Muxtar respublikada quruculuq tədbirləri genişləndikcə qədim yurdumuzun kənd yaşayış məntəqələri də öz simasını əsaslı surətdə dəyişir, ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir.
Sədərək rayonunun Dəmirçi kəndində də həyata keçirilən genişmiqyaslı təmizlik, abadlıq, quruculuq işləri uğurla davam etdirilir. Bu sırada tikilməkdə olan Mərasim evi sakinlərin yas mərasimlərini rahat keçirmələrinə şərait yaradacaq. Mərasim evi kişilər üçün 268, qadınlar üçün isə 144 yerlik olan iki mərasim zalı, yardımçı otaqlar, mərkəzi istilik sistemi, soyuducu avadanlıqlar və mətbəxdən ibarət nəzərdə tutulub. Mərasim evinin ümumi sahəsi 578 kvadratmetr olacaq.
Rayonun Sədərək kəndində də Mərasim evi inşa olunur. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amilinə ciddi diqqət yetirilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir, texniki təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır. Mərasim evi hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana və mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim evinin həyətində avtomobil parkı yaradılacaq. Hazırda binanın çölündə suvaq işləri görülür, üzlənmə işi aparılır.
Xəbərlər şöbəsi