22 Dekabr 2024, Bazar

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açaraq məruzə ilə çıxış edən nazir Hafiz Yaqubov bildirmişdir ki, 2012-ci ildə muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilmişdir.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi, icrasına nəzarət diqqətdə saxlanılmışdır. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 27 müəssisəyə 28 min 764 manat məbləğində ekoloji ödəmə haqqı tətbiq edilmiş, ötən müddət ərzində ödənişin tam icrasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılmışdır. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama aparılmışdır.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 35 yoxlama-reyd keçirilmiş, 12 qanunazidd hal aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
“Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 3 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 3,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 2 hektar meyvə (cəviz, badam, şaftalı, alma, armud) bağları salınmışdır”, – deyən Hafiz Yaqub­ov bu tədbirlərin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun icra olunduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, dövlət meşə fondu torpaqlarında, meşə fonduna daxil olmayan təbiət ərazilərində mövcud yaşıllıqların qorunması, bərpası və artırılması sahəsində tədbirlər davam etdirilmişdir. Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunmasında ən mühüm ekoloji tədbir kimi meşəsalma, meşəbərpa tədbirlərinə xüsusi diqqət göstərilir. 2012-ci ilin yaz-əkin mövsümündə 268 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa tədbirləri həyata keçirilmiş, 262 min ədəd ting əkilmişdir. 2012-ci ilin payız əkini mövsümündə də yaşıllaşdırma tədbirləri davam etdirilmiş, ümumilikdə, 2012-ci ildə 525 hektar sahədə yeni meyvə bağları, meşə massivləri və yaşıllıq zolaqları salınmış, 350 min 795 ədəd ting əkilmişdir. 
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, ətraf mühit komponentlərinə zərərli təsirlərin öyrənilməsi və ekoloji qiymətləndirilməsi məqsədilə 68 ekoloji monitorinq-yoxlamalar aparılmışdır. Torpaqların münbitliyinin, geobotaniki tərkibinin qorunması, xüsusilə torpaqların çirklənməsinə səbəb olan məişət və sənaye tullantılarının düzgün toplanılması, anbarlaşdırılması işinə nəzarət edilməsi üçün 22 yoxlama-monitorinq aparılmış, müəyyən edilmiş qanunazidd hallar aradan qaldırılmışdır.
Muxtar respublika ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə insanların diqqətini artırmaq məqsədilə ekoloji maarifləndirmə tədbirləri davam etdirilmişdir.
İclasda işdə buraxılmış nöqsanlara da toxunulmuş, 2013-cü ildə əmək intizamının yüksəldilməsi, iş planına uyğun şəkildə lazımi tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün nazirlik əməkdaşlarının işə məsuliyyət hissi ilə yanaşaraq çalışmalarının vacibliyi diqqətə çatdırılmışdır.
Sonra nazirliyin müxtəlif şöbə və strukturlarının rəhbərləri məruzə ətrafında çıxışlar etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev kollegiya iclasında çıxış etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR