Şərur rayonundakı Cəlilkənddə yeni quruculuq tədbirlərinə başlanılıb. Bu tədbirləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Quruculuq tədbirlərindən biri yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin bu kənddəki fəaliyyətini yaşatmaq məqsədilə yaradılmış muzey üçün yeni bina inşa olunmasıdır. Məlumat üçün bildirək ki, mövcud muzey binası sökülərək müasir arxitektura üslubunda tikilmiş yeni binada əsas inşaat işləri başa çatdırılıb. Hazırda muzeyin daxilində işlər davam etdirilir.
Muzey binasına yaxın ərazidə isə xidmət mərkəzi inşa olunur. Burada sənaye, ərzaq, təsərrüfat malları, ətriyyat və ət satışı mağazaları fəaliyyət göstərəcək.
Kənd mədəniyyət evinin binası da yenidən qurulur.
İdarədən aldığımız məlumata görə, inşaatçılar yaxın günlərdə Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 18 mənzilli yaşayış binasının yenidən qurulmasına başlayacaqlar. Yeni layihəyə əsasən, binanın mənzil sahəsinin artırılması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, rayonun Diyadin və Kürkənd yaşayış məntəqələrində də kompleks quruculuq tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi