22 Dekabr 2024, Bazar

Şənbəllənin vətəni Cənub-Şərqi Asiya və Aralıq dənizi sahilləridir. Cənubi və Mərkəzi Avropa ölkələri üçün də rayonlaşdırılmışdır. Haliyədə bu ölkələrdə əkilib-becərilən şənbəllə bitkisini yunan samanı da adlandırırlar. Hindistanda bəzi qəbilələr bu bitkiyə müqəddəs nemət kimi sitayiş edirlər. İran, İraq və Türkiyə dövlətlərinin inzibati ərazilərində isə yabanı halda bitən növlərinə təsadüf olunur. Bir çox Avropa ölkə­lərində yem, qida və dərman bitkisi kimi mədəni növləri geniş ərazilərdə əkilib-becərilir.
Şənbəllənin Zaqafqaziya üçün də rayonlaşdırılmış sortları vardır. Ötən əsrin 50-60-cı illərində – ictimai təsərrüfatlar dövründə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yem bitkisi kimi əkilib-becərilmişdir. Muxtar respublikamızda şənbəllənin istifadə olunan sortu keyfiyyət göstəricilərinə görə ən perspektivli sort hesab edilmiş və rəsmi şəkildə Naxçıvan zonası üçün rayonlaşdırılmışdır.
Şənbəllə paxlalılar fəsiləsinə mənsub birillik bitkidir. Kökü mil şəkilli, nazik və azacıq şaxələnmiş olur. Kökünün rəngi ağımtıl-bozdur. Boğaz hissəsində qalınlığı 1-1,8 santimetrə çatır. Kökləri bərk, tez sınandır. Bir bitkidə kök yumrularının sayı 10-45-ə qədər olur. Kökün torpaqda dərinliyə uzunluğu 60-90 santimetr, ətrafa yayılma diametri isə 12-25 santimetrdir.
Şənbəllə xarici görünüşünə görə inkişafının əvvəllərində daha çox yoncaya oxşayır. Bitkinin boyu 70-160 santimetrə qədər ucalır. Gövdənin əsasında diametri 1,7 santimetrə qədər olur. Cavan gövdələrinin sayı 2,5-5, buğumlarındakı məsafə 10-30 santimetrdir. Əsasən bir gövdəli olur, çox az halda əlavə budaqlar əmələ gətirir. Gövdənin içi boş, üzü tüklüdür və açıq-yaşıl rəngdə olur.
Zəif kollandığından yerə yatır, boyu 30-170 santimetr arasında dəyişir. Normal qaydada becərildikdə və yüksək aqrotexniki qulluq tətbiq etdikdə boyu orta hesabla 60-140 santimetrə çatır.
Çiçəkləri açıq-sarı və ya sarıdır, uzunluğu 1-1,5 santimetr olub, buğumlar arasında düz dayanır. Paxlası əyri buynuz şəklində, eni 0,5 santimetrdir, uzunluğu 75 santimetrə çatır. Hər bir bitkidə 10-40 ədəd paxla əmələ gəlir. Bir paxlada 3-dən 20-yə qədər toxum olur, bəzi hallarda toxumların sayı 40-a çatır. Dənin mütləq çəkisi 15-20 qramdır. Bir bitkidə 3-6 qram toxum, bitkinin quru kütlə hesabı ilə çəkisi (toxumsuz) 3-5 qram olur.

Quraqlığa davamlı, yüksək məhsuldar bitkidir, cücərdikdən sonra 1 kvadratmetrdə orta hesabla 200-ə qədər bitki alınır. Torpağa az tələbkar, istiyə, quraqlığa, soyuğa, xəstəlik və zərərvericilərə qarşı xeyli davamlıdır. Başqa paxlalı bitkilərə nisbətən tez cücərir. 
Köklərində qısa vaxtda çoxlu kök yumruları əmələ gəldiyinə görə torpağın azotla zənginləşməsinə və özündən sonrakı kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərir. Təbabətdə işlədilir, çiçəklərindən arı ailələri istifadə edir.
Vegetasiya dövrü 70-100 gün arasında dəyişir. Səpildikdən 6-8 gün sonra cücərir. Cücərdikdən 39-47 gün sonra çiçəkləyir, çiçəklədikdən 30-42 gün sonra isə toxumu yetişib vegetasiya dövrünü başa çatdırır.
Naxçıvan Muxtar Respublikası şəraitində çoxillik təcrübələrin nəticələri göstərir ki, şənbəllə bitkisi aqrotexniki tələblər səviyyəsində becərildikdə bir hektar əkin sahəsindən orta hesabla 63,5 sentner quru ot götürmək mümkün olur. Şənbəllənin tərkibində 18 faiz protein, 14,87 faiz zülal, 2,16 faiz yağ, 2,41 faiz sellüloz vardır. Suvarılan torpaqlarda hər hektara 60-80 kiloqram toxum səpilir.
Şənbəllədən yüksək məhsul əldə etmək üçün lazım olan tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Sahə seçilərkən sələf bitkiləri nəzərə alınmalı, torpağın mexaniki tərkibi öyrənilməli, onun qida maddələri ilə təmin olunma dərəcəsi müəyyən edilməlidir. Şənbəllə, əsasən, taxıl fəsiləsindən olan bitkilər altından çıxan torpaqlarda əkildikdə daha səmərəli olur. Şənbəllə əkiləcək sahədə aparılan şumun dərinliyi 28-30 santimetr olmalıdır. Bu bitkinin iki ildən artıq eyni sahədə əkilməsi məsləhət görülmür.
Erkən yazda, payızda şumlanaraq arat olunmuş şum sahəsində 20 santimetr dərinlikdə pərşum aparılmalıdır. Pərşum aparılarkən hər bir hektara 300 kiloqram fosfor və 100-150 kiloqram kalium, 100 kiloqram azot gübrəsi verilməlidir. Əgər üzvi gübrələrdən istifadə olunarsa, onda mineral gübrələrin miqdarını azaltmaq olar. Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitində bu bitkinin optimal əkin müddəti mart ayının üçüncü ongünlüyü hesab olunur.
Səpini lentvari üsulla, adi taxılsəpənlə aparmaq olar. Taxılsəpəni işçi vəziyyətə gətirərkən nizamlamanı elə aparmaq lazımdır ki, hektara 60-80 kiloqram toxum sərf olunsun. Eyni zamanda çalışmaq lazımdır ki, toxumlar 6,5-7 santimetr dərinlik təmin edilməklə torpağa düşsün və əkindən sonra uzun müddət keçmədən torpaq suyu verilsin. İlkin cücərtilər hasilə gəldikdən sonra əkinin keyfiyyətini müşahidə etmək olar. Bunun üçün sahənin üç müxtəlif yerində kvadrat tutularaq bitkilər sayılmalıdır. Əgər bir kvadratmetrdə 150-200 bitki olarsa, əkin aqrotexniki tələblərə cavab verəcək şəkildə qiymətləndirilir.
Şənbəllə bitkisi həddindən artıq quraqlığa davamlıdır. Vegetasiya müddətində torpaq suyundan başqa 3 vegetasiya suvarması tələb edir. Vaxtlı-vaxtında nəzərdə tutulan aqrotexniki tədbirlər tətbiq edildikdə Naxçıvan şəraitində hər hektar əkin sahəsindən 65 sentner məhsul verir.
Xalq təsərrüfatında bir çox məqsədlər üçün geniş istifadə olunur. Belə ki, heyvandarlıq və quşçuluqda yem məqsədi ilə, məişətdə qida və təbabətdə dərman bitkisi kimi istifadə olunur.
Qədim Misirdə “Sarı çay” kimi məşhurlaşan ədviyyatı “Xelba” adlandırmışlar. Haliyədə bir çox ölkələrdə “Sarı çay”dan istifadə olunmaqdadır. Bu içki bədənin xəstəliklərə qarşı müqavimətini artırır və soyuqdəymə hallarının aradan qaldırılmasında istifadə olunur.
Adi çay kimi dəmləyib istifadə etmək mümkündür. Bunun üçün bir stəkan qaynadılmış suya 1-2 çay qaşığı şənbəllə toxumu əlavə etməklə vam odda 5-7 dəqiqə dəmləmək lazımdır. Dəmlənmiş çaya zövqə uyğun olaraq, süd, limon, zəncəfil və bal əlavə etməklə istifadəsi məsləhətdir.

İstifadə olunan “Sarı çay” isti günlərdə sərinləşdiricilik xüsusiyyətindən başqa, bir çox xəstəliklərin, o cümlədən soyuqdəymə, bronxial-astma, ağciyərin sətəlcəminin müalicəsində müsbət nəticələr verir. Piylənmə, xərçəng, şəkərli diabet, ürək-damar xəstəliklərinin müalicəsində, eyni zamanda zəifliyi aradan götürməklə iştahaçıcı kimi istifadə olunur. Həzmetməni artırır, maddələr mübadiləsini tənzimləyir, artıq çəkinin azaldılmasında (arıqlamaq), ürəyin fəaliyyətinin artırılmasında, qan təzyiqi, tənəffüs sisteminin və dəri xəstəliklərinin müalicəsində, saçın tökülməsində, əzələ ağrılarında, mədə-bağırsaqda olan yaralara qarşı və digər xəstəliklərdə geniş istifadə edilir.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR