22 Dekabr 2024, Bazar

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artmış, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizə qədəri özəl sektorun payına düşmüşdür.    
Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyev bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmişdir. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılmışdır. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılmış, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmişdir.

İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunmuş, 3 istehsal sexi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilmişdir. Müəssisənin ətrafında abadlıq işləri aparılmış, asfalt-beton örtük salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.
Bu müəssisədə layihəyə uyğun olaraq, İtaliya, Almaniya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılacaq, laminat-mətbəx avadanlıqları, PVC akrelit parlaq panellər və melamin örtüklü plitələr istehsal olunacaq. Artıq laminat-mətbəx avadanlıqları istehsalı sahəsində kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal prosesi avtomatlaşdırılmışdır. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsində keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılmışdır. PVC akrelit parlaq panellər və melamin örtüklü plitələr istehsalı sahələrində isə mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, dünyada məşhur olan İtaliyanın “Omma” şirkətinin avadanlıqları quraşdırılacaq. Bağlanmış müqaviləyə uyğun olaraq, may ayının sonundan dəzgahların idxalına başlanılacaq və həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır.
Müəssisəyə xammal İtaliya, Almaniya, Koreya, Rumıniya və Türkiyə respublikalarından idxal olunacaq. Əvvəllər ölkəmizdə, o cümlədən muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunurdusa, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılacaq. İstehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunacaqdır.
Qeyd edək ki, yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaqdır. İlkin olaraq müəssisədə 40-45, tam fəaliyyətə başlayandan sonra isə 70-80 nəfər daimi işlə təmin ediləcək. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə müəssisədə çalışacaq işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunmuşdur. Bu da imkan verəcək ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Mebel materialları istehsal ediləcək bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarına, İran İslam Respublikasına, Gürcüstan və Orta Asiya respublikalarına da ixrac olunacaqdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR