Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə bir sıra addımlar atılır. Atılan bu addımların əsas mahiyyəti muxtar respublikada kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və əhalinin yerli məhsullara olan ehtiyacının tamamilə ödənilməsindən ibarətdir. Bu məqsədlə yeni bank və bank filiallarının yaradılması və onların əhatə dairəsinin genişləndirilməsi, xüsusilə kənd təsərrüfatı sahəsində çalışan fərdi torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə mikrokreditlərin verilməsinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.
Xəbər verdiyimiz kimi, aprelin 1-də Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialı fəaliyyətə başlamışdır. Şərur, Sədərək və Kəngərli rayon sahibkarlarının kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsində mühüm rol oynayacaq “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin növbəti filialının yaradılması Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin sevincinə səbəb olmuşdur. Belə ki, aprelin 3-də bankın Culfa rayon filialı da fəaliyyətə başlamışdır. Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirmişdir ki, Culfa şəhərindəki “Təbriz” küçəsində fəaliyyət göstərəcək bank filialında müasir avadanlıqlar quraşdırılmış, müştərilərə yüksəksəviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan kiçik maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ilin yanvar ayından etibarən kənd təsərrüfatı və biznes üçün verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmişdir. Kiçikhəcmli kreditlərin verilmə prosedurları isə sadələşdirilmişdir. Həyata keçirilən tədbirlər adıçəkilən rayonlarda sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsi ilə bərabər, muxtar respublikada kənd təsərrüfatının inkişafına da stimul verəcəkdir.
Xəbərlər şöbəsi