Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış edərək bildirmişdir ki, daxili bazarın yüksək keyfiyyətli yerli ət və süd məhsulları ilə təmin olunmasında mühüm rol oynayan baytarlıq xidməti ötən il də uğurla davam etdirilmiş, sağlam təsərrüfatların qorunub saxlanılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərilmişdir. Epizootik tədbirlər planına uyğun olaraq, xroniki xəstəliklərdən brusellyoza qarşı 53 min 784 baş iribuynuzlu və 90 min 294 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmişdir.
Qeyd olunmuşdur ki, xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmışdır.
Baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən profilaktik dezinfeksiya, dezinseksiya və derotizasiya işləri günün tələbləri səviyyəsində qurulmuş, 11 min 474 obyektdə 794 min 700 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri yerinə yetirilmişdir.
Baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 52 min 165 ədəd patoloji nümunələrin müayinəsi aparılmışdır. Əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün Baytar-Sanitar Ekspertiza laboratoriyalarında və baytarlıq laboratoriyalarında 1879 patoloji nümunələr infeksion xəstəliklərə görə bakterioloji müayinədən keçirilmişdir.
Mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən, ümumilikdə, 1351 baş cins mal-qara gətirilmiş, süni mayalanma yolu ilə 13 min 483 baş cins buzov alınmışdır. Süni mayalanma işinin təşkili və əhəmiyyəti ilə bağlı baytar mütəxəssislər tərəfindən sahibkarlar arasında təbliğat işləri davam etdirilir.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında xidmətin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Mehdi Əliyevin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadovun, şəhər və rayon Baytarlıq idarələri rəislərinin çıxışları olmuşdur.
Xəbərlər şöbəsi