Müasir dünyanın mənzərəsində elə bir ölkə çətin tapılar ki, o, digərlərinin onilliklər boyu keçdiyi yolu qısa bir müddət ərzində qət etməklə əsas inkişaf göstəriciləri üzrə diqqətləri özünə cəlb edə bilsin. Bu mənada həm daxili, həm də xarici siyasətdəki uğurları, innovativ yeniliklərin cəmiyyət həyatına tətbiqi və regional inkişafdakı nailiyyətləri ilə Azərbaycan Respublikası dünya ölkələri arasında öz nüfuzunu artıraraq region müstəvisindən çıxmış və qlobal güclər ailəsinə doğru sürətlə irəliləməkdədir. Hərtərəfli inkişafı, ölkə vətəndaşlarının rifah və təhlükəsizliyinin təmin olunmasını yalnız öz daxili imkanları hesabına həyata keçirən, bunun üçün lazım olan anda və lazım olan yerdə bütün resursları bir məqsədə yönəldə bilən güclü iqtisadiyyat modeli müstəqil Azərbaycanda uğurla tətbiq edilməkdədir. Demokratik rifah cəmiyyəti qura bilmək üçün ölkənin hər bir vətəndaşının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial dövlətin də ali məqsədi budur.
Güclü iqtisadiyyat hər şey deməkdir. Dəfələrlə sınaqdan çıxmış bu formulun yaxşı mənimsənilməsi, onun cəmiyyətin bütün inkişaf mərhələlərində insan həyatının firavanlığını, keyfiyyət səviyyəsini müəyyənləşdirən ən mühüm amil olduğunun sübuta yetirilməsi üçün heç də qeyri-adi möcüzə tələb olunmur. Çünki XXI əsr elə bir dövrdür ki, artıq qloballaşma və mədəniyyətlərarası dialoqun bütün vasitələri ilə dünyanın istənilən yerində əldə olunmuş nailiyyətlər qısa bir zamanda hər kəs tərəfindən asanlıqla qavranılaraq tətbiq edilir. Azərbaycan vətəndaşlarının layiq olduğu belə yüksək həyat səviyyəsi də vahid idarəetmə yolunun nəticəsi olaraq, əvvəlki dövrlərdə möcüzəli görünən bütün hədəflərin yalnız quru sözlə deyil, görülən real işlərlə bir-bir fəth edilməsi sayəsində əldə olunmuşdur. Beləliklə, hələ 10 il əvvəl ölkəmizdə planlaşdırılan hədəflərə çatmaq üçün görülən bütün kompleks tədbirlərin, insanların normal yaşayışı üçün yaradılan şəraitin, həyata keçirilən islahatların əhəmiyyəti indi açıq-aydın görünməkdədir. Bu məqsədlərə nail olmaq üçün ölkəmizin bütün sərvətlərindən və mövcud insan resurslarından səmərəli istifadə edilməsi tək seçim olmuş və nəticədə, müasir Azərbaycanın dinamik inkişafının mühüm şərti səbəb-nəticə əlaqələrinin məntiqi tələbi kimi özünü çox qısa müddətdə doğruldaraq, bütünlüklə cəmiyyətimiz üçün yeni strateji hədəflər yaratmışdır. Bütün bunlar isə, ümumilikdə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosialyönümlü iqtisadi inkişaf strategiyasının ölkəmiqyaslı təntənəsidir. İndi hər sadə Azərbaycan vətəndaşı bu regionun ən təhlükəsiz, ən etibarlı, ən sabit və ən firavan ölkəsində yaşamaqla haqlı olaraq özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Çünki müstəqil Azərbaycan artıq bütün sahələrdə öz təhlükəsizliyini təmin etmiş, bu regiondakı bütün iqtisadi layihələrin böyük tərəfdaşı olan və yüksək texnologiyaların sürətlə tətbiqini özündə ehtiva edən irimiqyaslı sənayeləşmə yolunu tutmuş bir ölkədir. Bu yolun keçilməsi ilə əldə olunanlar həm ölkəmizin ümumi makroiqtisadi göstəricilərində, həm də regionların sosial-iqtisadi inkişafı fonunda açıq-aydın görünməkdədir.
Müasir Azərbaycanın ümumi inkişaf panoramında özünün intibah modeli ilə inkişaf edən Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial həyatın bütün sahələrində qazandığı uğurlarla xüsusilə diqqətəlayiq bir mərhələ keçmişdir. Bu inkişaf bəziləri üçün möcüzə kimi görünsə də, əslində, muxtar respublikanın son 18 ildə keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi tamamilə qanunauyğun bir haldır. Müstəqillik illərində ölkəmizin digər regionları kimi, öz simasını dəyişən Naxçıvanda, əslində, çoxlarının gözləmədiyi bir dinamik inkişaf dalğası yaşanmaqdadır. Söhbət əgər ölkəmizin digər regionlarından fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının düşdüyü blokada şəraitinin çətinliklərindən çıxarılmasından, region iqtisadiyyatının, demək olar ki, sıfır səviyyəsindən yenidən qurulmasından və əsasən, muxtar respublikanın yerli imkanları hesabına yüzlərlə yeni istehsal müəssisələrinin yaradıla bilməsindən gedirsə, bu zaman region iqtisadiyyatında inkişafın dayanıqlılığının uzunmüddətli bir dövr üçün zəmanət altına alındığını indidən söyləmək olar.
Ötən dövr muxtar respublika iqtisadiyyatı üçün nə vermişdir? Zaman irəlilədikcə Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, eyni zamanda geniş sosial infrastruktur şəbəkəsinin formalaşdırılmasının yaratdığı həyat keyfiyyəti daha aydın görünməkdədir. Muxtar respublikada şəhərlə kənd arasında fərqlərin azaldılması, yerli xammal və ehtiyatlar hesabına yeni iş yerlərinin yaradılması bütün bu dövr ərzində daim diqqət mərkəzində olmuş, əhali gəlirlərinin artırılması, məşğulluq və məskunlaşma məsələləri dövlətin daimi qayğısına çevrilmişdir. Naxçıvanın nəqliyyat-kommunikasiya, enerji təminatı sahəsində düşmüş olduğu çətinlikləri dəf edərək öz potensialını ortaya qoyması, regionda ərzaq və enerji təhlükəsizliyinə tam nail olunması, ekoloji vəziyyətin nəzarətdə saxlanılması bu bölgə üçün bir zamanlar əlçatmaz olmuş hədəflər kimi artıq çoxdan geridə qalmış, Şərqlə Qərbin qovşağında, qədim Azərbaycan torpağında həyata keçirilmiş yeni quruculuq tədbirləri burada tarixiliklə müasirliyin uğurlu bir sintezini yaratmışdır. Beləliklə, müstəqil Azərbaycan inkişaf edib çiçəkləndikcə, onun tərkib hissəsi olan Naxçıvan da iqtisadiyyatında aparılan islahatçı tədbirlərlə öz avanqard rolunu qoruyub saxlamaqdadır.
İrəlidə isə Naxçıvanı yeni hədəflər gözləməkdədir. Təkcə 2003-cü ildən bəri iqtisadiyyatın real həcmində əldə olunmuş 12,5 dəfə, dövlət büdcəsinin həcmində 11,7 dəfə, sənayedə 45,4 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artımlar bu bölgənin indiyə qədər istifadə olunmamış potensialını ortaya qoymaqdadır. Bu dövrdə muxtar respublikada yaradılan 1000-ə yaxın istehsal və xidmət müəssisəsi və 60 minə yaxın yeni iş yeri bölgənin iqtisadi imkanlarının insan resursları ilə tamamlanması kimi çox mühüm potensialından xəbər verir. Bu, muxtar respublikada ixracyönlü iqtisadiyyatın qurulması üçün əla fürsət, geniş imkanlar deməkdir. Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın genişləndirilməsində, əhali məşğulluğunda, regionun ucqarlarının iqtisadi imkanlarından istifadədə əldə olunmuş nəticələr burada həyata keçirilən iqtisadi və sosial siyasətin möhkəm özülünü təşkil edir. İqtisadi sahədə əldə olunmuş yüksək göstəricilər, ən əvvəl, sosialyönümlü xərclərin artırılması ilə müşayiət olunaraq mühüm sahələr üzrə özünü qabarıq surətdə göstərir. 2003-cü ildən bəri Naxçıvan Muxtar Respublikasında təhsilə çəkilən xərclər 5,1 dəfə, səhiyyə sahəsinə çəkilən xərclər 5,5 dəfə artmış, ümumilikdə, 95 təhsil və 85 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu dövrdə muxtar respublikada əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə çoxalmış, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir.
İqtisadi yüksəliş, sosial tərəqqi və mədəni intibah Naxçıvan Muxtar Respublikasının tarixi nailiyyətlərindəndir. Öz qətiyyətli rəhbəri ilə bunları reallığa çevirən naxçıvanlılar ölkə Prezidenti cənab İlham Əliyevi muxtar respublikaya hər səfərində yeni quruculuq ünvanları ilə sevindirirlər. “Mən çox şadam ki, qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar tikilir, xiyabanlar salınır”, – deyən ölkə başçısı muxtar respublikanın ərazicə böyük torpaqdan ayrı düşsə də, daim onunla birgə yaşayıb inkişaf etdiyini, ölkəmizin inkişaf edən regionları arasında həmişə öz əhəmiyyətini və xüsusi çəkisini qoruyub saxladığını vurğu ilə qeyd edir. Bu, Naxçıvanın qəhrəman keçmişinə və bu gününə verilən layiqli qiymət, gələcək uğurlarına yüksək zəmanətdir.
Əli CABBAROV