“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, paytaxt Naxçıvan şəhərində abadlıq və təmir-bərpa işləri sürətlə davam etdirilir. Bu tədbirlər Naxçıvan şəhərinin “İstiqlal” küçəsini də əhatə edib.
Adıçəkilən ünvandakı 87 nömrəli ictimai yaşayış binasında aparılan yenidənqurma işləri “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Binaya sonradan əlavə edilmiş artırmalar sökülüb, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə yaşayış sahələrinin tikintisinə başlanılıb. Tikilinin davamlılığını artırmaq üçün binanın ön hissəsi 4 metr hündürlükdə olan dəmir-beton vasitəsi ilə möhkəmləndirilib. Hazırda girişlərdəki su, elektrik, telefon xətləri yenilənir və suvaq işləri aparılır.
Binanın 3 metr enində, 47 metr uzunluğunda genişləndirilməsi nəzərdə tutulub. Bu tədbir ilk iki mərtəbədə başa çatdırılıb. Yaxın günlərdə dam örtüyünün dəyişdirilməsinə başlanılacaq, bina üzlənəcəkdir.
Xəbərlər şöbəsi