22 Dekabr 2024, Bazar

Aprelin 1-də Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialı fəaliyyətə başlamışdır. Yeni yaradılmış filial vasitəsilə əhalinin, sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Zəruri avadanlıqlarla təmin olunmuş bank filialında müştərilərə növbəlilik sistemi vasitəsilə bütün bank xidmətləri göstəriləcəkdir. Mühasibat-əməliyyat və kredit şöbələrinin xidmətlərindən istifadə edən müştərilər eyni zamanda burada plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və sair əməliyyatlardan yararlana biləcəklər.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bizimlə söhbətində filialın yaradılmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2014-cü ilin yanvar ayından etibarən kənd təsərrüfatı və biznes üçün verilən kreditlərin faiz dərəcələri 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilmə prosedurları isə sadələşdirilmişdir.

Şərur, Sədərək və Kəngərli rayon sahibkar­larının kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsində mühüm rol oynayacaq bank filialı kənd təsərrüfatının inkişafına stimul verəcəkdir. 2013-cü ildə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən kənd təsərrüfatına verilmiş kreditlərin həcmi 29 milyon 700 min manat təşkil etmişdir. Cari ilin yanvar-fevral aylarında isə, ümumilikdə, kənd təsərrüfatına 2 milyon 338 min 850 manat həcmində kredit verilmişdir. Muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə məhsul istehsalının artırılması, daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi məqsədilə verilən bu kreditlərin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 15 min 650 manat artım olmuşdur.
Səbuhi Məmmədov onu da vurğuladı ki, kredit alan sahibkar və fərdi torpaq mülkiyyətçiləri götürdükləri kreditləri öz təyinatı üzrə düzgün istifadə etməli, kreditlərin müəyyən edilmiş müddətlərdə qaytarılması təmin olunmalıdır.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR