Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın pərakəndə və topdansatış ticarət obyektlərində çalışan satıcıların mövcud ticarət qaydalarını öyrənməsi istiqaməti üzrə qısamüddətli təkmilləşdirmə kurslarına başlanılıb. On gün davam edəcək kurslarda satıcılar topdansatış və pərakəndə ticarət, ərzaq məhsullarının keyfiyyətinə olan tələbat, ticarət, iaşə və xidmət sahəsində qüvvədə olan qaydalar və onların icrası üzrə məsuliyyət, habelə müasir marketinq fəaliyyətində mühüm yer tutan alıcı-satıcı münasibətlərinin əhəmiyyəti mövzusunda mühazirələri dinləyəcəklər.
Naxçıvan Biznes Mərkəzi tərəfindən təşkil edilən kursun keçirilməsində əsas məqsəd sahibkarlıq subyektlərinin maarifləndirilməsi, bu sahədə biliklərin təkmilləşdirilməsindən ibarətdir. Sonda kursu müvəffəqiyyətlə bitirənlərə mərkəz tərəfindən sertifikatlar veriləcəkdir.
Qeyd edək ki, ötən il muxtar respublikada topdan və pərakəndə satışla məşğul olan 155, ictimai-iaşə xidməti sahəsində çalışan 23 nəfərə belə sertifikatlar verilib.
Xəbərlər şöbəsi