Naxçıvan Muxtar Respublikasında torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi ötən ilin dekabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra olunub.
Ötən ay ərzində 697 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 584 texniki sənəd hazırlanıb, yeni yaranmış 40 daşınmaz əmlak obyektinə ünvan verilib, 96 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Culfa və Babək rayonları ərazisində qapalı suvarma şəbəkəsinin çəkilməsi üçün layihələndirilən ərazilərin topoqrafik planları, eləcə də 39 dislokasiya xəritəsi hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1387 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Xanlıqlar, Babəki, Təzəkənd, Vayxır, Tənənəm, Vərməziyar, Stansiya Daşarx, Kəngərli rayonunun Xok, Yeni Kərki kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Şərur rayonunun Tumaslı, Püsyan, Dərvişlər kəndlərinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində monitorinqlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinin mətbuat xidməti