“Gecədən xeyli keçmişdi. Hava tutqun olduğundan ətraf zil qaranlığa bürünmüşdü. Çöldə tüğyan edən külək, sanki gücünü göstərirmiş kimi öz vıyıltısını köhnə qapı və pəncərələri cırıldadaraq içəri doldururdu. Arif kişi pəncərənin kənarında oturub düşüncəyə dalmışdı. Onu düşündürən və narahat edən təkcə güclü küləyin evinin dam örtüyünü sıradan çıxarması deyildi. O, ailəsinin dolanışığını təmin etdiyi əkin sahəsini fikirləşirdi. Onsuz da Arif kişi əkin apardığı sahəni suvara bilmədiyi üçün məhsul xeyli az olacaqdı, biçin vaxtı da yetişdiyindən texnika olmadığı üçün məhsulu əl ilə biçməyə məcbur olacağını da bilirdi. Axı o, keçən il də bu problemlə üzləşmişdi. Nəticədə, götürdüyü məhsul gələn ilin toxumluğuna belə, çatmamışdı. Ötən il olduğu kimi, bu il də o, toxumluq buğda, su və texnika üçün müvafiq yerlərə müraciət etsə də, dadına çatan olmamışdı. Otağa daxil olan ömür-gün yoldaşının qapını cırıldatması Arif kişini düşüncələrindən ayırdı. Başını qaldırıb hisdən qaralmış çırağın şüşəsinə diqqət yetirdi. Çırağı əlinə götürüb neftini yoxladı və fərqinə vardı ki, artıq yanacağı qurtarmaq üzrədir. Güllü xanıma üzünü tutaraq: – Güllü, o neftdən bir az gətir, çıraq bir azdan tamamilə sönəcək, – dedi.
Güllü xanım həyat yoldaşının problemlərlə dolu düşüncələrinə birini də əlavə etməmək üçün bir az səssizcə gözlədi. Ona zillənmiş gözlərin parıltısından yaxa qurtara bilməyəcəyini hiss etdiyindən:–Artıq neftimiz də qurtarıb, dünən bidonun dibində qalanı da çırağa tökmüşdüm. Yenidən neft tapana qədər qaranlıqda qalacağıq, – dedi və sözünə davam etdi: – Balaca oğlan da xəstələnib, deyəsən, qızdırması var. Sabah onu xəstəxanaya aparmaq lazımdır.
–Əgər bu gün yağış yağsa, palçığın dizə qədər qalxdığı kəndin yolları ilə xəstəxanaya getmək mümkünsüz olacaq,–deyə Arif kişi bu sözləri dilə gətirə bilmədiyi üçün naəlac bir vəziyyətdə düşünməyə davam etdi və bir anda onu diksindirən güclü göy gurultusu hədər yerə narahatlıq keçirmədiyinin sübutu oldu”.
Türkeş kənd sakini Arif Hüseynovun keçmişin tozlu vərəqləri arasında qalan xatirələri əsasında yazdığım qısa hekayə o dövrdə hər bir sakinin günlük problemlərinin, sadəcə, az bir qismi idi. Ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində istər şəhər və qəsəbələrimiz, istərsə də kəndlərimizdə uçuq-sökük binalar, yararsız tikililər, çala-çökək yollar, daş-kəsəkli səkilər və tikan-qanqal basmış ərazilər, əkilməyən torpaqlar gözdağına çevrilmişdi. İllər öncə insanların necə çətin bir vəziyyətdə yaşadıqlarını dinlədikcə bu gün ilə müqayisə edərək düşünürsən ki, insan möcüzələr yaratmağa qadirdir. Bunun üçün, gərək, vətənpərvərlik, qurub-yaratmaq istəyi, əzm və fədakarlıq olsun. Artıq bütün çətinliklər geridə qalıb. Sakinlər müasir Naxçıvanın firavan günlərini yaşayırlar. Çünki bu gün Naxçıvanın bütün sosial-iqtisadi, infrastruktur və hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır. Naxçıvan uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın ümummilli liderin ideyalarının işığında uğurlu, dinamik inkişafı təmin edilir.
Ölkə başçısı cənab İlham Əliyevin növbəti Naxçıvan səfəri dünyanın pandemiya sınağına çəkildiyi, iqtisadi böhran yaşadığı bir dövrdə müharibədən yenicə çıxmış Azərbaycanda muxtar respublikanın timsalında sosial-iqtisadi inkişafın əvvəlki dinamik templə davam etdiyini təsdiqləmiş oldu. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədova “Rekordsmen diyarım” adlı təhlili məqaləsində muxtar respublikanın dünəni və bu gününü oxuculara xatırladaraq yazır: “Düz 30 ildir, tarix zamanın blokada Naxçıvanını sinəsinə alıb. Onu anası Azərbaycana aparan yolları qapayıb. Bu, sənin üçün bir sınaqdı, diyarım. Bu sınaqdan da üzüağ çıxmısan, şükürlər olsun. Sən elə bir tarixi dövr keçirsən ki, bu, bütün dünya tarixində bir ilkdir. Sən illər sonra dünya tədqiqatçılarının mövzusuna çevriləcəksən. Blokada və inkişaf... Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mayın 10-da qalib ölkənin ilk Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı bu inkişafı təsdiqləyən dəyərli fikirləri: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”. Bu, tarixin hansı dönəmində görülüb? Hansı diyar əli anasının əlindən kənarda ayaqları üzərində dura bilib? Üstəlik, gözəlliklər məkanına çevrilib? Hansı diyar çıraq işığının qaranlığını əlləriylə boğaraq özünü nura boyayıb? Hansı diyar sənintək 30 ilin əvvəlindəki aclıqdan, səfalətdən ixracatçıya çevrilib? Hansı diyardır ki, öz əlləriylə ağacları kəsib sobada yandırıb, övladlarını ölümdən xilas edib və bir neçə il sonra həmin övladların əlləriylə diyarını yaşıllıqlar məskəninə çevirib? Hansı diyardır, söylə?”
Bu məqaləni oxuyan hər bir kəsə ünvanlanan bu suallar qarşısında tək bir cavab verilə bilər: O diyar Naxçıvandır!
Bəli, bu gün muxtar respublikamızın hər guşəsi, hər qarışı özünün görünməmiş abadlıq və quruculuq mərhələsini yaşayır. Bu quruculuq və abadlıqdan yetərincə pay alan Şahbuz rayonu da buraya üz tutan insanları özünün təsərrüfat qayğılarının aşıb-daşdığı, hər küçədə quruculuq işlərinin vüsət aldığı bir an ilə qarşılayır. Muxtar respublikamızın bütün bölgələri kimi, Şahbuzun da timsalında müstəqillik illərinin mənzərəsinə tamaşa etməyimiz kifayətdir ki, inkişafın, quruculuğun, tərəqqinin zamanı necə qabaqladığının şahidi olaq. Reallıq odur ki, öz torpağına, elinə bağlı insanların gərgin zəhməti sayəsində insanları narahatlıq məngənəsində sıxan xoşagəlməz hallar artıq aradan qaldırılıb. 2021-ci ilin ilk yarım ilində və yanvar-iyul aylarında Şahbuz rayonunun sosial-iqtisadi inkişafının göstəricilərinə nəzər saldıqda bütün sadalananlar öz təsdiqini bir daha tapır.
İldən-ilə həcmi genişlənən tikinti-quruculuq tədbirləri bəhs olunan dövrdə də uğurla davam etdirilib, günü-gündən gözəlləşən Şahbuzun hüsnünü quruculuq töhfələri daha da gözəlləşdirib. Belə ki, tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 0,5 faiz artaraq 12 milyon 622 min 800 manat təşkil edib.
Şahbuz şəhərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının və Şahbuz Rayon Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın inşası davam etdirilib.
Rayonda həyata keçirilən tədbirlər, turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması məskunlaşmanı daha da artırmaqla bərabər, Şahbuzun hüsnünün yaraşıqlı evlərlə bəzənməsi ilə də nəticələnib. Bu baxımdan 2021-ci ilin ilk yarım ili ərzində rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 3 min 745 yaşayış sahəsi istifadəyə verilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması bundan sonrakı dövrdə də bütün bölgələrin sakinləri kimi, zəhmətkeş şahbuzluların sosial rifahının yüksəlməsinə, məşğulluqlarının daha da artırılmasına öz töhfəsini verəcək.
Dağlıq və dağətəyi zonaları, cəlbedici flora və faunası, coğrafi şəraiti ilə diqqətçəkən Şahbuzda kənd təsərrüfatı sahələrinin inkişafı prioritet istiqamət kimi hər il diqqət mərkəzində saxlanılır, torpaqların münbitliyinin artırılması üçün görülən aqrotexniki tədbirlər, mülkiyyətçilərlə aparılan maarifləndirici söhbətlər əkilən ərazilərin miqyasının ilbəil daha da genişlənməsi ilə nəticələnir. Artıq neçə illərdir ki, fermerlərə subsidiya və gübrələrin verilməsi, texnikalarla təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə əkinçilikdə məhsuldarlığın da səviyyəsini artırır. Rayonda Türkeş və Sələsüz kəndlərində qapalı suvarma şəbəkəsinin qurulması, Külüs kəndində yeni nasos stansiyasının tikilərək sakinlərin istifadəsinə verilməsi kimi bu sahədə görülən işlər nəticəsində artıq təsərrüfat sahibləri su problemi ilə də qətiyyən üzləşmirlər. Statistik göstəricilər də belə deməyə əsas verir ki, şahbuzlular əkin-biçin işlərinə xüsusi önəm verir və əkinlərin vaxtlı-vaxtında suvarılması, düzgün aqrotexniki qulluğun göstərilməsi, son nəticədə, məhsul bolluğuna yol açıb. Qazanılan uğurlardan ruhlanan təsərrüfat adamları 2021-ci ilin məhsulu üçün 2769 hektar sahədə əkin aparmışlar. Sahələrdən 3146 ton buğda, 878 kiloqram arpa, 4309 ton dənli və dənli-paxlalılar, 2304 ton kartof, 1047 ton tərəvəz, 1387 ton meyvə tədarük edilib. Bu, bütün istehsal sahələri üzrə əvvəlki ildən xeyli çoxdur.
Şahbuz sakinlərinin əsas məşğuliyyətlərindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi burada iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının artmasına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında Şahbuz təsərrüfatçılarının istehsal etdikləri ağartı məhsulları piştaxtaları bəzəyir.
Dağətəyi otlaq əraziləri bol olan rayonda heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi təsərrüfatçılara bu istiqamətdə işlərini düzgün qurmağa imkan verir. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının, eləcə də təbii məhsul istehsalının artımına yol açır. Bu müsbət tendensiyanı bəhs olunan dövrün statistik nəticələrində də görmək mümkündür. 2021-ci ilin yanvar-iyul aylarında Şahbuz rayonunda diri çəkidə 1602 ton ət, 11386 ton süd, 10 milyon 541 min ədəd yumurta, 151,4 ton yun istehsal edilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,4 faiz, yun istehsalı 1,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta itehsalı 14,7 faiz artıb.
Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz təbiəti ilə turistləri cəlb edən bölgədir. Yazı çiçək ətirli, qışı möcüzə, yayı bir başqa mənzərə, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü, infrastruktur sahələrinin inkişafı buranı əsl turizm məkanına çevirib. Şahbuzda 140-a yaxın tarix-mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli, böyük əksəriyyətinin isə arxeoloji abidələr olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada ekoturizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq isə gözəl təbiəti, heyrətamiz coğrafi mövqeyi olan turizm üçün çox əlverişli kənddir. Burada 2013-cü ildən fəaliyyət göstərən istirahət mərkəzi kənddə turizmin inkişafına təkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq əlverişli təbii-coğrafi şəraitə malik olan Ağbulaqda kənd turizm-istirahət bölgəsinin yaradılması və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb.
Son söz
Bu gün yaşadığımız rayonda hansı sahəyə baxsaq, hansı ünvana üz tutsaq, görərik ki, quruculuq tədbirləri rayonun füsunkar təbii gözəlliklərinə əlavə naxışlar vurub və bu proses bu gün də davam etdirilir. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların qazanılması ilə keçmişdən qalan miskin görünüşü gözəlliklər əvəzləyib, ağır günlər xatirələrə çevrilib. Bütün yaradılanları görən sakinlərlə söhbət zamanı hamısı bir ağızdan qeyd edirlər ki, bu inkişaf və tərəqqi, doğrudan da, insan əlinin yarada biləcəyi ən gözəl möcüzədir. Əminliklə qeyd edə bilərik ki, burada qazanılan nailiyyətlər düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir. Bunu son hədd hesab etməyən rayon sakinləri daha yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görür, belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar.
Pərviz HACILI
“Oğuz səsi” qəzetinin redaktoru