Naxçıvanın ərzaq təhlükəsizliyi tam təmin olunub
Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: ...Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə tanış olmuşam. O sərgidə Naxçıvanda son illər ərzində yaradılmış müəssisələrin məhsulları nümayiş etdirilirdi. Bu da çox sevindirici haldır. Çünki yerli istehsal artır. Naxçıvanın sənaye potensialı artır, ixrac artır və Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır.
Müasir dünyada ölkələrin ərzaq təhlükəsizliyi əsas strateji hədəflərdən sayılır. Çünki dünya əhalisinin getdikcə artması, bu səbəbdən təbii ehtiyatların getdikcə azalması və dünya düzəninin dəyişməsinə bu və ya digər dərəcədə təsir göstərən ictimai-siyasi proseslərin daim aktiv vəziyyətdə saxlanılması insanların təbii ehtiyacı olan qidalanmanı qlobal problemə çevirmişdir. Maraqlı, eyni zamanda ürəkağrıdıcı problemlərdən biri də odur ki, ümumsivilizasiya qapısına gündən-günə daha da yaxınlaşan qlobal dünyada hələ də aclıqdan əziyyət çəkən milyonlarla insan var.
Bu sahədə rəsmi mənbə kimi Birləşmiş Millətlər Təşkilatının ərzaq təhlükəsizliyi barədə hesabatlarına nəzər yetirsək, görərik ki, son 3 ildə qeydə alınan belə insanların sayı dünya əhalisinin 12 faizini təşkil edib. Əlbəttə, bu, kifayət qədər ciddi bir rəqəmdir. Elə buna görə də inkişaf edən ölkələrdə problemin həll olunması istiqamətində müvafiq addımlar atılır, sənaye və kənd təsərrüfatı sahələrində ciddi tədbirlər görülür.
Hamımıza aydındır ki, ölkəmizdə müstəqilliyimizin bərpa edilməsindən sonra, bir çox sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan aqrar sahədə də yaranmış vəziyyət ürəkaçan deyildi. Ötən əsrin sonlarına doğru Azərbaycanın müxtəlif region və bölgələrində olduğu kimi, muxtar respublikamızda da uzun illər boyu zəhmətlə yaradılmış aqrar ixtisaslaşma məhv edilir, əkin sahələrinin çoxu aidiyyəti üzrə istifadə edilmirdi. Keçmiş SSRİ-nin ərzaq təhlükəsizliyində mühüm rol oynamış Azərbaycanda ötən əsrin səksəninci illərinin sonunda bir çox kənd təsərrüfatı sahələrinin – üzüm, pambıq, çay plantasiyalarının Moskvanın göstərişi əsasında ləğv edilməsinin strateji planlarımıza necə ziyan vurduğunu indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Hansı ki, bu aqrar ixtisaslaşmanın arxasında illərin zəhməti dayanırdı.
Azərbaycan müasir dünya tarixində nadir ölkələrdəndir ki, iyirmi ildən artıq davam edən müharibə vəziyyətində belə, iqtisadiyyatını gücləndirmiş, regional və beynəlxalq əhəmiyyətli layihələrə imza atmışdır. Və yaxud götürək Naxçıvan Muxtar Respublikasını. Regionda bütün iqtisadi layihələrin blokada şəraitində həyata keçirildiyinin bəzən fərqinə varmırıq. Yəni ərzaq təhlükəsizliyinin təmin edilməsi işi digər regionlardan fərqli olaraq, yaranmış mürəkkəb vəziyyətdə belə, lazımınca icra olunur. Bu sahədəki iqtisadi mənzərəni göz önünə gətirmək, düşünürük ki, yerinə düşər.
Məlum olduğu kimi, muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Dövlət proqramının mahiyyəti vətəndaşların sağlam həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə təmin edilməsindən, idxaldan asılılığın minimuma endirilməsindən və bu sahədə gələcək üçün mükəmməl infrastruktur bazanın yaradılmasından ibarətdir. Dövlət proqramının ötən dövr ərzində uğurla yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regiona növbəti səfəri zamanı bir daha səsləndirilmişdir. Ölkə başçısı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə demişdir: “... Dünən Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə tanış olmuşam. O sərgidə Naxçıvanda son illər ərzində yaradılmış müəssisələrin məhsulları nümayiş etdirilirdi. Bu da çox sevindirici haldır. Çünki yerli istehsal artır. Naxçıvanın sənaye potensialı artır, ixrac artır və Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır. Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır”.
Qeyd etmək lazımdır ki, əhalinin etibarlı ərzaq təminatı ilə bağlı məlum dövlət proqramından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi, eyni zamanda “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın uğurla başa çatdırılması nəticəsində muxtar respublikada əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr əldə edilmiş, bazarda rəqabət səviyyəsinin yüksəlməsinə əlverişli şərait yaranmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada 346 növdə və 988 çeşiddə məhsul istehsal olunur. Yaradılmış müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Qeyd edilənləri son 10 ilin iqtisadi mənzərəsi ilə təsvir edək: 2003-2013-cü illərdə Ümumi Daxili Məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 dəfə artmışdır.
Təbii ki, yuxarıda sadalanan statistik rəqəmlər muxtar respublikanın həm sənaye, həm də kənd təsərrüfatı potensialını ortaya qoyur. Əhalinin etibarlı ərzaq təhlükəsizliyi ilə bağlı yaradılmış bu potensial bazanın inkişafı bu gün də uğurla davam etdirilir. Unutmayaq ki, haqqında bəhs etdiyimiz ərzaq təhlükəsizliyi üzrə dövlət proqramının uğurlu icrasına bu və ya digər şəkildə yardım edən başqa layihələr də var. Məsələn, onlardan biri hal-hazırda icrası davam etdirilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”dır. Muxtar diyarın əlverişli iqlim xüsusiyyətləri, münbit torpaqları hələ orta əsrlərdən buranın dadlı meyvələri ilə tanınmasında böyük rol oynamışdır. Nəzərə almaq lazımdır ki, tarixin heç bir dövründə – istər mütərəqqi aqrar imkanların olmadığı orta əsrlərdə, istər sonrakı dövrlərdə, istərsə də sovetlər tərkibində olduğumuz zaman meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün diyarın mövcud potensialından lazımınca istifadə olunmamış, bu istiqamətdə yetərli addımlar atılmamışdır. Kənd təsərrüfatının adıçəkilən bu sahələrinin inkişaf etdirilməsi və buna strateji hədəf kimi yanaşılması yalnız son 18 ildə həyata keçirilən tədbirlər sayəsində mümkün olmuşdur. Rəqəmlərə diqqət edək: meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində ötən il 67 min tona yaxın tərəvəz, 58 min tondan çox meyvə və giləmeyvə tədarük olunmuşdur ki, bu da 1995-ci ildəki göstəricidən müvafiq olaraq 51,5 və 3 dəfə çoxdur. Ancaq unutmayaq ki, bu, son hədd deyil. Fəaliyyət funksiyasından asılı olmayaraq, muxtar respublikada müxtəlif müəssisə və təşkilatlar tərəfindən proqramın icrası yönündə atılan addımlar, müxtəlif meyvə bağlarının salınması bir daha bu işə kütləvi yanaşmanı ortaya qoyur. Yəni ağac əkib-becərmək, onu hasilə gətirmək bu diyarın hər bir sakininin təbiət (eyni zamanda dövlət proqramı) qarşısında borcuna çevrilmişdir. Təbiidir ki, məhsul əldə etməklə iş həll olunmur. Bu məhsullardan əhalinin bütün fəsillərdə istifadəsi üçün indiyədək Naxçıvan şəhəri də daxil olmaqla digər bölgələrdə yerləşmək şərtilə 12 min ton tutuma malik 17 ədəd soyuducu anbar tikilərək istifadəyə verilmişdir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramı eyni zamanda muxtar respublikada kənd təsərrüfatı məhsullarının bölgələr üzrə ixtisaslaşmasına şərait yaradır. Məlumdur ki, ərazilərin torpaq tərkibi və regionun çoxiqlimlilik xüsusiyyəti hər əkin növünə fərdi yanaşmanı və müvafiq xüsusiyyətləri nəzərə almağı tələb edir. Hazırda həyata keçirilən bu aqrar ixtisaslaşmanın bəhrələrini yaxın gələcəkdə görmək mümkün olacaqdır.
Bir maraqlı məqamı da oxucularımızla bölüşmək istərdim. İstər meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi, istərsə də ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramları əhalinin iqtisadi rifahının təmin edilməsi ilə bərabər, həm də bazar iqtisadiyyatının istehlakçıya təqdim etdiyi biznes mədəniyyətini ortaya qoyur. Fikrimizi bir az da aydınlaşdıraq. Cari ilin yanvar ayının 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” təsdiq edilmişdir. Proqramın müvafiq bəndində Naxçıvan şəhərində ixtisaslaşmış “Yaşıl Market” və “Fermer Mağazası”nın yaradılması nəzərdə tutulmuşdur. Etiraf edək ki, indiyədək Naxçıvan şəhərində bu cür ixtisaslaşmış kənd təsərrüfatı mağazaları mövcud olmamışdır. Bu mağazaların fəaliyyətə başlaması bizə nə vəd edir? Nəzərə alaq ki, bütün inkişaf etmiş şəhərlərdə kənd təsərrüfatı məhsullarının satıldığı bazarlarla yanaşı, mağazalar da fəaliyyət göstərir. Bu gün süd, pendir, göyərti, meyvə-tərəvəz almaq istəyən şəhər sakinləri bu məhsulları əldə etmək üçün yalnız günorta vaxtınadək bunları əldə etməlidirlər. Ərzaq mağazalarında satılan bu məhsulların seçim imkanlarının az olması sakinlərə xeyli problem yaradır. Digər tərəfdən, nəzərə alaq ki, gündən-günə inkişaf edən dünyada insanların vaxtı daha da az olur. Necə deyərlər, “təzə məhsulu yalnız bazardan, həm də sübh tezdən əldə etmək olar” məntiqi müasir biznes qaydalarına uyğun gəlmir. İstehlakçı üçün hər məhsul yeni, keyfiyyətli və əlçatan olmalıdır. Maraqlı tərəflərdən biri də odur ki, digər ölkələrdə bu layihələri sahibkarlar, bizdə isə dövlət həyata keçirir.
Bütün bu qeyd etdiklərimiz bir daha belə bir nəticəyə gəlməyimizə imkan verir ki, əhalinin etibarlı ərzaq təminatı istiqamətində həyata keçirilən tədbirlər bazar iqtisadiyyatının hərtərəfli inkişafı ilə bərabər, həm də muxtar respublikamızın strateji hədəflərə doğru inamla addımladığını göstərir.
Səbuhi HƏSƏNOV