22 Dekabr 2024, Bazar

Davamlı dinamik inkişafa nail olmaq hər bir ölkədə yeridilən iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan iqtisadiyyatın dövlət tənzimlənməsi vasitəsi kimi səmərəli kreditləşmə mexanizminin təmin edilməsi mühüm istehsal və xidmət sahələrinin fəaliyyətinin canlanması, əhali gəlirlərinin artırılması və alınmış kreditlərin qaytarılma imkanlarının genişləndirilməsi ilə nəticələnərək belə məqsədlərə çatmağa xidmət edir. Çox məsuliyyətli və eyni zamanda olduqca vacib olan kreditləşmə bu zaman öz zəmanətini dövlətin iqtisadi və sosial həyatda yaratmış olduğu sabitlikdən alır. Və beləliklə, zəncirvari bir proses kimi davamlı sabitlik kreditlərin, uzunmüddətli kreditləşmə isə daha uzaq gələcəyə yönəlmiş stabil inkişafın zəmanətçisi kimi qarşıya çıxır.

Kredit alıb iş-güc sahibi olmaq, gün-güzəran qurmaq iqtisadi inkişafın bir yolu kimi çoxdan məlumdur. Cəmiyyətin inkişafı ilə insan tələbatlarının genişlənməsi bəzən elə bir mərhələyə çatır ki, bu zaman iqtisadi fəaliyyət subyektləri və ya əhalinin müəyyən təbəqələri mövcud tələbatlarının ödənilməsi üçün iqtisadi resurslar mövcud olduğu halda, çatışmayan maliyyə resurslarını məhz kreditlər hesabına təmin edə bilirlər. Əgər diqqət etsək, burada iqtisadi resurslar və buna müvafiq olaraq maddi nemətlərin mövcud olması ilk şərt kimi qoyulmuşdur. Başqa cür ola da bilməz. Ona görə də kreditləşmənin aparılması üçün ilk olaraq bazarın tələbatlarını ödəyəcək həcmdə istehsal və xidmət potensialının yaradılması, ödəniş qabiliyyətli istehlak səviyyəsi tələb olunur. Məhz buna görə də kredit mexanizminin, xüsusən uzunmüddətli kreditləşmənin iqtisadi artımın dinamikasının yüksək olduğu inkişaf etməkdə olan ölkələrdə daha geniş yayıldığı təsadüfi deyildir. Ölkəmizdə də cəmiyyətin bütün sahələrində olduğu kimi, iqtisadi sahədə də bərqərar olmuş sabitlik şəraitində müxtəlif məqsədlərlə verilən uzunmüddətli kreditlərin həcmi əhalinin real tələbatlarına mütənasib olaraq ildən-ilə artmaqdadır.
Kreditləşmə təminatlılıq, qaytarılma, müddətlilik və məqsədlilik prinsipləri əsasında aparılaraq, son nəticədə, cəmiyyətdə maddi nemətlərin və xidmətlərin həcminin artırılmasına xidmət edir. Bəziləri kreditləri yalnız biznesin qurulması və ya genişləndirilməsi üçün istifadə edildiyini düşünsə də, müasir dövrdə kommersiya, istehlak, ipoteka, kənd təsərrüfatı kreditləri və sair geniş yayılmış, hətta ölkələr də bir-birlərindən və beynəlxalq təşkilatlardan müəyyən iqtisadi layihələrin həyata keçirilməsi üçün kreditlər alırlar. Beləliklə, kredit dedikdə müasir dövrdə müəyyən iqtisadi, sosial və siyasi məqsədlərə çatmaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu istiqamətdə aparılan işlərin davamlılığı və qarşılıqlı etibarlılığı isə, şübhəsiz, ölkədə hökm sürən dayanıqlı sabitlikdən çox asılıdır.
Ümumiyyətlə, iqtisadi sabitlik təkcə kredit münasibətlərinə deyil, ölkədəki sığorta və maliyyə münasibətlərinə də ciddi təsir edib, yeni iş yerlərinin açılması, xarici ticarətin genişlənməsi ilə nəticələnir, mühüm yeni istehsal və xidmət sahələrinin yaradılması ilə özünü göstərir. Bu, cəmiyyətin inkişafının elə bir məqamıdır ki, iqtisadi fəaliyyətin genişləndirilməsi üçün əlverişli mühit yaradıldıqda əhali və bütün iqtisadi subyektlər bundan dərhal bəhrələnmək və yeni bazar imkanlarını dəyərləndirmək üçün rəqabətə girirlər. Təbiətdə olduğu kimi, cəmiyyətdə də sabitlik havası hökm sürdüyü və buna uzunmüddətli zəmanətlər olduğu bir şəraitdə isə uzaq perspektivə yönəlmiş proqnozların verilməsi asanlaşır ki, bu da həm kredit verənin, həm də kredit alanın öz işini qurmasına imkan verir.
Kreditlərin növləri çoxdur və hazırda ölkəmizdə müxtəlif məqsədlər üçün bir çox növdə kreditlər verilməkdədir. Naxçıvan Muxtar Respublikasında da bu sahə istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması və ən mühümü, əhali gəlirlərinin artırılması ilə paralel olaraq ildən-ilə genişlənir. Sənaye, kənd təsərrüfatı və xidmət sahələrində kiçik biznesin genişləndirilməsi üçün verilən mikrokreditlərdən və əhalinin istehlak tələbatının ödənilməsi üçün nəzərdə tutulan müxtəlifhəcmli istehlak kreditlərindən əlavə, müxtəlif mənbələrdən, o cümlədən Sahibkarlığa Kömək Fondu tərəfindən kifayət qədər uzun dövrləri əhatə edən, eyni zamanda güzəştli faizlərlə müxtəlif məbləğlərdə kreditlər verilməkdədir. Bu da hazırkı mərhələdə, yəni muxtar respublikada hərtərəfli inkişaf və intibah proseslərinin vüsət aldığı bir dövrdə daha vacibdir. Çünki əhalinin həyat səviyyəsinin daim yüksəldilməsi dövlətin əsas məqsədlərindəndir. Bu isə öz nəticəsini hər ötən il verilən kreditlərdə göstərməkdədir. Təkcə 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yeni biznes sahələrinin yaradılması və mövcud iş yerlərinin genişləndirilməsi məqsədilə kredit qoyuluşlarının həcmi 84 milyon manatdan çox olmuşdur. Verilmiş kreditlərin sahə strukturuna baxdıqda görürük ki, onların 38,6 faizi sənaye məhsulu istehsalına, 33 faizi kənd təsərrüfatının inkişafına, 12,9 faizi ev təsərrüfatlarının genişləndirilməsi və istehlaka yönəldilmiş, 2,8 faizi ipoteka məqsədilə sərf edilmişdir. Kredit verilməsinin dinamikasına nəzər saldıqda isə 2012-ci  ildə və ondan əvvəlki illərlə müqayisədə digər sahələrlə yanaşı, ipoteka məqsədli kreditlərdəki dinamik artım diqqəti cəlb edir. Kreditləşmə fəaliyyətində özəl bankların və qeyri-bank kredit təşkilatlarının xüsusi çəkisindəki böyük üstünlük isə real sektorla banklar arasındakı yüksək təminatlılıqdan xəbər verir ki, bu da sektorda dövlət tənzimlənməsinin əhəmiyyətini bir daha ortaya qoyur. Muxtar respublikada kreditləşmə sahəsində belə inkişafı əhali gəlirlərinin artması ilə yanaşı, hər şeydən əvvəl, iqtisadi sahədəki sabitliklə əlaqələndirmək mümkündür.
İnsan tələbatları sonsuzdur və cəmiyyətimiz inkişaf etdikcə onlar da genişlənir. Bu tələbatların hər cür vasitə ilə, o cümlədən uzunmüddətli kreditlər verilməsi yolu ilə ödənilməsi isə xalqın dövlətə, dövlətin də öz xalqına verdiyi dəyər, qarşılıqlı inam və etibarın göstəricisidir. Bunu yaradıb, bütün tərəflərə zəmanət verən iqtisadi sabitlik, əslində, cəmiyyətdə hər kəsə verilən bir kreditdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR