22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə, həmçinin fermerlərə bitkiçilik və heyvandarlıq sahələrində mövsümlə bağlı aşağıdakı işlərin görülməsini tövsiyə edir.

Meyvə və üzüm bağlarında

Aran bölgələrindəki meyvə bağlarında suvarma aparılmalı, dağlıq bölgələrdə isə budama işləri başa çatdırılmalıdır. Bundan başqa, tezyetişən sortlarda vegetasiya inkişafı müşahidə edilərsə, hava şəraiti nəzərə alınmaqla bar orqanlarının şaxtadan mühafizə edilməsi məqsədilə ağac cərgələri aralarında şaşkalar yandırmaq lazımdır. Çətin yanan bitki qalıqları, küləş və ya yaş odun yandırmaqla tüstüləndirmə aparmaq da məqsədəuyğundur.
Dağlıq ərazilərdə becərilən gec oyanan meyvə ağaclarında sortdəyişmə məqsədilə calaq işləri aprel ayının ilk ongünlüyündə aparılmalıdır.

Bu aydan etibarən üzüm bağlarında tənəklərin üstü açılmalı, quru budama və dər­manlama işləri görülməlidir (1 faizli DNOK və 2 faizli nitrofenlə, yaxud əvəz­edicisi ilə). Bundan sonra tənəklərin dibi açılır, şeh köklər kəsilib çıxarılaraq suvarma işi aparılır. Çox keçmədən tənəklərin quru bağlanması işləri görülür, cərgələrin arası şum edilir və şırımlar açılır.   
Əkinçilikdə
Şumqaldırma və əkin işləri davam etdirilməli, əkilmiş sahələr suvarılmalıdır. Eyni zamanda toxumla əkilən tərəvəzlərin və dənli-paxlalı bitkilərin toxumları əkindən əvvəl dərmanlanmalı, əkin üçün sahələr hazırlanmalıdır.
Toxumluq kartof yumruları dərmanlanaraq əkin işi aparılmalıdır. Tərəvəz (şitillə əkilən) və bostan bitkiləri üçün torpaq hazırlıqları aparılmalı, bostan bitkilərinin əkini keçirilməlidir.
Qarğıdalı əkini üçün sahələr seçilməli, şumaltına gübrələr verilməklə şum qaldırılmalı, toxum dərmanlanaraq əkin işi aparılmalıdır.
Payızlıq taxıl əkini sahələrində suvarmalar aparılmalı, zəmilərdə alaq otlarına qarşı kimyəvi tədbirlər görülməlidir. Bunun üçün 2,4 D amin duzu (hektafermin) herbisindən istifadə olunması məsləhətdir.  

Heyvandarlıqda

Maldarlıqda yanvar ayında mayalanmış inək və düyələrin boğazlığını müəyyən etmək üçün rektal müayinə aparılmalıdır. Boğaz olmayanlar təkrar mayalanma üçün zoobaytar müayinəsindən keçirilməlidir. Bu ayın əvvəlində yeni bala doğmuş heyvanların məhsuldarlığını artırmaq məqsədilə onların yem payına qidalı maddələrin əlavə olunması davam etdirilməlidir.
Qoyunçuluq təsərrüfatında yun qırxımı işlərinə hazır­lıq görülməli, əvvəlcə gümrah heyvanların qırxımına başlanmalıdır.
Quşçuluq təsərrüfatında quş damlarının temperaturunu müəyyənləşdirmək və quşlara veriləcək yemin tərkibini düzgün nizamlamaq məqsədilə təsərrüfat üçün quşların götürülməsi davam etdirilməlidir. Qeyd edək ki, təsərrüfata götürüləcək cücələrin yaş həddi 6-10 gündən artıq olmamalıdır.
Arı ailələri çiçəklərin bol olduğu müşahidə edilən ərazilərə köçürülməli, gücü zəif, anasız arı ailələri ana arılı zəif ailə ilə birləşdirilərək normal gücə gətirilməlidir. Bundan başqa, yem ehtiyatı az olan ailələrə ballı və güləmli ramkalar verilməli və ya belə arı ailələri 1:1 nisbətində vitaminli şəkər şərbəti ilə mütəmadi yemlənməlidir.
Heyvandarlıq təsərrüfatında bu ayda sanitar-gigiyena qaydalarına əməl edilməklə yanaşı, epizootik plana uyğun baytarlıq tədbirlərinin görülməsinə xüsusilə ciddi diqqət yetirilməlidir.   

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR