22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü ilin ilk rübü ərzində də qorunub saxlanılmışdır.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənc­lər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışlarında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş,  muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan  yeni texnika və silahlara baxmışdır.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi və abadlıq-qurucu­luq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır.
İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada 432 milyon 72 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 2,6 faiz üstələmişdir. 2014-cü ilin yanvar-mart aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 991,4 manat (1263,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 33,8 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,6 faizlik payla tikinti sahəsi tutmuşdur.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 2,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətləri 2,4 faiz, o cümlədən mobil rabitə xidməti 1,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 5,5 faiz, ixracın həcmi 4,2 faiz, əhalinin gəlirləri 3,7 faiz, hər bir nəfərə düşən gəlirlər 2,2 faiz, orta aylıq əməkhaqqı isə 1,4 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Muxtar respublikada rəqabətqabiliyyətli müasir sənaye müəssisələri yaradılmaqla sənayenin infrastruktur təminatı yaxşılaşdırılmış, sənaye sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Cari ilin ilk rübündə muxtar respublikada 215 milyon 779 min manat  həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da  ötən ilin müvafiq dövründəki göstəricini 2,6 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 15 milyon 300 min manatlıq, qeyri-dövlət sektorunda isə 200 milyon 479 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,9 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

Cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 12 layihə  üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 318 min manat həcmində kredit verilmişdir.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və cari ilin ilk rübü ərzində daxili tələbatdan artıq istehsal olunmuş 39 milyon 440 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

Hərbi quruculuq

Muxtar respublikanın etibarlı müdafiəsinin təşkili istiqamətində həyata keçirilən genişmiqyaslı hərbi quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir”.
Muxtar respublikada ordu quruculuğu üzrə tədbirlər çərçivəsində cari ilin ilk rübü ərzində Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının, iki anbarın və iki yaşayış binasının tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin, Kəngərli rayonunda hərbi hissədə təlim-tədris mərkəzinin və Naxçıvan şəhərində hərbi hissədə su anbarının inşası, Şahbuz şəhərində hərbi hissədə əsgər yataqxanasının təmiri hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobil verilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

İnvestisiya qoyuluşlarının davamlılığı muxtar respublikanın dinamik inkişafını təmin edən mühüm amillərdən biridir. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala  227 milyon 361 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,3 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 191 milyon    428 min manatı və ya 84,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manat

Muxtar respublikada tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsi bu sahədə texnika və avtomobillərə olan tələbatın artmasına da səbəb olmuşdur. Cari ilin ilk rübü ərzində Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində aparılan tikinti-quruculuq işlərində istifadə olunması məqsədilə “Caterpillar” markalı 3 ekskavator, 3 yükləyici və “Mercedes-Benz” markalı 6 yük avtomobili alınaraq muxtar respublikaya gətirilmişdir.
2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada 54 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 182 müxtəliftəyinatlı obyektin isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
İnzibati binaların tikintisi üzrə 2014-cü ilin yanvar-mart ayları ərzində 3 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 19 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilir.                  
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Hazırda 8 kənd mərkəzinin inşası davam etdirilir.
Ötən dövr ərzində muxtar respublikada 1 yaşayış binasının təmiri başa çatdırılmış, 9 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması, 2 yaşayış binasının təmiri hazırda davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisinə başlanılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərməkdədir. 2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 92 min 604 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 aprel 2014-cü il tarixə Naxçıvan şəhərində 207,9 kilometr uzunluğunda kanalizasiya və 220,6 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 383,4 kilometr uzunluğunda içməli su və  243,9 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Layihə çərçivəsində 19 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.

Kənd təsərrüfatı

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, artıq 2014-cü ilin yanvar-mart aylarında proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 11 dəfə artaraq 1 milyon 391 min manata, heyvandarlıq məhsullarının həcmi isə 83 faiz artaraq 20 milyon 727 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 156 ədədi 2014-cü ilin yanvar-mart aylarında olmaqla, cəmi 1383 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2014-cü ilin yanvar-mart ayları ərzində 92 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası nağd hesablaşma və ya lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3765,6 ton mineral gübrə ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsirini göstərmişdir. 2013-cü ilin yekunu üzrə meyvə istehsalının həcmi bir il öncəyə nisbətdə 3 faiz, tərəvəz istehsalı isə 1 faiz artmışdır. Cari ilin yaz əkinləri ərəfəsində də müvafiq istiqamətlərdə inkişafın dəstəklənməsi həyata keçirilməkdədir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandar­lığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərməkdədir. 2014-cü ilin ilk rübü ərzində bu sahənin inkişafı istiqamətində 2 heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 2 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
Heyvandarlıq sahəsində yüksək məhsuldarlıq göstəricilərinə nail olunması əsas məqsəd kimi qəbul olunmaqdadır. Bu prosesin səmərəli təşkilində isə süni mayalandırma mühüm rola malikdir. 2014-cü ilin yanvar-mart aylarında heyvandarlıq təsərrüfatlarında 1733 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 1485 baş sağlam buzov alınmışdır. Bununla yanaşı, yüksək məhsuldarlıq göstəricilərinə malik olan mal-qaranın xüsusi çəkisi davamlı olaraq artırılmaqdadır.
1 aprel 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 587 baş, qoyun və keçilərin sayı isə 688 min 115 baş olmuşdur ki, bu da 1 aprel 2013-cü il tarixə olan göstəriciləri müvafiq olaraq 1,5 və 1,8  faiz üstələmişdir.
Cari ilin əvvəlindən ötən dövr ərzində heyvandarlıq məhsullarının istehsalı üzrə artım mövcud olmuşdur. Belə ki, 2014-cü ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5285,3 ton ət, 11745,2 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 1,7 və 0,3 faiz çoxdur.
Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində ilin əvvəlindən ötən dövrdə 3 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, hazırda 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi istiqamətində işlər davam etdirilməkdədir.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın inkişafı məqsədilə cari ilin ilk rübü ərzində bu sahəyə bank və kredit təşkilatları tərəfindən 71 min manata yaxın həcmdə kredit verilmişdir.
Balıqçılıq sahəsinin inkişafı istiqamətində 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi və yeni balıq cinsinin yetişdirilməsi üzrə işlər aparılır.
Ümumilikdə, cari ilin ilk rübü ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 3 milyon 463 min manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur.
2014-cü ilin yanvar-mart aylarında 22 milyon 421 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 5,8 faiz üstələyir.

Kənd təsərrüfatının ümumi məhsulu,min manat

Meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi və yeniləşdirilməsi işi üstün istiqamət kimi saxlanılmaqdadır. Ötən dövr ərzində bu sahədə görülən işləri daha da sürətləndirmək məqsədilə muxtar respublikaya 10 ədəd ekskavator və 1 ədəd özüboşaldan ağırtonnajlı yük avtomobili gətirilmişdir.
Cari ilin ötən dövrü ərzində Sədərək rayonunda nasos stansiyasının tikintisi, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan qoşa boru xəttin çəkilişi işləri hazırda davam etdirilir.
Kəngərli rayonunun Böyükdüz massivində və Şahbuz rayonunun Kolanı kəndində suvarma su xətlərinin çəkilişi başa çatdırılmış, Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndin tikintisi işləri hazırda davam etdirilir.
Muxtar respublikada 1 kəhrizin bərpası, 3 kəhrizin təmiri davam etdirilmiş, çayətrafı torpaqların yuyulmasının qarşısının alınması istiqamətində davamlı olaraq sahilbərkitmə işləri aparılmaqdadır.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublika əhalisinin artan hərəkət dinamikliyini təmin edən və iqtisadi artıma paralel olaraq inkişaf etdirilən etibarlı və əlverişli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Cari ilin ilk rübü ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi başa çatdırılmış, Qıvraq-Püsyan-Xanlıqlar və Şəkər­abad-Hacıvar avtomobil yollarının yenidən qurulması, Naxçıvan, Şərur və Ordubad şəhərlərində daxili avtomobil yollarının, Şahbuz rayonunun Sələsüz kəndində isə avtomobil yolunun təmiri davam etdirilmişdir.
Cari ilin ilk rübü ərzində Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının tikintisi başa çatdırılmış, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə yeni maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz, sərnişin daşınması isə 2,4 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 9 milyon 684 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Muxtar respublikanın davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən olan informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsinin sürətli inkişafı istiqamətində cari ilin ötən dövrü ərzində Şahbuz Rayon Rabitə İdarəsi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi 13696 abunəçi tutumlu, 37 ədəd üçüncü nəsil telefon stansiyalarından ibarətdir.
Ötən dövr ərzində “Naxtel” simsiz telefon şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində 5 ədəd yeni baza stansiyası qurulub istifadəyə verilmiş, “Naxtel”in SMS xidmət mərkəzi yaradılmış, hazırda sınaq işləri həyata keçirilir.
Naxçıvan şəhərinin Xətai məhəlləsində 320, “İstiqlal” küçəsində 256, Babək rayonunun Gülşənabad kəndində 256, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 160, Şahbuz rayonunun Mahmudoba kəndində 256 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyaları qurulmuşdur.
Bütün yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə cari ilin birinci rübündə Babək rayonunun Zeynəddin, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Əlincə, Əbrəqunus, Milax və Ləkətağ, Şahbuz rayonunun Kolanı kəndlərində DSLAM avadanlığı qurulmuş, hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizi genişzolaqlı internetlə təmin edilmişdir. Ötən dövr ərzində Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası üzrə işlər davam etdirilmişdir.
Ümumi uzunluğu 240 km olan Ordubad-Sədərək alternativ fiber-optik magistral kabel xəttinin tikintisi davam etdirilmiş, ümumilikdə, rüb ərzində muxtar respublikada 29,3 km uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir.
Yaşayış məntəqələrində rəqəmsal televiziya yayımının təmin edilməsi məqsədilə 30 azgüclü televiziya vericisinin quraşdırma və tənzimləmə işləri başa çatdırılmışdır. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar internet saytı yaradılmış, poçt markası və zərf hazırlanmışdır.
2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada 1806 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuş, 1 aprel 2014-cü il tarixə hər yüz ailəyə düşən  telefon aparatlarının sayı 67-yə çatmışdır.
2014-cü ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,4 faiz üstələyərək 11 milyon 496 min manat olmuşdur. Ümumi xidmətlərin 83,9 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,3 faiz çoxdur.

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində  təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır”.
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məq­sə­dilə cari ilin 14 mart tarixində Azərbaycan Respublika­­sının Prezidenti Naxçıvan Muxtar Respublika­sın­da “Ar­paçay-2” Su Elektrik Stansiyasının tikintisinin ma­liyyələşdirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon  manat vəsait ayrılmışdır.
Cari ilin ilk rübü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmiş, hazırda Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir.
Muxtar respublikada 8 ədəd müxtəlifgüclü transformator yarımstansiyasının quraşdırılması, 16 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı prosesi təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynamaqdadır. 1 aprel 2014-cü il tarixə 81 min 382 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Muxtar respublikaya yanacaq-sürtgü materiallarının daşınmasını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində Almaniya istehsalı olan 10 ədəd “Man” markalı avtomobil gətirilmişdir.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Sahibkarlığın inkişafı istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilməkdədir.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi işi ötən dövr ərzində də davam etdirilmişdir. 2014-cü ilin yanvar-mart ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 9 milyon 424 min 400 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2014-cü ilin ilk rübündə muxtar respublikada 5 hüquqi və 414 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 346 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 231 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 332 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin ilk rübündə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 3,7 faiz artaraq 336 milyon  908 min manata, onun hər bir nəfərə düşən həcmi isə 2,2 faizlik artımla 773 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 377,2 manata çatmışdır ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsə­dilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq işlər görülməkdədir.
2014-cü ilin ilk rübü ərzində 578 yeni iş yeri yaradılmışdır ki, bunun da 547-si və ya 94,6 faizi daimi iş  yerləridir.

İstehlak bazarı

Əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişi əmtəə dövriyyəsinin həcminin də genişlənməsini şərtləndirir. 2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 233 milyon 218 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,2 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Cəlilkənd, Babək rayonunun Güznüt və Culfa rayonunun Bənəniyar kəndlərində xidmət mərkəzlərinin yaradılması hazırda davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsini də şərtləndirməkdədir.
2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 78 milyon 789 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,9 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 50 milyon 920 min ABŞ dollarını ixrac, 27 milyon  869 min ABŞ dollarını isə idxal təşkil etmiş və 23 milyon 51 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil etməkdədir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün cari ilin ilk rübü ərzində 148 POS-terminal quraşdırılmış və bu göstərici 1 aprel 2014-cü il tarixə 396-ya çatmışdır. POS-terminallarından geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərməkdədir.
1 aprel 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 26065-ə çatmışdır ki, bunun da 23158-i və ya 88,8 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 5709 bank hesabının 5654-ü və ya 99 faizi aktiv hesab olmuşdur.
Cari ilin yanvar ayından etibarən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı sahəsi və biznes üzrə verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilməsi prosedurları sadələşdirilmiş, bankın Şərur və Culfa rayon filialları yaradılmışdır. Həyata keçirilən tədbirlər adıçəkilən rayonlarda sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsi ilə yanaşı, mux­tar respublikada kənd təsərrüfatının inkişafına da stimul verəcəkdir.
İqtisadi inkişafın yüksələn templərinə uyğun olaraq, sığorta işi daha da genişlənməkdədir. 2014-cü ilin ilk rübü ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxil­olmalar 1105,7 min manat olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 79,2 min manat və ya 7,7 faiz çoxdur.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Sosial siyasətin mühüm tərkib hissəsi kimi təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri cari ilin ötən dövrü ərzində də diqqət mərkəzində saxlanılmışdır.
İlin əvvəlindən Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun, Tibb fakültəsində klinik xəstəxananın və əsas korpusun yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində 1100 şagird yerlik 11 nömrəli, Culfa rayonunun Əlincə kəndində 252 şagird yerlik, Şahbuz rayonunun Sələsüz kəndində 234 şagird yerlik  tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmış, Ordubad şəhərində 1 nömrəli, Şahbuz şəhərində 2 nömrəli, Şərur rayonunun Diyadin, Babək rayonunun Naxışnərgiz, Ordubad rayonunun Aşağı Əylis kəndlərində məktəb binalarının tikintisi, Babək rayonunun Nehrəm kəndində 2 nömrəli, Kəngərli rayonunun Qarabağlar kəndində 1 nömrəli, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Püsyan, Dizə, Kürkənd, Axura, Babək rayonunun Qahab, Culfa rayonunun Bənəniyar kəndlərində məktəb binalarının  yenidən qurulması hazırda davam etdirilir.
Babək rayonunun Babək qəsəbəsində, Şahbuz şəhərində uşaq bağçası binalarının, Culfa rayonunun Bənəniyar kəndində uşaq musiqi məktəbi binasının tikintisi, Naxçıvan şəhərinin Qaraçuq kəndində uşaq musiqi məktəbi binasının  isə yenidən qurulması hazırda davam etdirilir.
Şərur rayonunda Şərur Peşə Liseyi binasının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğının ifadəsidir.
Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirləri istiqamətində cari ilin ötən dövrü ərzində Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, Culfa rayonunun Əlincə kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin, Şərur rayonunun Püsyan, Babək rayonunun Qahab və Güznüt kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır.
Ölkə Prezidentinin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı muxtar respublikamızda da uğurla icra olunur. Bu aksiyadan heç kimin kənarda qalma­ması üçün xüsusi tədbirlər planı hazırlanmış, dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilmiş, şəhər və rayon tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilmişdir. Muxtar respublikada aprel ayının 1-dək 193 min 248 vətəndaş tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilmişlər.
Ötən dövr ərzində aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğı ilə əhatə olunmuş, 15 nəfər xəstədə göz əməliyyatı, 25 nəfər xəstədə isə gözün müayinəsi aparılmışdır.
2014-cü ilin ilk rübündə  muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 863 min 488 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ümumilikdə, bu dövr ərzində 537 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 51 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanı məhdud 55 uşağın müalicəsi təşkil olunmuş, 14 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 mart 2014-cü il tarixə bir il öncəyə nisbətdə 7 min 279 nəfər artaraq 435 min 986 nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 28 milyon 313 min manatdan çox vəsait yönəldilmişdir. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 48 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. 2014-cü ilin ilk rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz, o cümlədən özəl sektor üzrə 15,4 faiz artmışdır.
Bədən tərbiyəsi və idman infrastrukturunun müntəzəm əsasda yaxşılaşdırılması istiqamətində Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Şərur şəhərində əl topu oyunları idman meydançasının əsaslı təmiri, Naxçıvan Dövlət Universitetinin Olimpiya-İdman Korpusunun isə təmiri hazırda davam etdirilir.
Muxtar respublikada tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və bərpası davamlı xarakter almışdır. 2014-cü ilin ilk  rübü ərzində Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin tikintisi başa çatdırılmış, Dövlət Bayrağı Meydanının və Fəxri Xiyabanın, Naxçıvançay vadisində parkın tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində və Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidlərin tikintisi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin təmiri hazırda davam etdirilir.
Naxçıvan şəhərində Şəhidlər Muzeyinin, Şərur rayonunda Cəlilkənddə C.Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, Cəlilkənddə Mədəniyyət  Evinin yenidən qurulması, Ordubad şəhərində Y.Məmmədəliyevin ev-muzeyinin əsaslı təmiri hazırda davam etdirilir.
Şərur rayonunda Cəlilkənddə və Ordubad şəhərində  “Buzxana” tarix-memarlıq abidələrinin  bərpası işləri davam etdirilməkdədir.
Muxtar respublikada gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzində saxlanılır. Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində istifadəyə verilmiş Gənclər Mərkəzi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması və asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Muxtar respublikada turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilməsi istiqamətində Babək rayonunda Uzunoba Su Anbarı ərazisində çimərliyin və digər infrastruktur obyektlərinin tikintisi işləri davam etdirilməkdədir. 2014-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 88 min 91 nəfər turist gəlmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 2,9 faiz və ya 2 min 479 nəfər üstələyir.  

Hüquq-mühafizə orqanları ilə iş

2014-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının tikintisi  hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binasının, “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Şöbəsinin inzibati binasının və texnika parkının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzinin tikintisi davam etdirilməkdədir.
Ümumilikdə, bu gün muxtar respublika iqtisadiyyatının kompleks modernləşdirilməsi və innovativ inkişaf mərhələsinə uyğun olaraq səmərəli qurulması uzunmüddətli dövr üçün iqtisadi artımın və dayanıqlılığın təmin edilməsinə etibarlı zəmin yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR