Cari ilin birinci rübündə bank və digər kredit təşkilatları
tərəfindən 9,4 milyon manat kredit verilib
Müasir bazar iqtisadiyyatı şəraitində muxtar respublikamızda bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklarımız tərəfindən həyata keçirilən səmərəli kreditləşmə prosesi müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, bu sahələrdə fəaliyyətin genişləndirilməsi, nəticə etibarilə, əhali tələbatlarının ödənilməsi ilə müşahidə olunur. Muxtar respublikamızda kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Bu sahələr içərisində kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan kənd təsərrüfatının yüksək sürətli inkişafına nail olmaq üçün bu sahədə səmərəli kreditləşmənin aparılması vacib şərtlərdən biridir. Bu gün banklar və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahələrinə verilən güzəştli kreditlər kənd təsərrüfatı məhsulları istehsalının artmasına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, aqrar sektorun və onunla əlaqədar olan digər sahələrin inkişafına birbaşa təsir göstərir.
Eyni zamanda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyasının tələbata uyğun genişləndirilməsi, onların çoxsahəli və səmərəli olmasının təmin edilməsi, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiq edilməsi də qarşıya qoyulan ən önəmli vəzifələrdəndir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 aprel 2014-cü il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşları 84,4 milyon, o cümlədən qısamüddətli kredit qoyuluşu 13,4 milyon manat, uzunmüddətli kredit qoyuluşu isə 71 milyon manat olmuşdur.
Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, fərdi təsərrüfatların inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında mühüm rol oynamışdır.
Səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına, iqtisadi aktivliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olmuşdur. Bank və digər kredit təşkilatları tərəfindən 2014-cü ilin birinci rübü ərzində 9,4 milyon manat kredit verilmişdir ki, bunun da 5,3 milyon manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditin 3,5 milyon manatı kənd təsərrüfatının, o cümlədən 930 min manatı bitkiçiliyin, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 85,8 min manatı isə arıçılıq və quşçuluğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 318 min manatı sənaye, 300 min manatı tikinti, 1 milyon manatı kommersiya, 14,7 min manatı nəqliyyat, 4,3 milyon manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
2014-cü ilin birinci rübündə muxtar respublikanın rayon və kənd yerlərində yaşayan əhalinin bank xidmətlərinə olan tələbatlarının ödənilməsi məqsədilə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yeni filialları fəaliyyətə başlamışdır. Bundan əlavə, cari ilin yanvar ayından etibarən “Naxçıvanbank” ASC tərəfindən kənd təsərrüfatı və biznes üçün verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, eyni zamanda kiçikhəcmli kreditlərin verilmə prosedurları sadələşdirilmişdir.
Banklar tərəfindən 2014-cü ilin 1 aprel tarixinə 2194 hüquqi, 23 min 871 fiziki şəxs olmaqla, 26 min 65 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 23 min 158-i işlək hesab olmuşdur ki, onların 1273-ü hüquqi, 21 min 885-i fiziki şəxsdir.
Cari ilin ilk üç ayında 46 hüquqi, 5663 fiziki şəxs olmaqla, 5709 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 5654-ü işlək hesabdır.
2014-cü ilin ilk 3 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 84 milyon manat nağd pul dövriyyəyə buraxılmışdır.
Elektron ödəniş sistemlərindən istifadənin genişləndirilməsi, nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində də bir sıra işlər görülmüş, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılması daim diqqət mərkəzində saxlanılır. Qeyd olunan dövrdə POS-terminalların quraşdırılması davam etdirilmiş, 1 aprel 2014-cü il tarixə sayı 396 ədəd olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 233 ədəd artmışdır.
Görülmüş işlər sayəsində muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilərlər. 2014-cü ilin ilk üç ayı ərzində “Naxçıvanqaz” İstehsalat Birliyində banklar tərəfindən 39 ədəd POS-terminal quraşdırılmışdır. Eyni zamanda bu xidmətləri göstərən “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində də quraşdırılmış 11 ədəd POS-terminal vasitəsilə sakinlər kommunal xərclərin ödənişini həyata keçirə bilərlər. Cari ilin birinci rübündə POS-terminallarla aparılan əməliyyatların həcmi 1 milyon 171 min manat təşkil etmişdir.
“Naxçıvanqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən vətəndaşların kommunal ödənişlərini kartdan istifadə etməklə internet üzərindən həyata keçirmələri təmin edilmişdir.
Bütün bunlarla yanaşı, 2014-cü ilin ilk üç ayı ərzində elektron ödəniş alətlərinin və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri də aparılmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan mal satan və xidmət göstərən sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilmiş, onlara müvafiq tövsiyələr verilmişdir.
Eyni zamanda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə muxtar respublikanın təhsil müəssisələrində, bir sıra nazirlik və digər dövlət orqanlarında çalışan ödəniş kartı istifadəçiləri ilə görüşlər keçirilmiş, onlara ödəniş kartlarından istifadənin üstünlükləri barədə məlumatlar verilmiş və nağdsız ödənişlərin iqtisadiyyatın inkişafında nə dərəcədə mühüm rol oynadığı bildirilmişdir. Görüşlər zamanı nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin təbliği məqsədilə videoçarxlar nümayiş etdirilmiş, bu istiqamətdə əsaslı rol oynayan internet resursları (saytlar) haqqında məlumatlar verilmiş və internet üzərindən ödənişlərin həyata keçirilməsi əyani şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Bunlarla yanaşı, ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları, bukletlər dərc edilmiş və muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə ödəniş kartı istifadəçilərinə paylanılmışdır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 169 min 377 ədəd təşkil edirdisə, hazırda ödəniş kartlarının ümumi sayı 188 min 545 ədədə çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 168 ədəd artmışdır. Vətəndaşların, xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinət alan sakinlərin tamamilə ödəniş kartları vasitəsilə təmin edilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
Bütün bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasında, təsərrüfat subyektlərində maliyyə şəffaflığının təmin olunmasında mühüm rol oynayacaqdır.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi