Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan Naxçıvanqalada əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın divarları, bürcləri, qalanın giriş hissəsi bərpa olunmuşdur.
Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə burada yeni muzey yaradılmışdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilmiş dairəvi muzey binasında işlər başa çatdırılmış, fasad milli ornamentlərlə bəzədilmişdir. Muzeyin daxilində vitrinlər qurulmuş, Naxçıvanın müxtəlif tarixi dövrlərini özündə əks etdirən eksponatlar yerləşdirilmişdir.
Qalanın bərpasında isə “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları çalışmışlar. Ümumi uzunluğu 1750 metr olan qala divarlarında işlər tamamlanmış, kompleks daxilində abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Hazırda işıqlandırma sistemlərinin qurulmasında son tamamlama işləri görülür.
Məlumat üçün bildirək ki, ötən əsrin ortalarında Naxçıvanqalada aparılmış tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, saxsı qablar və Tunc dövründə (eradan əvvəl 3-2-ci minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Qeyd olunanlar sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Səbuhi HƏSƏNOV