Və ya sahibkarlıq fəaliyyətində qadınların rolu haqqında bir neçə söz
“Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin illər əvvəl söylədiyi bu fikirləri gündən-günə inkişaf edən ölkəmizin simasında daha aydın görür və hiss edirik. Müstəqilliyimizin bərpasından sonra digər inkişaf etmiş ölkələr kimi, Azərbaycanın da bazar iqtisadiyyatı yolunu tutması və mühüm nailiyyətlər əldə etməsi hər birimizə məlumdur. Müstəqil Azərbaycanın ən yaxın tarixdə keçdiyi bu inkişaf yolu dünya dövlətlərinin də diqqətindən yayınmamış, müxtəlif nüfuzlu qurum və təşkilatların hesabatlarında bu inkişaf öz əksini tapmışdır. Həqiqətən də, Azərbaycan dövləti milli iqtisadiyyatımızda özəl sektorun, bunun da nəticəsində sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramlarının icrasını həyata keçirmiş, hərtərəfli qanunvericilik bazasının yaradılmasına nail olmuşdur. Görülən işlərin nəticəsidir ki, indi ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında böyük sahibkarlar ordusu yaranmış və bu sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yerli sahibkarlarla görüşləri, onlara hərtərəfli dövlət dəstəyinin göstərilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində görülən tədbirlər özəl sektorun inkişafını şərtləndirməkdədir.
Mövzunun əsas hissəsinə keçməzdən əvvəl bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublika sahibkarları ilə keçirilən işgüzar görüşündən bəzi məqamları diqqətə çatdırmaq istərdik. Görüşdə sahibkarlığın əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xəttinin mühüm istiqamətlərindən birini də sahibkarlığın inkişafı təşkil edir. Sahibkarlığı inkişaf etdirmədən, kiçik və orta sahibkarlıq subyektlərini hərəkətə gətirmədən davamlı inkişafa nail olmaq mümkün deyil. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın, kiçik və orta biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu sahəyə göstərilən maliyyə dəstəyinin həcmi ildən-ilə artırılmış, iş adamlarının fəaliyyətinə süni müdaxilələr aradan qaldırılmışdır. Antiinhisar tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək “bir pəncərə” prinsipi əsasında aparılması da öz müsbət təsirini göstərmişdir”.
2013-cü ildə Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir. Hazırda aqrar sektorda, sənaye, ticarət və nəqliyyatda qeyri-dövlət bölməsinin payı 85-99 faiz arası dəyişir ki, bu da çox yüksək göstəricidir. Sahibkarlığın inkişafının mühüm göstəricilərindən biri də daxili bazarın istehlak mallarına artan tələbatının ödənilməsidir. Əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, bu gün 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdirlər.
Göründüyü kimi, muxtar respublikada sahibkarlar hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Elə bunun nəticəsidir ki, ilbəil əldə olunan nailiyyətlərin sayı artır, müxtəlifprofilli yerli müəssisələr yaradılır, muxtar respublika öz tələbatını daxili istehsal hesabına ödəməyə çalışır. Və təbii ki, bu cür müsbət tendensiyalara nail olunmasında dövlət dəstəyi ilə yanaşı, sahibkarların öz fərdi fəallıqları, peşəkarlığın ildən-ilə artması, vətəndaşların özəl sektora yanaşma tərzi də mühüm rol oynayır. Bu sahədə kişilərlə bərabər, qadın sahibkarların da fəaliyyəti qeyd edilməlidir. Qeyd edək ki, aidiyyəti qurumlardan aldığımız məlumatlara görə, hazırda muxtar respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 11 nəfər təşkil edir. Fəaliyyət sahələrinə görə onlardan 7-si xidmət (qadın gözəllik salonu), 3-ü istehsal (çörəkbişirmə) sahələri, 1-i isə pərakəndə satışla məşğuldur. Bu gün dünyanın inkişaf etmiş ölkələrində biznes mühitinə kifayət qədər nüfuz edib nailiyyətlər qazanan sahibkar qadınlar var ki, bu qadınlar ictimai, mədəni həyatda da fəallıqları ilə seçilirlər. Buna görə də biznesdə qadınların rolunun əhəmiyyətli tərəfləri haqqında araşdırıb əldə etdiyimiz məlumatları, düşünürük ki, oxucularımızla (həm də qadın oxucularımızla) bölüşmək faydalı olardı.
Əvvəlcə qeyd edək ki, mövzuya heç də gender bərabərliyi baxımından yox, qadınların sırf biznesə təsir dairəsi baxımından yanaşmağa çalışacağıq. Bu gün çoxumuz belə düşünürük ki, biznes kişilər tərəfindən idarə edilir. Ancaq bunu unuduruq ki, istənilən biznesdə uğur qazanmağın əsas motivi qadınlardır. Məşhur Harvard Universiteti tədqiqatçılarının apardığı araşdırmalara görə, istənilən alış prosesində kişilər əldə edəcəyi məhsula, qadınlar isə məhsulla yanaşı, əlavə dəyərlərə də üstünlük verirlər. Məsələn, mağaza içərisində əgər kişi hər hansı bir geyim növü alarkən onun yalnız rənginə və ölçülərinə fikir verirsə, qadınlar həmin geyimin tikilişindən tutmuş keyfiyyəti və uzunömürlülüyünədək, yuyulma qaydalarından tutmuş mağaza daxilindəki ab-havaya, göstərilən xidmətədək hər detala diqqət edirlər. Bundan başqa, əgər qadın hər hansı bir məhsul alışına görə evdən çıxırsa, o, konkret olaraq, gedəcəyi mağazanı əvvəlcədən təyin edir; kişilərdə isə bu, adətən, xaotik olaraq formalaşır. Eyni zamanda qadınlar alış zamanı ən kiçik detallara belə, diqqət edirlər. Məsələn, alınacaq məhsulda kiçik bir qüsur varsa, bu qüsur onları fikirlərindən döndərə bilir, ancaq kişilərlə məsələ o qədər də qəliz olmur. Elə bütün bunlara görə kişilər yalnız məhsul, qadınlar isə brend almağa meyilli olurlar. Aparılan statistik təhlillərə görə, dünya üzərində istehlak xərclərinin 85 faizi qadınlar tərəfindən edilir. Dünyada “kişi sənayesi” hesab edilən avtomobil sənayesi belə, öz reklamlarının qadınlar tərəfindən seyr edilməsinə çalışır. Təsəvvür edin ki, 2008-2009-cu illərdə dünya avtomobil sənayesini böhran bürüyən zaman adını çəkmədiyim bir alman avtomobil firması digər rəqiblərini geridə qoyaraq satışlarını xeyli artırmış və yaxşı qazanc əldə edə bilmişdi. Sonralar şirkət tərəfindən aparılan araşdırmalara görə, sadə bir səbəb onları böhrandan xilas etmişdi: həmin avtomobil markası son 10 il ərzində Avropa və Rusiyada qadınlar tərəfindən ən çox sevilən avtomobil olmuşdur. Necə deyərlər, avtomobil alışlarında qadınların nəzər nöqtəsi mühərrikin gücündən də vacib faktor olmuşdur. Başqa bir misal. Kişilər üçün istehsal edilən bir çox fərdi aksesuarların qadın jurnallarında niyə yerləşdirildiyini düşünmüsünüzmü? Çünki həmin brendlər məhsullarının yalnız qadınlar tərəfindən bəyənildikdən sonra satışlarının artdığını gözəl bilirlər və bu strategiyanı heç vaxt unutmurlar. Deməli, buradan belə bir nəticəyə gəlmək mümkündür ki, sektordan asılı olmayaraq, məhsulunuz qadınlar tərəfindən sevilmirsə, işləriniz yaxşı getməyəcək.
Çox zaman qadınlar biznesə bu qədər yaxın və təsirli olduqlarının fərqinə varmırlar. İndi isə qadınların biznesdə əsl səlahiyyət sahibi olduqlarını – sahibkar olduqlarını düşünək. Məncə, mənzərə hamı üçün aydın olacaq. Deməli, bu sahədə maariflənməyə ehtiyac var. Qadınlarımız sahibkarlıq ruhunu daha dərindən hiss etməlidirlər. Çünki Azərbaycan qadını digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək zirvələr fəth edə bilər. Necə deyərlər, dünyanı gözəllik xilas edəcəksə, sahibkarlıq fəaliyyətində də qadınlarımızı çox görməliyik.
Səbuhi HƏSƏNOV