Maşınımız sakit-sakit axan Arpaçayın sağ sahilində qərar tutan Şərur rayonunun Mahmudkəndinə doğru irəliləyir. Kəndə yaxınlaşdıqca muxtar respublikamızda həyata keçirilən aqrar islahatların digər yaşayış məntəqələri kimi Mahmudkəndə də yeni nəfəs gətirdiyinin şahidi oluruq. Yaradılan şəraitdən bu kəndin sakinləri də istifadə edərək yaşayış səviyyələrini daha da yaxşılaşdırır, sosial-iqtisadi inkişafımıza öz töhfələrini verməkdə əzmkarlıq göstərirlər. Öz torpaqlarının əsl sahibinə çevrilən insanların həyata baxışları da tamamilə dəyişib. Çünki insan qayğı ilə əhatə olunanda qəlbində qurmaq-yaratmaq eşqi olur. Elə 63 yaşlı Abdulla Heydərov da qurub-yaratmaq həvəsiylə yaşayan ailə təsərrüfatçısıdır.
Uzun illərdən bəri mehr-məhəbbətini qiymətli sərvət olan torpağa salıb. Torpağın səxavətini görüb, onun qədrini bilib, onu daimi iş yerinə çevirib. Övladlarını da bu ruhda tərbiyə edib. Bu gün onlar öz valideynləri ilə bir ailə təsərrüfatında çalışırlar. Abdulla Heydərov təsərrüfatın müxtəlif sahələri ilə məşğul olsa da, taxılçılığa daha çox üstünlük verir. Ümumiyyətlə, Mahmudkənddə bu strateji məhsulun əkilib-becərilməsinə güclü maraq var. Kəndin torpaqları da taxılçılıq üçün xeyli əlverişlidir. Torpaq mülkiyyətçilərinin su sarıdan da çətinlikləri yoxdur. Ailə təsərrüfatı başçısı deyir ki, son illər muxtar respublikamızda əkinçiliyə, eləcə də kənd təsərrüfatının digər sahələrinə marağın artması bir çox amillərlə bağlıdır. Yəni torpağa münasibət heç də boş yerdən dəyişməyib. Əvvəllər min bir əziyyətlə yetişdirməkdə olan məhsul suvarma suyu çatışmazlığı ucbatından əkinçinin, torpaq sahibinin gözü qarşısında məhv olurdu. Bir çox hallarda isə alıcı məsələsi həllini tapmadığından yetişdirilən məhsul dəyər-dəyməzinə satılırdı. İkincisi, əkinçi bilmirdi ki, yaxşı məhsuldarlığa nail olmaq üçün yüksək məhsuldarlıqlı toxum növlərini, mineral gübrələri haradan və kimdən alsın. O vaxtlar ona güzəştli şərtlərlə maliyyə dəstəyi göstərən təşkilatlar, qurumlar da yox idi. Üstəlik, əkinçinin sağ əli hesab olunan texnika çatışmırdı. Məhsul istehsalçıları sovet dövründən qalma köhnə və yararsız maşın-mexanizmlərdən istifadə etməyə məcbur idilər. İstismar müddətini başa vurmuş bu texnika ilə aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını təşkil etmək isə mümkün deyildi. Təbii ki, bu çətinliklərin müqabilində əliqabarlı əkinçinin qazancı da az idi. Əldə olunan gəlir çəkilən xərcləri ödəmirdi. Nəticədə, istehsalçı torpaqdan aralı düşürdü. Amma nə yaxşı ki, bu çətinliklərin ömrü uzun olmadı. Ötən illər ərzində muxtar respublikada müxtəlif Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər bu sahədə əməlli-başlı canlanma yaratdı. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, onların yüksəkkeyfiyyətli toxumla, gübrə və texnika ilə təmin olunması, eləcə də emal və istehsal müəssisələrinin yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən qurulması kəndlini torpağa qaytardı.
Abdulla Heydərov artıq başa çatan taxıl tədarükündə yüksək nəticə qazanıb. Onu da qeyd edək ki, o, aqrolizinq xətti ilə yeni kombayn da alıb. Sahibkar Şərur və Kəngərli rayonlarının taxılçılarına da köməklik göstərir. Pay torpağı sahəsində o həm də qarğıdalı yetişdirir. Bu sahədə də yaxşı təcrübəyə malik olan Abdulla Heydərov əkinlərə vaxtında aqrotexniki qulluq göstərdiyindən bol məhsul əldə edəcəyinə əmindir.
Onunla söhbətdə hiss etmək çətin deyildi ki, bu kənd adamı torpağa qəlbən bağlanıb. Bu illər ərzində nazını çəkdiyi bu qiymətli sərvət onun gün-güzəranını xeyli yaxşılaşdırıb.
Mövsümün qayğılarla dolu olduğunu dilə gətirən Abdulla kişidən saxladığı heyvanlara qış üçün yem tədarükü ilə məşğul olduğunu da öyrəndik. Torpaq mülkiyyətçisi xırdabuynuzlu heyvanların sayını 300, iribuynuzlu heyvanların sayını 6 başa çatdırıb. Deyir ki, heyvandarlıq da çox məsuliyyət tələb edən sahədir. Vaxtlı-vaxtında zootexniki qulluq göstərməlisən. Həmsöhbətim son illərdə muxtar respublikada baytarlıq xidmətinin səviyyəsinin xeyli yüksəldiyi üçün minnətdarlığını bildirdi. Ondan istehsal olunan heyvandarlıq məhsullarının satışında çətinliklərin olub-olmamasını soruşduqda rayon mərkəzində, Naxçıvan şəhərində təşkil olunan yarmarka və festivalların bu işdə mühüm əhəmiyyət daşıdığını dilə gətirdi.
... Bu gün qədim Şərur torpağında yüzdən çox ailə təsərrüfatı var. Hərəsi də təsərrüfatın ayrı-ayrı sahələri ilə məşğul olur, məhsul bolluğu yaradır, daxili bazara töhfələrini verirlər. Abdulla Heydərovun ailə təsərrüfatı da onlardan biridir. Qısa vaxt ərzindəki söhbətimiz boyu belə təsərrüfatlara yaradılan şəraitdən, göstərilən qayğıdan ürəkdolusu bəhs etdi. Söhbət zamanı düşüncələrimdə bir fikir formalaşdı: insan o vaxt yaxşı gün-güzəran sahibi olur ki, yaradılan şəraitdən lazımınca bəhrələnir, zəhmətdən qorxmur. Elə Abdulla Heydərov kimi...
Gülcamal TAHİROVA