22 Dekabr 2024, Bazar

Ulu Tanrı öz səxavətini bu qədim yurd yerindən əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. Qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Bu yaxınlarda yolumuzu bu rayondan saldıq: tarixə qovuşan 2012-ci ildə bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri görmək, zəhmətkeş şərurluların günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olmaq üçün. Naxçıvan-Sədərək magistralı boyu bu yolların, muxtar respublikamızın bir neçə il əvvəlki görkəmini xatırlayırdım. Düşünürdüm ki, qısa zaman kəsiyində gör necə böyük işlər görülüb.

 Yol düzgün seçiləndə və ya Şərurun quruculuq xəritəsində 2012-ci ilin ərməğanları

Bu qənaət muxtar respublikamızda artıq aforizmə çevrilib. Və qədim diyarımızın hansı ünvanına – istər rayon mərkəzlərinə, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə qədəm qoysaq, bu aforizmin bəhrələrini görərik. Elə götürək Naxçıvan-Sədərək magistral yolunu. Dünya standartlarına cavab verən bu yol böyük təşkilatçılıq, sabaha cavabdehlik hissinin ifadəsidir. Qısa müddətdə başa çatdırılan bu böyük layihə həm də “Yol mədəniyyətdən başlanır” deyimini yada salır. Bunu arxada qoyduğumuz Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsindən keçərkən bir daha təsdiqləyirik. Elə Şərura qədər yolun sonrakı hissələrində gördüklərimiz də qəlbimizi dağa döndərir. Muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni bir mərhələyə qədəm qoyduğunu isə Şərur şəhərində bir daha görürük.
Ötən il rayon mərkəzində və kənd yaşayış məntəqələrində 50-dək ünvanda tikinti-qurucu­luq işləri aparılıb. Şərur Rayon Rabitə İdarəsi, Danyeri kəndində məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, məscid, Dərəkənddə məktəb, kənd və xidmət mərkəzləri, Qorçulu kəndində məktəb, kənd mərkəzi, xidmət mərkəzi, Aralıq kəndində məktəb, Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbi binalarının tikintisi və yaxud yenidən qurulması başa çatdırılıb. Bundan başqa, Qorçulu, Qarxun, Dərəkənddə avtomobil yollarının yenidən qurulması həyata keçirilib. Hazırda rayon mərkəzində yaşayış binalarının təmiri, Araz çayı boyu sahilbərkitmə işləri, Arpaçay-2 Su Elektrik Stansiyasının, rayon İcra Hakimiyyətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Şöbəsinin inzibati binalarının tikintisi, Püsyan-Xanlıqlar avtomobil yoluna asfalt örtük salınması və digər quruculuq tədbirləri davam etdirilir. Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarı ilə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.

Torpaq mülkiyyətçiləri üçün uğurla başa çatan daha bir il

Ötən il Şərurun zəhmət adamları əkinçiliyin müxtəlif sahələrində, meyvəçilik və üzümçülükdə, heyvandarlıqda yüksək göstəricilərə nail olublar. Bölgənin torpaq və iqlim şəraitinin taxılçılıq üçün çox əlverişli olması, bu sahənin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, taxılçılıqda qazanılan zəngin təcrübə, rayonda taxıl emalı müəssisələrinin, çörəkbişirmə sexlərinin şəbəkəsinin genişləndirilməsi əldə olunan nailiyyətlərin təməlində duran başlıca amillərdir. Hesabat ilində torpaq mülkiyyətçiləri 9 min 177 hektar sahədə taxıl əkini keçiriblər. Sahələrdən 22 min 750 tonu buğda, 5 min 480 tonu arpa olmaqla, 28 min 230 ton məhsul götürülüb. Məhsuldarlıq orta hesabla 30,8 sentner təşkil edib ki, bu da muxtar respublikada ən yüksək göstərici sayılır. Yeri gəlmişkən bir məsələni də qeyd edək ki, onlarla taxılçı məhsuldarlığı 45-50 sentnerə çatdırıb. Belə yüksək nəticələrə nail olunmasında taxılçılara müxtəlif dövlət yardımlarının verilməsi mühüm rol oynayıb. 2012-ci ildə 1766 torpaq mülkiyyətçisinə buğda istehsalının stimullaşdırılması məqsədilə 7425 hektar əkin sahəsinə görə 297 min manat məbləğində pul vəsaiti, 1145 ton mineral gübrə verilib. 1500 nəfər taxıl əkini üçün 2 milyon 83 min 100 manat kredit götürüb. Taxılçılar 2013-cü ilin bol məhsulunun əsasını qoymaq üçün ötən ilin payızında 7425 hektar sahədə taxıl əkini keçiriblər. Əkin zamanı şırım üsuluna üstünlük verilib.
2012-ci il digər sahələrdə də nailiyyətlər qazanılıb. 485 hektar paxlalı əkin sahəsindən 1510 ton məhsul götürülüb. Tərəvəzçilikdə məhsuldarlıq 125 sentner olub. Belə ki, torpaq mülkiyyətçiləri tərəvəz üçün ayırdıqları 1560 hektar sahədən 19 min 454 ton məhsul tədarük ediblər. Kartofçuluqda məhsuldarlıq 132 sen­tnerə çatdırılaraq 736 hektardan 9 min 774 ton məhsul yığılıb. Bostan məhsulları istehsalında da göstərici yüksək olub. Torpaq mülkiyyətçiləri 468 hektar sahədə 5218 ton məhsul istehsal ediblər. Əkinçiliklə məşğul olan 4222 nəfərə 4 milyon 613 min 900 manat məbləğində kredit verilməsi torpaq mülkiyyətçilərinə göstərilən davamlı dövlət qayğısının ifadəsidir.
Şərur həm də dadlı meyvə və üzüm məhsulları istehsal edilən bölgədir. Ötən il 17 min 971 ton meyvə, 1401 ton üzüm tədarük edilib.
Rayon əhalisinin təzə ət, süd məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə 2012-ci ildə də ciddi önəm verilib, bu sahələrdə uğurlu nəticələrə nail olunub. Hazırda rayonda 32 min 360 baş iribuynuzlu, 112 min 560 baş xırdabuynuzlu heyvan, 7620 arı ailəsi saxlanılır. Qeyd edək ki, tarixən dəvəçiliyin inkişaf etdirildiyi Şərurda bu sahəyə maraq artıb. Hazırda rayonda 48 dəvə, 56 dəvəquşu bəslənilir.
Bölgədə quşçuluğun inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlığa yaradılan şəraitdən səmərəli istifadə olunaraq Zeyvə kəndində illik istehsal gücü 750 ton quş əti, 9 milyona yaxın yumurta olan quşçuluq təsərrüfatı yaradılıb. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 113 ton olan 3 soyuducu anbar istifadəyə verilib. Ötən il müəssisə tərəfindən 12 ton quş əti, 2 milyon 340 min ədəd yumurta istehsal olunub.
Rayonun torpaq mülkiyyətçiləri cari ildə daha yüksək göstəricilərə nail olmaq əzmindədirlər. Bunun üçün onların hər cür imkanları var. Son illər rayonda həyata keçirilən meliorasiya tədbirləri torpaqlardan daha səmərəli istifadə etməyə imkan verib, hektarlarla sahə əkin dövriyyəsinə qatılıb. Suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində görülən işlər ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan yaşıllıq sahələrinin artırılmasına imkan verib. Belə ki, bəhs olunan dövrdə 11,5 hektar sahədə yaşıllıq salınıb, 24 min 438 ədəd meyvə, 21 min 150 ədəd meşə ağacı, 5290 ədəd gül kolu, 3050 ədəd dekorativ ağac olmaqla, ümumilikdə, 53 min 928 ədəd ting və gül kolu əkilib. 45 hektar sahədə isə meşəbərpa işləri aparılıb.

Xidmət sahələrinin fəaliyyəti qənaətbəxşdir

Rayonda əhaliyə göstərilən poçt və rabitə xidmətinin səviyyəsi ilə maraqlandıq. Öyrəndik ki, ötən il Rabitə İdarəsi tərəfindən əhaliyə 598 min manatlıq xidmət göstərilib. Bölgənin Dərəkənd, Danyeri, Yuxarı Aralıq, Qarxun və Qorçulu kəndlərində rabitə sistemi tamamilə yenidən qurulub. Bu ünvanlarda 320 ədəd rabitə dirəyi yeniləşdirilib, 4 min 200 metr uzunluğunda yeraltı kabel xətti çəkilib, 44 min 160 metr uzunluğunda optik bağlantı kabelindən istifadə olunub. Həyata keçirilən tədbirlər hesabına kənd avtomat telefon stansiyalarının nömrə tutumu 3 min 728 ədəd artıb. Hazırda rayonda abonentlərin sayı 13 min 888-dir. 2012-ci ildə 374 yeni telefon xətti çəkilib.
Fasiləsiz elektrik enerjisi ilə təminat da diqqət mərkəzində saxlanılıb, 7 ədəd yeni transformator quraşdırılıb, 70 transformator əsaslı, 139 transformator cari təmir olunub. Ötən il hava xətlərində də əsaslı təmir aparılıb, 25,6 kilometr uzunluğunda yeni hava və 1332 metr uzunluğunda yeraltı kabel xətləri çəkilib. Tikinti-quruculuq tədbirləri həyata keçirilmiş kəndlərdə 4 transformator quraşdırılıb, 8,2 kilometr uzunluğunda yeni hava xətti istifadəyə verilib.
Hazırda Gümüşlü kəndində inşa olunan 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisində son tamamlama və sınaq işləri aparılır. Aşağı Yaycı kəndi yaxınlığında isə yeni su elektrik stansiyası inşa olunur.
Əhalinin mavi yanacaqla təminatını daha da yaxşılaşdırmaq məqsədilə 2012-ci ildə bir sıra işlər görülüb, 8,5 kilometr uzunluğunda yeni qaz xətti çəkilib. 183 yeni evə qaz xətti çəkilərək abonentlərin sayı 17 min 465-ə çatdırılıb.

Təhsil, mədəniyyət, səhiyyə işçiləri öz işlərini günün tələbləri səviyyəsində qurublar

Rayonda 58 ümumi və tam orta məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 2012-ci ildə də məktəblərin maddi-texniki bazalarının gücləndirilməsi diqqət mərkəzində saxlanılıb, təhsilin səviyyəsinin yüksəldilməsinə çalışılıb. Təhsil ocaqlarında 687 kompyuterdən istifadə olunur ki, bunların 550-si internetə qoşulub. Şagirdlərin ixtiyarına 105 elektron lövhə verilib. Ötən tədris ilində məktəbi 822 məzun bitirib, onlardan 598 nəfəri ali təhsil müəssisələrinə sənəd verib, 291 abituriyent tələbə adını qazanıb. Onlardan 10 nəfəri 600-dən yuxarı, 7 nəfəri isə 650-dən yuxarı bal toplayıb. Üç nəfər qəbul imtahanlarında daha uğurlu nəticə göstərdiyindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. Qarxun kənd tam orta məktəbi “İlin ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
Rayonda qazanılan uğurlar səhiyyə sahəsini də əhatə edir. Bu gün Şərurda rayon mərkəzi xəstəxanası, 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası və 23 feldşer-mama məntəqəsi əhalinin xidmətindədir. Ötən il Danyeri kəndində müasirtipli həkim ambulatoriyası istifadəyə verilib.
Rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili ötən il də diqqət mərkəzində saxlanılıb, 1 mədəniyyət sarayı, 25 mədəniyyət evi, 39 klub, mərkəzləşdirilmiş kitabxana sistemi və 58 filial, uşaq kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Rayonun mədəniyyət işçiləri “Milli dəyərlər ili”nə töhfələrini verməyə səy göstərib, bölgənin “Yallı” ansamblları və Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı il ərzində maraqlı repertuarla əhali qarşısında çıxış ediblər.

Əhalinin məşğulluğu təmin edilir, sosial müdafiəsi gücləndirilir, yaşayış səviyyəsi yüksəlir

Onu qeyd etməyə dəyər ki, son 20 ilə yaxın müddətdə muxtar respublikada müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin bir qolunu da əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün insanların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması təşkil edir. Davamlı xarakter alan belə tədbirlər əhali tərəfindən razılıqla qarşılanır. Ötən il Şərur rayonunda da reallaşdırılan bir sıra tədbirlər bölgə sakinlərinin rifah halını xeyli yüksəldib. Belə ki, rayon Məşğulluq Mərkəzi tərəfindən 604 nəfər işaxtaran vətəndaş qeydə alınıb, il ərzində 3 əmək yarmarkası keçirilib. Qeydə alınmış işsiz vətəndaşlardan 497 nəfəri daimi işlə, 50 nəfəri isə müvəqqəti işlə təmin olunub.

Şərurlular 2013-cü ilə yüksək əhval-ruhiyyə ilə qədəm qoyublar

Cari ilin ilk ayı başa çatmaqdadır. Şərurun növbəti ilə yüksək əhval-ruhiyyə ilə qədəm qoymasını həmsöhbət olduğumuz insanların çöhrələrindən, söhbətlərindən, həyatın öz axarı ilə davam etməsindən görmək mümkün idi. Tikinti-quruculuq işləri davam etdirilir, emal və sənaye müəssisələri yeni ildə daha böyük uğurlar qazanmaq əzmi ilə çalışır, insanlar rayonun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Ötən il qazanılanları son hədd hesab etməyən rayon sakinləri 2013-cü ildə də yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb. Bu qayğı getdikcə artır, insanların həyat tərzi yaxşılaşır.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR