22 Dekabr 2024, Bazar

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratmışdır. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 

Son illər Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolunun, ötən il isə 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılmışdır. Layihəyə uyğun olaraq, eni 25, asfalt örtüyünün eni isə 17,2 metr olan Naxçıvan-Culfa magistral avtomobil yolunda yol yatağı genişləndirilmişdir. Əlincəçay üzərində uzunluğu 193, eni 24 metr olan monolit körpü inşa edilmiş, magistral yolun ayrı-ayrı hissələrində müxtəlif ölçülərdə 103 su­ötürücü qurğu inşa olunmuş və 15 kilometr uzunluğunda suaparıcı kanal salınmışdır. Naxçıvan Beynəlxalq Hava Limanından Culfa gömrük-keçid məntəqəsinədək olan 32 kilometrlik məsafədə dördzolaqlı avtomobil yoluna və yol ayırıcılarına asfalt-beton örtük salınmış, yol nişanlanması yüksək keyfiyyətlə aparılmışdır.

Muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak etmiş, muxtar respublikada digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yeniləşməsi istiqamətində də görülən işləri yüksək qiymətləndirərək demişdir: “Mən çox şadam ki, qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar tikilir, xiyabanlar salınır. Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Bu vaxta qədər, ya bu arada dairəvi yol tikilibdir. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir”.
Ölkə başçısı yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir: “Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Yeni yol layihələri icra edilir. İndi kənd yollarına üstünlük verilir. Çünki magistral yollara gəldikdə, onların, demək olar ki, bütün parametrləri icra edilir. Kənd yollarının tikintisi növbəti illərdə başa çatmalıdır. Beləliklə, həm magistral, həm dairəvi, həm də kəndləri, bütün yaşayış məntəqələrini birləşdirən yollar yüksək səviyyədə olmalıdır”.
Dövlət başçısının 2011-ci il 2 sen­tyabr tarixli Sərəncamı ilə tikintisinə başlanılan, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarında yenidənqurma işləri başa çatdırılmışdır. Avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmış, 2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksi istifadəyə verilmişdir. Naxçıvan dairəvi avtomobil yolunun kənarında inşa olunan, 3 min kvadratmetrdən artıq geniş bir ərazini əhatə edən bu kompleksdə eyni vaxtda 120-dən çox yük avtomobilinə xidmət göstərilməsi üçün yüksək şərait yaradılmışdır. Kompleksdə yerli və beynəlxalq yük daşınması ilə məşğul olan sürücülərin, eləcə də kompleksin xidmətlərindən istifadə edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılaraq burada inşa olunmuş 2 korpuslu binanın ikinci mərtəbəsində moteltipli yataq otaqları istifadəyə verilmişdir. Kompleksin özünəməxsus üstün cəhətlərindən biri də burada müasir tələblərə cavab verən yeni anbar binasının tikilməsidir. Ümumi sahəsi 1138 kvadratmetr olan anbar tranzit və karqo yüklərin qəbuluna, saxlanılmasına və göndərilməsinə imkan verir. Ərazidə avtomatik idarə olunan 80 tonluq yük tərəzisi və nəzarət-videokamera sistemi quraşdırılmış, açıq avtomobil dayanacaqları yaradılmışdır.
Bunlardan əlavə, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun müasir standartlar səviyyəsində yenidən qurulmasına başlanılmış və bu istiqamətdə işlər “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin kollektivləri ötən il respublika və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işlərinin aparılması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərmiş, Naxçıvan şəhərində Naxçıvançay üzərindəki körpü yenidən qurulmuş və həmin istiqamətdə yol keçidlərinə asfalt-beton örtük salınmışdır. Bundan başqa, Püsyan-Xanlıqlar avtomobil yolu təmir olunmuş, uzunluğu 4 kilometr olan Danyeri, 4,5 kilometr olan Qarxun, 3,5 kilometr olan Dərəkənd, 3,4 kilometr olan Qorçulu kənd avtomobil yolları yenidən qurulmuşdur. Culfa rayonunda daxili avtomobil yollarında və Culfa-Ordubad magistral avtomobil yolunda təmir işləri aparılmış, Çeşməbasar-Boyəhməd avtomobil yolunun keçdiyi Ləkətağ, Ərəfsə, Milax, Xoşkeşin, Bənəniyar, Əbrəqunus, Ərəzin, Çeşməbasar kəndlərində yol birləşmələrinə asfalt örtük salınmışdır. Kəngərli rayonunun daxili avtomobil yollarında da təmir işləri aparılmış, Qıvraq-Püsyan avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir. Ordubad şəhərində şəhərdaxili, Aza-Biləv-Bist, Dəstə-Dırnıs, Ordubad-Nüsnüs, Əylis-Düylün-Çənnəb avtomobil yollarında təmir işləri görülmüş, uzunluğu 7,7 kilometr olan Biləv-Parağa avtomobil yolu yenidən qurulmuş, 2 körpü təmir edilərək üzərinə asfalt-beton örtük salınmışdır. Həmçinin Gənzə kənd avtomobil yolunda 13 paqonometr uzuluğunda körpü tikilmişdir.
Babək rayonunun daxili avtomobil yollarındakı çalalar təmir edilmiş, “Əshabi-Kəhf” ziyarətgahına gedən yolda yol yatağı genişləndirilmişdir. Uzunluğu 2,9 kilometr olan Kərimbəyli və 3,1 kilometr olan Nehrəm kənd avtomobil yollarına, rayon Prokurorluğu üçün tikilmiş inzibati binanın həyətinə və Hacıvar kənd tam orta məktəbinin ətrafına asfalt-beton örtük salınmışdır.
Ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunda da rayondaxili yollarda və Naxçıvan-Biçənək avtomobil yolunda təmir işləri görülmüş, istinad divarlarının tikintisi həyata keçirilmiş, Ayrınc kənd avtomobil yolu təmir olunmuşdur. Uzunluğu 6 kilometr olan Külüs-Keçili avtomobil yolu yenidən qurulmuş və həmin yolda 12 paqonometr uzun­luğunda körpü tikilmişdir. Leysan yağışları və sel daşqınlarının vurduğu ziyanı aradan qaldırmaq məqsədi ilə rayondaxili avtomobil yollarında təmir-bərpa işləri aparılmışdır.
Yüksək keyfiyyətli asfalt-beton istehsalı da diqqət mərkəzində saxlanılmış, ötən il 99 min 424 ton asfalt-beton istehsal olunmuş, 135 kilometr uzunluğunda yeni yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü isə yenidən qurulmuşdur. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, regionumuzda mövcud olan 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr isə yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunmasına əlverişli şərait yaradılmışdır. Kəskin kontinental iqlim şəraiti olan muxtar respublikamızda soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinin təmin edilməsinə hərtərəfli şərait yaradılmış, bütün texnikalara baxış keçirilmişdir. Belə ki, 12 ədəd avtoqreyder, 29 ədəd özüyükünü­boşaldan avtomaşın, 8 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 3 ədəd ekskavator və 5 ədəd avtoyükləyici saz vəziyyətə gətirilərək ərazilərə yerləşdirilmişdir.

Ucqar dağ və sərhəd kəndlərinə gedən avtomobil yollarının qardan təmizlənməsində operativliyi təmin etmək məqsədi ilə DT-75 markalı buldozerlər lazımi ehtiyat hissələri, sürtgü yağları ilə təmin edilmişdir. Həmçinin avtomobil yollarının buzdan təmizlənməsində mühüm rol oynayan qum tədarükü də diqqət mərkəzində saxlanılmış, Əliabad qəsəbəsi yaxınlığındakı Şorsu massivindən daşınan xammal Naxçıvan Asfalt-Beton Zavodunda quraşdırılmış qum-çınqıl karxanasında üyüdülərək ayrı-ayrı rayonlara göndərilmiş, ümumilikdə, 1000 kubmetr qum ehtiyatı yaradılmışdır. Vaxtında həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, qarlı-çovğunlu günlərdə belə, avtomobil yollarında hərəkətin intensivliyi təmin olunmuşdur.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR