Sloveniya Respublikasının geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya Biznes-Forumu keçirilib. Tədbirdə Azərbaycan və Sloveniya tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Biznes-forumda Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyi, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində ölkəmizlə Avropa Komissiyası arasında assosiasiya sazişinin müzakirə olunduğu, müxtəlif yardım layihələrinin həyata keçirildiyi, Avronest-Parlamentlərarası forumun fəaliyyət göstərdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Adıçəkilən tədbirdə Naxçıvan Muxtar Respublikasının da müxtəlif sahibkarlıq subyektlərinin – “Gəmiqaya Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Aki Farma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı filialının, “Dizayn Holdinq” Şirkətlər İttifaqının Bakı filialının, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı ofisinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin Bakı filialının nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eləcə də perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadi
İnkişaf Nazirliyinin mətbuat xidməti