22 Dekabr 2024, Bazar

Vergi cəmiyyətin inkişafında formalaşmış əsas iqtisadi münasibətlərdən biridir. Vergi sistemi iqtisadiyyatın tənzimlənməsində, büdcə gəlirlərinin formalaşmasında, qiymətlərin tənzimlənməsində və inflyasiyanın qarşısının alınmasında dövlət maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların, əhalinin müxtəlif təbəqələrinin təminatı da müəyyən qədər verginin səmərəli fəaliyyətindən asılıdır. Naxçıvan Muxtar Respublikasının vergi orqanları da öz fəaliyyətlərini vergi daxilolmaları üzrə proqnoz tapşırıqlara əməl edilməsi ilə, bütövlükdə, muxtar respublika iqtisadiyyatında davam edən müsbət dinamikanın qorunub saxlanılması istiqamətində qurmuşdur. Yola saldığımız 2012-ci ildə bu sahədə görülmüş işlər bunu deməyə əsas verir.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən bildirdilər ki, muxtar respublika iqtisadiyyatında müsbət tendensiyalar davam etdikcə dövlət büdcəsinə vergi daxilolmaları da artmaqdadır. Ötən il Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 107,2 faiz əməl olunmuş, bütün yerli vergi orqanları üzrə proqnozlar artıqlaması ilə icra edilmiş, dövlət büdcəsinə vergi daxilolmaları 2011-ci illə müqayisədə 3 milyon 376 min 300 manat və ya 8,4 faiz artmışdır. Ümumi vergi daxilolmalarının 24 milyon 539 min 300 manatı və ya 56,1 faizi əlavə dəyər vergisinin, 11 milyon 625 min 900 manatı və ya 26,6 faizi isə fiziki şəxslərin gəlir vergisinin payına düşmüşdür.

Ölkəmizdə aparılan iqtisadi siyasət qazanılmış uğurların daha da möhkəmləndirilməsini və muxtar respublika iqtisadiyyatının şaxələndirilməsini təmin etmişdir. Buna görədir ki, muxtar respublikada ümumi vergi daxilolmalarının 44,1 faizi yerli vergi orqanlarının payına düşmüş, iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar həmin sahələrdən vergi daxilolmalarının artımı ilə nəticələnmişdir. Belə ki, ötən 2012-ci il ərzində təkcə tikinti, rabitə, qaz və elektrik enerjisi sahələri üzrə vergi daxil­olmaları 18 milyon 234 min manat olmaqla, ümumi daxilolmanın 41,7 faizini təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 4 milyon 644 min 900 manat və ya 34,2 faiz çoxdur. Muxtar respublikada özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 2011-ci ilə nisbətən 1,4 faiz artaraq 60,1 faizədək yüksəlmişdir. Özəl sektora göstərilən dövlət dəstəyinin nəticəsidir ki, sadələşdirilmiş vergi ödəyiciləri olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən dövlət büdcəsinə 1 milyon 695 min 600 manat məbləğində vergi ödənilmişdir. 
Bundan başqa, sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “bir pəncərə” prinsipinin tətbiqi də öz bəhrəsini verməkdədəir. Belə ki, ötən il 19 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 2 qeyri-kommersiya təşkilatı vergi uço­tuna və 1325 fiziki şəxs sahibkarlıq uçotuna alınmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 74,2 faizi muxtar respublikanın rayonlarının payına düşür ki, bu da özəl sektorun inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Dövlətimiz tərəfindən vergi orqanları qarşısında nəzarət və ma­arifləndirmə tədbirlərinin təşkili kimi mühüm vəzifələr qoyulmuşdur. Ötən il muxtar respublikanın vergi orqanlarının əməkdaşları tərəfindən əhali arasında ardıcıl şəkildə maarifləndirmə və məlumatlandırma işləri aparılmış, vergi ödəyiciləri ilə müntəzəm görüşlər keçirilmiş, onların rəy və təklifləri dinlənilmişdir. Bu tədbirlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilərin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da artmasına səbəb olmuşdur. Bundan əlavə, vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 53 min 238 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və inzibati cərimə məbləği kəsilmiş, bu məbləğin büdcəyə ödənilməsi təmin edilmişdir.
Ötən il muxtar respublikada istehlakçıların hüquqlarını müdafiə etmək, ticarət, iaşə və xidmət sahələrində əhalidən ödəniş şəklində daxil olan nağd pul vəsaitlərinin qəbulunu və qeydiyyatını qaydaya salmaq, vergilərin büdcəyə tam daxil olmasını təmin etmək məqsədilə əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə nəzarətdə saxlanılmış, ilin əvvəlindən 222 nəzarət-kassa aparatı quraşdırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikasında nağdsız ödəmələrin xüsusi çəkisinin artırılması istiqamətində verilmiş tapşırıqlara müvafiq olaraq, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və POS-terminallardan istifadənin gücləndirilməsinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən bütün rayonlarda işçi qruplar yaradılmışdır. İşçi qruplarının və muxtar respublikanın bank orqanları əməkdaşlarının iştirakı ilə birgə POS-terminal quraşdırılacaq təsərrüfat subyektlərində seminarların keçirilməsinə başlanılmışdır. Muxtar respublikada nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən sistemli tədbirləri diqqət mərkəzində saxlayaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması işlərinə başlanılmışdır.
İşəgötürənlər tərəfindən muzdla çalışan işçilərin əmək hüquqlarının pozulmasına qarşı mübarizə tədbirləri ilə bağlı verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq, aidiyyəti orqanlarla birlikdə tədbirlər davam etdirilmişdir. 2012-ci ildə bu istiqamətdə 268 yeni əmək müqaviləsinin bağlanması, 833 əmək müqaviləsində isə göstərilən əməkhaqqı məbləğinin reallığı əks etdirmədiyinə görə düzəlişlərin aparılması təmin edilmişdir. Bunun nəticəsində fiziki şəxslərin əmək haqqından tutulan gəlir vergisi məbləği 2011-ci ilə nisbətən 4777 manat artaraq 113 min 203 manat olmuşdur.
Vergidənyayınma hallarına elektron nəzarətin tətbiqinin nəticəsidir ki, 24 min 969 bəyannamə elektron qaydada təqdim edilmiş, 364 bəyannamə üzrə kameral və analoji hesablamalar aparılmaqla vergilərin düzgün hesablanmaması aşkar edilərək 415 min 530 manat məbləğində əlavə vəsait hesablanmış və ödənilməsi təmin edilmişdir. Muxtar respublikada vətəndaşlarla dövlət orqanları arasında əlaqələrin sıxlaşdırılmasına xidmət edən elektron xidmətlərin siyahısının genişləndirilməsi elektron ödəniş sistemlərindən istifadə sahəsində ma­arifləndirmə işlərinin daha da artırılması zərurətini yaratmışdır. Vergidənyayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və bələdiyyələrə metodik köməklik göstərilməsi istiqamətində muxtar respublika bələdiyyələri ilə də əməkdaşlıq davam etdirilmiş, onlarla 15 görüş keçirilmiş, maarifləndirmə məqsədilə bələdiyyələrdə yerli vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri onlara izah edilmişdir.

Bütün bu istiqamətdə aparılan işlərə dəstək olaraq ötən il muxtar respublikada vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində tədbirlərə üstünlük verilmişdir. Vergi ödəyicilərinin vergilərə dair lazımi vəsaitlərlə təmin olunmaları, onların Vergi Məcəlləsinə edilən dəyişikliklərlə vaxtında məlumatlandırılmaları vergi qanunvericiliyinə ciddi əməl edilməsi və vergilərin tam məbləğdə hesablanıb büdcəyə köçürülməsi ilə nəticələnmiş, bu sahədə olan qanun pozuntuları minimuma endirilmişdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR