22 Dekabr 2024, Bazar

“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılmışdır. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılmış, müəssisə 2008-ci ilin oktyabr ayında istifadəyə verilmişdir. Eyni zamanda 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sexi tikilmişdir.
İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hyundai” markalı soyuducu kamerası olan avtomobil alınmışdır. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilmiş, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılmışdır. Bu da istehsal edilən pivəni 6 ayadək saxlamağa imkan verir.

Müəssisədə daha bir istehsal sahəsinin yaradılması – sərinləşdirici içkilərdən kvas və limonad istehsalı üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin avqust ayında 300 min manat güzəştli kredit ayrılmış, müasir tələblərə cavab verən istehsal sahələri inşa olunmuşdur. Burada  gündəlik istehsal gücü 1 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılmış, 2012-ci ilin mart ayından kvas istehsalına başlanılmışdır. Kvas istehsalı üçün lazım olan xammal  Rusiya Federasiyasından alınır, maqneziumsuz su isə Kəngərli rayonunun Çalxanqala kəndindəki bulaqlardan xüsusi maşınlarla daşınır. Xammal  qaynadılmış su ilə xüsusi avadanlıqlarda qarışdırılır, ayrı-ayrı çənlərdə 3 gün müəyyən olunmuş temperaturda saxlandıqdan sonra istehsala buraxılır. Ötən ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, Gürcüstan Respublikasından limonad istehsalı sahəsində qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla mart ayında 4 çeşiddə limonad istehsalına başlanılmışdır. Yeni istehsal sahələrinin yaradılması ilə müəssisədə 10, xidmət sahələrində isə 50 yeni iş yeri açılmışdır. Ümumilikdə, müəssisədə 35, xidmət sahələrində isə 200 nəfərdən çox işçi çalışır.
10 çeşiddə pivə istehsal etmək imkanı olan müəssisədə hazırda açıq və tünd olmaqla, 2 çeşiddə pivə istehsal olunur. İstehsal edilən pivə 0,33, 0,5 litrlik şüşə, 1 litrlik plastmas və  25, 50 litrlik çəlləklərdə, kvas 0,5, 1 litrlik plastmas, 25, 50 litrlik çəlləklərdə, limonad isə 0,5, 1 litrlik plastmas butulkalarda “Prestij” əmtəə nişanı ilə satışa çıxarılır.
İsti yay aylarında əhalinin sərinləşdirici içkilərə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində kvas və limonadın satışı üçün soyuducularla təmin olunmuş xüsusi şkaflardan ibarət səyyar satış mərkəzləri yaradılacaqdır.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv ötən il 2012-ci illə müqayisədə 6 min dekalitr çox – 47,1 min dekalitr pivə istehsal etmişdir. Eyni zamanda istehsal edilən məhsulun satışında da irəliləyişə nail olunmuş, 2012-ci illə müqayisədə 3,6 min dekalitr çox – 45 min dekalitr pivə satılmışdır. Müəssisədə istehsal olunan kvas və limonadın tanıdılması istiqamətində də işlər davam etdirilmiş, ötən il 0,6 min dekalitr kvas, 4,1 min dekalitr limonad istehsal edilmişdir.
Gələcəkdə müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında da satışa çıxarılması planlaşdırılır.     
Muxtar respublikamızın sosial-iqtisadi inkişafında və daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatında fərqlənən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Biznesdə uğur-2013” mükafatının “İlin şirkəti” nominasiyası üzrə qalibi olmuşdur.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR