“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır. Bu sahədə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda da yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir hissəsini də magistral yolların yenidən qurulması təşkil edir. Artıq muxtar respublikamızda magistral yolların çoxu yenidən qurulmuşdur. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral avtomobil yolu və bu magistral yolları birləşdirən Naxçıvan dairəvi avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Dairəvi avtomobil yolu Naxçıvan şəhərinin girişindəki Əliabad qəsəbəsindən başlanıb Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində Naxçıvan-Culfa magistral avtomobil yoluna birləşir ki, bu da ağırtonnajlı yük maşınlarının şəhərə daxil olmadan hərəkətinin təmin olunmasına imkan verir.
2012-ci il may ayının 30-da muxtar respublikamızda səfərdə olan Azərbaycan Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak etmiş, muxtar respublikada digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yeniləşməsi istiqamətində də görülən işləri yüksək qiymətləndirərək demişdir: “Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Bu vaxta qədər, ya bu arada dairəvi yol tikilibdir. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir”.
Ölkə başçısı yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir: “Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Yeni yol layihələri icra edilir. İndi kənd yollarına üstünlük verilir. Çünki magistral yollara gəldikdə onların, demək olar ki, bütün parametrləri icra edilir. Kənd yollarının tikintisi növbəti illərdə başa çatmalıdır. Beləliklə, həm magistral, həm dairəvi, həm də kəndləri, bütün yaşayış məntəqələrini birləşdirən yollar yüksək səviyyədə olmalıdır”.
Yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər uğurla davam etdirilmiş, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Çeşməbasar-Boyəhməd, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Hacıvar-Vayxır-Sirab yolu yenidən qurularaq istifadəyə verilmişdir.
Son illər muxtar respublikamızda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması da başa çatdırılmış, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, yolun hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılmışdır. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücülər və su keçidləri də inşa edilmişdir. Ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış, iki il müddətində başa çatdırılmışdır. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir.
Bu il aprelin 7-9-da muxtar respublikamızda səfərdə olan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak etmiş, muxtar respublikada digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yeniləşməsi istiqamətində görülən işləri də yüksək qiymətləndirmişdir.
Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulmasını Şahbuz rayon sakinləri minnətdarlıq hissi ilə qarşılayır, bu quruculuq tədbirini onlara göstərilən davamlı dövlət qayğısının nəticəsi hesab edirlər.
Ayrınc kənd sakini Məhərrəm İsmayılov: – Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən Şahbuz rayonuna da xeyli pay düşmüş, ayrı-ayrı yaşayış məntəqələrində təhsil, səhiyyə, mədəniyyət müəssisələri, kənd mərkəzləri tikilib istifadəyə verilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikamıza səfəri zamanı Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun istifadəyə verilməsi hər bir rayon sakini kimi, məni də sevindirir. Çünki bu layihələrin həyata keçirilməsi bölgə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla yanaşı, yük və sərnişindaşıma xidmətinin yüksək səviyyədə qurulmasına, maşın və mexanizmlərin, eləcə də avtomobillərin istismar müddətinin uzadılmasına da səbəb olacaq.
Şahbuz şəhər sakini Ramiz Cəlilov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulmasından sonra ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunun turizm imkanlarından istifadə etməyə geniş imkanlar açılacağını, nəticə etibarilə, muxtar respublikamıza gələn qonaqların rahatlığının təmin olunacağını bildirdi.
Şahbuz şəhər sakini Daşqın Alməmmədov: – “Abad yurd yolundan bəlli olar” deyiblər. Muxtar respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Şahbuz rayonunda da həyata keçirilən, insanların rahatlığına və firavan yaşamasına hesablanmış kompleks quruculuq tədbirləri güclü və qüdrətli dövlətimizin iqtisadi inkişafının göstəricisi, insanlara göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Bizə bu şəraiti yaradan, rahatlığımızın təmin olunması üçün mühüm tədbirlər həyata keçirən dövlətimizə minnətdarlığımızı bildiririk.
Kərəm HƏSƏNOV