22 Dekabr 2024, Bazar

Möhkəm təməllər üzərində qurulmuş milli iqtisadiyyatın yaradılması, ilk növbədə, ölkədə bərqərar edilmiş dayanıqlı sabitlikdən və etibarlı xammal-enerji təminatına əsaslanan təsərrüfat əlaqələrinin qurulmasından asılıdır. Bu baxımdan dünyada karbohidrogen mənşəli enerji daşıyıcılarının ehtiyatının gedərək azalması və qiymətinin artması, onların regionlar üzrə qeyri-bərabər paylanması hər bir ölkənin öz müstəqil enerji siyasətini yürütməsi zərurətini ön plana çəkir. Enerjidən asılılığın həm qlobal, həm də regional miqyasda bəzən çox gərgin vəziyyət yaratdığı bir dövrdə enerji strategiyalarının həyata keçirilməsi, daha etibarlı, daha ucuz, ekoloji təmiz və bərpaolunan enerji mənbələrinin tapılıb üzə çıxarılması və onlardan səmərəli istifadə edilməsi məsələləri hər kəsi düşündürən həyati vacib problemlər səviyyəsinə qalxmışdır.

Ölkəmizdə enerji təhlükəsizliyi­nin təmin olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər dövründə, keçən əsrin 70-80-ci illərində Azərbaycanda uzunmüddətli yanacaq-enerji potensialı yaradılması istiqamətində görülmüş işlər digər ittifaq respublikalarını qısqandıracaq səviyyədə idi. O dövrdə ulu öndərin böyük nüfuzu və səyləri sayəsində Azərbaycanın neft-qaz sektorunda dövrün ən yeni texnoloji avadanlıqları tətbiq olunur, ölkəmiz ittifaqın bu sahə üzrə kadr hazırlığı mərkəzi halına gətirilir, su və istilik elektrik stansiyalarının sayı get-gedə artırılırdı. Bütün bunlar Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji təminatı sahəsində də tam müstəqil, kimsədən asılı olmadan inkişaf edib yaşaya bilməsi üçün həyata keçirilirdi.
Bəs enerji təhlükəsizliyi nədir? Bu sual bir çoxlarına yaxşı tanış olsa da, amma gəlinən nəticə odur ki, onu tam həll edib birdəfəlik olaraq gündəlikdən çıxarmaq da mümkün deyildir. Belə demək olar ki, enerji təhlükəsizliyi ölkənin sərhəd toxunulmazlığı və ərzaq təhlükəsizliyi ilə eyni səviyyədə olan əhəmiyyətini qorumaqla milli təhlükəsizlik strategiyasının əsasını təşkil edir. Yəni dünyada suveren şəkildə var olub, müstəqil yaşamaq istəyən hər bir ölkədə bu üç vacib məsələ zəmanət altına alınmalıdır. İri dövlətlər tərəfindən enerji təminatının qlobal siyasətin bir halına gətirildiyi müasir dövrdə enerji ilə təminatda az da olsa, asılı vəziyyətdə olanların nə qədər təzyiq altında olduqlarını xüsusilə son günlərdə daha yaxından görməkdəyik.
Bütün bunlar enerji daşıyıcıları baxımından zənginliyindən və ya enerji sərfi səviyyəsindən asılı olmayaraq, hər bir ölkə üçün çox əhəmiyyətlidir. Buna görə də ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi sahəsində son illərdə görülən işlərin uğurunu ümummilli lider Heydər Əliyevin memarı olduğu milli təhlükəsizlik arxitekturasının davamı kimi qiymətləndirmək lazımdır. Dünyada bəziləri tərəfindən yürüdülən enerji oyunlarına düşmədən sağlam inkişaf xəttini qoruyub saxlayan ölkəmiz özünün müstəqil enerji siyasəti ilə tərəfdaş ölkələrin etibarını qazanmaqla həm də öz enerji təhlükəsizliyini tam şəkildə həll etməyə müvəffəq olmuşdur. Konkret olaraq, ötən dövrdə Naxçıvan Muxtar Respublikasının ərazicə ölkəmizdən ayrı düşməsinə baxmayaraq, daxili enerji resursları ilə özünü tam təmin etməsi və hətta ixrac qabiliyyəti səviyyəsinə gəlib çatması buna tutarlı sübutdur.
Naxçıvan Muxtar Respublikasının enerji təminatı məsələləri özünəməxsusdur. Əgər keçmiş ittifaq dövründə elektrik enerjisi o zaman yaradılmış və ən etibarlı hesab olunan dairəvi sistemə əsaslanaraq ötürülürdüsə, SSRİ-nin dağılması və məlum hadisələrin başlanması ilə belə yanaşmanın doğru olmadığı dərhal üzə çıxdı. Enerji daşıyıcılarının nəqli və ötürülməsinə əngəl yaradılması bütöv bir regionun çıxılmaz vəziyyətə düşə biləcəyini göstərirdi. Bu baxımdan 1990-cı illərin əvvəllərində Naxçıvandakı vəziyyəti və hal-hazır­da Avropanın mərkəzində enerji maraqlarının sərt şəkildə toqquşması ilə yaranmış gərginliyi xatırlatmaq kifayətdir. Deməli, enerji və ərzaq kimi vacib sahələrdə nə qədər strateji əməkdaşlıq müqavilələri imzalansa da, nə qədər müttəfiqlər qazanılsa da, ən etibarlı partnyorun ölkənin və regionun öz daxili imkanlarına əsaslanan öz milli yanacaq-enerji kompleksi olduğunu deyə bilərik. Dünyada enerji daşıyıcılarının qeyri-bərabər paylandığı, yanacaq-enerji ehtiyatlarından səmərəli istifadəyə imkan verən son texnologiyaların iri şirkətlərin əlində olduğunu nəzərə alsaq, o zaman bir daha görmək olar ki, enerji təhlükəsizliyi məsələsində görülən hər iş, ümumilikdə, ölkənin ümumi iqtisadi inkişaf məsələlərini şərtləndirən, onların dayanıqlılığını müəyyən edən mühüm amildir.
Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülmüş işləri bir neçə mərhələdə ümumiləşdirmək mümkündür. Əgər ilk dövrdə Naxçıvanda kəsilmiş təbii qaz və elektrik enerjisi probleminin həlli üçün yollar axtarılırdısa, sonralar bu məsələnin həll olunması ilə muxtar respublikada əhalinin və istehsal müəssisələrinin enerji ilə təminatı həyata keçirilmişdir. Ancaq muxtar respublikanın coğrafi mövqeyi və regiondakı geostrateji durum buraya təkcə təbii qaz və elektrik enerjisi ötürülməsi ilə kifayətlənmədən regionun öz daxili imkanlarının dövriyyəyə cəlb edilməsini tələb edirdi. Enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində bu üçüncü mərhələ Naxçıvan Muxtar Respublikasının hidroenerji potensialından istifadəni özündə ehtiva edərək qısa müddət ərzində regionun tələbatlarından da artıq miqdarda güclü enerji potensialı yaratmağa imkan vermişdir.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi ölkə başçısı səviyyəsində daim diqqətdə saxlanılır. 2010-cu il oktyabr ayının 5-də Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edən dövlət başçısı bu əlamətdar hadisənin “sadəcə olaraq, görülən işlərin yeni mərhələsi” kimi çox böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Biləv Su Elektrik Stansiyasının açılışında dövlət başçısı demişdir: “Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir… Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür… Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda,  biz buna nail olmaq üçün bütün tədbirləri görürük”. 2010-cu ildə Naxçıvana səfəri zamanı enerji təhlükəsizliyinin yeni mərhələsinin başlandığını bildirən ölkə rəhbəri Naxçıvanda yeni hidroenerji ehtiyatlarının potensialından istifadə olunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu önə çəkmişdir. Əgər 2006-cı ildə Naxçıvana təbii qazın verilməsi ilə Modul Elektrik  Stansiyasının işə düşməsi muxtar respublikada ciddi bir dönüş yaratmışdısa, artıq indi bir-birinin ardınca su elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində muxtar respublika özünün heç kimdən asılı olmayan enerji potensialı ilə növbəti mərhələyə, bu regionun enerji mərkəzi halına keçməyə başlamışdır. Bu il aprel ayının 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edən dövlət başçısı enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri  belə xarakterizə etmişdir: “Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz Vayxır, Biləv Su Elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib”.
Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirindəki nitqində də Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən danışaraq demişdir: “Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. İndi Naxçıvanın elektrik enerjisi potensialı 220 meqavata yaxındır. Bu imkanları son illərdə tikilmiş elektrik stansiyaları yaratdı. Bu gün elektrik enerjisi ilə heç bir problem yoxdur. Nəinki bu gün, gələcəkdə də olmayacaqdır. Çünki biz, əlbəttə, öz enerji potensialımızı elə təşkil etməliyik ki, uzun illər bundan sonra da sürətli inkişafımızı təmin etsin. Çünki heç bir inkişaf elektrik enerjisiz mümkün deyildir. Naxçıvanın artan iqtisadi potensialı, sənaye inkişafı, artan əhalisi diktə edir ki, elektrik enerjisi ilə təchizat daim yüksək səviyyədə təşkil edilsin. Yəni, bir sözlə, bu gün bu məsələ öz həllini tapıbdır”.
Naxçıvanda yeni su elektrik stansiyalarının tikintisi bu gün də ölkə rəhbərinin diqqət mərkəzindədir. Bu yaxınlarda Azərbaycan Prezidentinin İran İslam Respublikasına rəsmi səfəri zamanı Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanmışdır. Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsindən sonra Naxçıvanın elektrik enerjisinə olan tələbatı tamamilə su elektrik stansiyaları hesabına ödəniləcək, muxtar respublikanın bu sahədə ixrac potensialı daha da artacaqdır.

İnamlı inkişaf üçün sağlam düşüncə və qəti addımlar tələb olunur. Əgər təbiətin töhfəsi ilə qətiyyətli ideyalar üst-üstə düşərsə, onda insanın yaradıcı qüvvəsi hər şeyə qadirdir. Hələ lap yaxın keçmişdə qaranlıq, soyuq gecələr keçirən Naxçıvanın bugünkü çıraqban mənzərəsi bunun hər yerdə mümkünlüyünə ən inandırıcı sübutdur. Bütün bunlar isə burada, blokada şəraitində yaşayan Naxçıvanda həyata keçirilmişdir. Keçmişə diqqət, gələcəyə məhəbbət, insana hörmət! Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etsək: “Budur bugünkü müasir yanaşma və budur Naxçıvanın inamlı inkişafı”.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR