22 Dekabr 2024, Bazar

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm əhəmiyyət daşıyır.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınmış istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılmışdır. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılmışdır. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi göstərilmişdir. Qısa zaman ərzində yeni müəssisə inşa olunmuşdur. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılmışdır. Yeni müəssisə heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaratmış, bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal olunan qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını almışdır.

Onu da qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilmiş, idxaldan asılılıq tamamilə aradan qaldırılmışdır. Qarışıq yemin reseptindən asılı olaraq, 80-90 faizini arpa, buğda, qarğıdalı, günəbaxan küpəsi, 10-20 faizini isə minerallar, vitaminlər və antibiotiklər təşkil edir ki, bu məqsədlə də lazımi xammal ehtiyatı yaradılmışdır. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. 
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Anbardan gətirilən xammal bunkerlərə vurulduqdan sonra üyüdülür. Üyüdülmüş məhsul elevator vasitəsilə qarışdırma bunkerində qarışdırılır və avtomatik olaraq paketləmə sahəsinə göndərilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikantlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Yeni istehsal sahəsinin yaradılması yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır. Belə ki, müəssisədə 25 nəfər daimi işlə təmin olunmuş, işçilərə normal iş şəraiti yaradılmışdır.

Dilrubə NOVRUZOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR