaat materialları, demək olar ki, artıq daxili imkanlar hesabına formalaşır. Bu gün Sement Zavodunun açılışını qeyd etmişik. Bu, məni çox sevindirir. Çünki bu, ölkəmiz üçün lazımdır... Naxçıvan Sement Zavodu sementə olan ehtiyacı tam şəkildə ödəməyə imkan verəcək və idxaldan asılılıq aradan qaldırılacaq”.
Çin və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Əsas xammal olan əhəngdaşı və köməkçi xammallar – dəmirli gil Kəngərli rayonunun Çalxanqala, kvars Şərur rayonunun Gümüşlü, gips isə Babək rayonunun Nehrəm kəndləri yaxınlığındakı yataqlardan çıxarılır. Zavodda sement müasir quru üsulu ilə istehsal edilir. Region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə var. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirir. İstehsal edilən sementin keyfiyyəti muxtar respublikaya idxal olunan eyniadlı məhsullardan olduqca yüksəkdir. Bu da inşaat sektorunun tələbatını tam şəkildə ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar yaradır, regionun sement bazarında əhəmiyyətli yer tutmasında mühüm rol oynayır. Artıq istehsal edilən məhsul ölkəmizin müxtəlif regionlarına, eləcə də Türkiyə və Gürcüstan respublikalarına göndərilir.
İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə texnoloji proseslərə ciddi əməl edilir. Blok şəklində müəssisəyə daxil olan xammal müxtəlif mərhələlərdən keçməklə kiçik ölçülərdə doğranıb qarışıqlarla birlikdə 1400-1600 dərəcə istilikdə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq “Naxçıvan Sement” əmtəə nişanı ilə satışa çıxarılır.
Naxçıvan Sement Zavodu ötən ilin mart ayında CE keyfiyyət nişanına layiq görülmüşdür. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir. Yeri gəlmişkən bildirək ki, keyfiyyət nişanı Avropa Birliyində akkreditasiyadan keçmiş Türk Standartlar İnstitutunun mütəxəssisləri tərəfindən istehsal prosesindəki avadanlıqlar, keyfiyyətə nəzarət cihazları, istehsal prosesində əməyin və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qiymətləndirilmişdir. Eyni zamanda Türk Standartlar İnstitutu tərəfindən keyfiyyətin yoxlanılmasında istifadə edilən bütün ölçü cihazlarının və avadanlıqların da kalibrlənməsi aparılmışdır. Onu da qeyd edək ki, Avropa tələblərinə uyğunluğun göstəricisi olan bu keyfiyyət nişanının verildiyi hər bir müəssisənin məhsulu Türk Standartlar İnstitutu tərəfindən 2 aydan bir həmin institutun tikinti materialları laboratoriyasında kimyəvi və fiziki keyfiyyət göstəriciləri baxımından yoxlanılır.
Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir tələblərə uyğun inşa olunmuş və hər cür avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizləri aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır. Zavodun ətraf mühitə mənfi təsirinin minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilmişdir. Bunun üçün dünya standartlarına uyğun avadanlıqlar quraşdırılmışdır. İstehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslər nəticəsində ortaya çıxan toz xüsusi tutucularla geri qaytarılır. Ümumiyyətlə, avadanlıqlar 2 ədəd elektrostatik çökdürmə vasitəsi və 20 ədəd hava təzyiqi ilə işləyən toztutucudan ibarətdir. Bundan başqa, zavodun ətrafındakı ərazilərdə geniş yaşıllaşdırma tədbirləri də həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 18 min ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.
Yeni istehsal müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Zavodda işçilərin əksəriyyəti muxtar respublika sakini olan gənclərdir. Müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına ciddi əməl olunur. Zavodda çalışanlar üçün normal iş şəraiti yaradılmış, onlar yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunmuşlar.
Gündəlik istehsal gücü 800 ton olan zavodda ötən il tələbata uyğun məhsul istehsal olunub satışa çıxarılmışdır.
Sement Zavodu muxtar respublikamızda son 17 ilin möhtəşəm inkişaf strategiyasının nəticəsi olan daha bir nəhəng layihədir. İnanırıq ki, belə layihələrin sayı ilbəil artacaq və bu, muxtar respublikamızın iqtisadi inkişafına xidmət edəcəkdir.
Kərəm HƏSƏNOV