30 Dekabr 2024, Bazar ertəsi

Ötən il muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, digər sahələr kimi, kənd təsərrüfatının da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min hektardan artıq sahədə əkin aparılmışdır. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil etmiş, zəmilərdən 103 min tondan artıq məhsul yığılmışdır.


Qarğıdalı əkinlərinə də diqqət artırılmış, məhsulun vaxtında toplanması üçün tədbirlər görülmüş və tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Ötən il 2150 hektar qarğıdalı sahəsindən 21 min tona yaxın məhsul tədarük edilmiş, hər hektarın orta məhsuldarlığı 96 sentner olmuşdur. Bostan-tərəvəz məhsullarına olan tələbat da nəzərə alınmış, muxtar respublika üzrə 6203 hektar sahədə tərəvəz, 2479 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, 102 hektar yeni meyvə bağı salınmışdır. Bundan başqa, 3470 hektar sahədə kartof, 52 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 7 və 16 faiz çoxdur.
Muxtar respublikada əkinçiliyin inkişafında başlıca amil olan toxumçuluq sahəsi də dövlət qayğısından kənarda qalmamış, torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğun toxumlarla təminatı sahəsində ardıcıl tədbirlər görülmüşdür. 2021-ci il iyulun 15-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təminat kənd təsərrüfatının davamlı inkişaf etdirilməsində fəal iştirak etmək baxımından torpaq mülkiyyətçiləri və fermerlər üçün böyük stimuldur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınmış, 346 texnika lizinq və nağd yolla satılmış, məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin edilmişdir.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması və münbitliyin artırılması əkinçiliyin inkişafına əhəmiyyətli təsir göstərmişdir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın icrası diqqətdə saxlanmış, Kəngərli rayonunun Böyük­düz kəndində 363 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilmişdir. Şahbuz rayonunun Külüs, Nursu və Mahmudoba kəndlərinin ərazisində 340 hektar sahəni su ilə təmin edən nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Ötən dövrdə muxtar respublikanın şəhər və rayonlarında dövlət ehtiyat fondu və qış otlaq sahələri üzrə 8583 hektar əkinəyararsız torpaq sahələri xəritələşdirilmiş, muxtar respublika ərazisindəki 214 kilometr kanalın və 429 kilometr kollektor-drenaj şəbəkəsinin əhatə etdiyi ərazilərin topoqrafik planları hazırlanmışdır.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR